Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 19:47

'Bakı dünyanı İkinci Dünya müharibəsində xilas edib'


C.Bəhramov
C.Bəhramov

AMEA-nın Bakıxanov adına Tarix İnstitutunun direktor müavini, tarix üzrə fəlsəfə direktoru Cəbi Bəhramov AzadlıqRadiosuna danışıb. O, söhbətə Bakının qurtuluşunun yüzilliyi barədə danışmaqla başlayıb:

- Bakının işğaldan azad edilməsi tariximizə qızıl hərflərlə yazılıb. 1918-ci ildə Bakı işğaldan azad edilənə qədər ona o qədər zərbə vurulmuşdu ki. Yəni 1723-cü ildə, sonra 1826-cı ildə, daha sonra 1918-ci ildə, 1920-ci ildə, nəhayət, 1990-cı ildə şəhər gülləbaran olunub. Bakı Azərbaycanın ürəyi olduğuna görə həmişə müqavimət göstərib, sinə gərib və nəhayət, 1918-ci il sentyabrın 15-də bir millətin, iki dövlətin nümayəndələri, hərbçiləri birləşərək onu düşmən qüvvələrdən azad edib. İyrənc (bu ifadəmi olduğu kimi saxlayın) Uinston Çörçillin məşhur ifadəsi vardı: «Neft krallıqdırsa, Bakı onun tacıdır». Həmin tacı ələ keçirmək üçün bu millətin qanını su yerinə axıtdılar. Həmin ingilislər ermənilərə pul verdilər. Bax bunların üstünü Tarix İnstitutu son 14-15 ildə akademik Yaqub Mahmudovun rəhbərliyi altında açıb. Bakının Azərbaycan xalqının ürəyində yeri ayrıdır, Bakı dünyanı İkinci Dünya müharibəsində xilas edib. Deyirlər, Bakıya niyə «qəhrəman şəhər» adı verilməyib? Mən Rusiya televiziyalarından birinə də demişəm, Bakı dünyanı, xalqları xilas edən şəhər adını almalıdır. Bakının alınması müstəsna hadisədir. Şah İsmayıl Xətai 1501-ci ildə Təbrizə girəndə «Ruhum bədənimə qayıtdı» demişdi. Bakının işğaldan qurtulması Azərbaycan xalqının ruhunun bədəninə qayıtması idi.

Balaxanıda Nobel qardaşlarının neft buruqları
Balaxanıda Nobel qardaşlarının neft buruqları

- Sizcə, Osmanlı imperiyası yardıma gəlməsəydi, Azərbaycan korpusu təkbaşına Bakını ala bilərdimi?

- Azərbaycan xalqı çox qüdrətli xalqdır. İtkilərimiz ağır olsa da, çətin olsa da, biz Bakını qaytaracaqdıq. Necə ki biz 1990-cı ildə milli faciəmizi adlayıb müstəqilliyimizi bərpa etdiksə, bunu da edəcəkdik. Amma Qafqaz İslam Ordusunun köməyi qardaş köməyi idi. O biri dövlət özü çökməkdə olsa da, qardaşının faciəli vəziyyətdə olduğunu görüb ona yardım əli uzatdı. Bir şeyi deyim ki, 1918-ci ilin sentyabrına qədər bütün Cənubi və Şimali Azərbaycanda həmin o yırtıcılar elə bir qırğın, soyqırımı törətdilər ki, nə az, nə çox, 500 mindən çox Azərbaycan türkü məhv oldu. Bunun pulunu kim verirdi? İngilislər, amerikanlar, sovet Rusiyası. Nə qədər pul ayrılıb, bununla bağlı əlimizdə sənədlər var. Bir millət göstərin 200 ildir işğal edilsin, ərazisi 6 yerə tikə parça edilsin, ona düşmən kəsiləni torpaqlarına köçürüb əlinə silah versinlər, sonra da Putini, Trampı, Makronu-filanı desin ki, danışıqlara gedin. Harada görünüb bu? Necə ki Bakını azad etdik, təkcə Qarabağı deyil, Zəngəzuru, İrəvanı da azad edəcəyik. Mən bunu bir alim kimi, vətəndaş kimi deyirəm.

- Bakı azad edilməsəydi, sonradan onu da Dağlıq Qarabağın aqibəti gözləyə bilərdimi?

- Azərbaycan xalqı güclü xalqdır, zəngin hərb tarixi var. Sizin sözünüzdən belə çıxır ki, aciz xalqıq, elə deyil. Biz təcavüzə məruz qalsaq da, özümüzü qoruya bildik. Xalqın qayğısına qalan, gələcəyini düşünən topçubaşovlar, rəsulzadələr, xoyskilər, usubbəyovlar, tağıyevlər, nağıyevlər vardı. Ağır olacaqdı, amma... Uzağa getməyin, 1988-1994-cü ilə qədərki dövrə baxın. O zaman böyük yaradan böyük xilaskarı vermişdi. Hansı bir dövlət bu qədər zərbələrdən sonra, maddi zərər dəyəndən, 30 min şəhid verəndən, 60 min insanı şikəst olandan, 20 faizi işğal ediləndən sonra ayağa qalxa, dirçələ, dövlətini qura bilərdi? Biz həmin rəsulzadələrin, xoyskilərin, topçubaşovların, tağıyevlərin övladlarıyıq.

Qafqaz İslam Ordusu Bakıda. 1918
Qafqaz İslam Ordusu Bakıda. 1918

- Bakıdakı qırğınlarda ingilisləri günahlandırırsınız, amma Azərbaycan yenidən müstəqilliyini qazananda da «Əsrin müqaviləsi»ni ingilis şirkəti BP ilə müqavilə bağlamalı oldu. Yəni siyasətdə...

- Aha, bəs ondan əvvəlki hadisələri, tarixi bilirsiniz? Bakının qara gözlərinə vurulmuşdular? Bakı tac idi, o tac üçün gəlirdilər. 1783-cü ildə bir ingilis alimi gəlir Bakıya, 16 gün qalır burda. «Bakıda neft» kitabını nəşr etdirir. O yazır ki, «cənnət deyilən şəhərə getdim, küçələri tozlu, qaranlıq idi, amma orda böyük işıq vardı, gələcəyin tacı vardı». İşıq üçün, gələcək üçün Bakıya gedirdilər də. Mən demişəm ki, Londona gedəcəm? Getmirəm, heç istəmirəm də.

- Qayıdaq bugünlərə, Bakıda parad keçirildi. Yəqin Siz də izlədiniz. Tarixçi kimi diqqətinizə nə çəkdi burda?

- Bütün səhnələr təsirli idi. Xüsusən də 1918-ci ilin hərbi atributlarını əks etdirən piyada keçidi, süvarilərin keçidi, türk ordusunun milli geyimlərdə keçidi məni vətəndaş olaraq təsirləndirdi. Ən çox da təsirləndirən cənab prezidentin (İlham Əliyevin), (Türkiyə prezidenti) Rəcəb Tayyib Ərdoğanın çıxışı idi. Təyyarələrin uçuşu, hərbi texnikanın keçidini qürurla izlədim. Möhtəşəm parad idi.

- Amma hakimiyyətin opponentlərinin, müşahidəçilərin bir iradı var, sıravi vətəndaşlar paradı yaxından, Azadlıq Meydanında izləyə bilmədilər. Sizcə, niyə belə, səbəb nə idi?

- Onlar nə bilir dövlət nədir, dövlətçilik nədir? Dövləti qurub-yaratmaq, idarə etmək, təmsil etmək hər kişinin işi deyil.

Qurtuluş günü münasibəti ilə Bakıda hərbi parad keçirildi
Gözlə

No media source currently available

0:00 0:02:22 0:00

- Sizcə, sıravi vətəndaşların meydanda yaxından paradı izləməsi daha yaxşı olmazdımı?

- Axı, bizi istəyən nə qədər çoxdursa, istəməyən ondan da çoxdur. Dövlətin, dövlət başçılarının təhlükəsizliyi məsələsi var, vətəndaşların təhlükəsizliyi var. Bununla belə, kim istəyirdi baxırdı. Mən də ordaydım, gördüm. Burda nə var? Bunların qarnının sancısı odur ki, niyə mən yox, məhz prezident İlham Əliyev ordadır. Bunlara «opponent» deməyə adamın dili də gəlmir.

- Cümhuriyyətin yüzilliyidir. Siz bu yubiley ilinin nələrlə yadda qaldığını düşünürsüz? Bu yubiley ilinin yaddaqalan olmadığını deyənlərlə, sönük keçdiyini düşünənlərlə razılaşırsınızmı?

- Tarix İnstitutu bu məsələnin elmi, tarixi tərəflərini çox yaxından araşdırır. İki beynəlxalq konfrans keçirildi, biri azərbaycanlıların soyqırımı ilə bağlıdır. Gəncədə yüzilliklə bağlı böyük konfrans təşkil olundu. Ondan əlavə sentyabrın 13-14-də Atatürk Araşdırmalar Mərkəzi ilə birgə Tarix İnstitutu Bakının Qafqaz İslam Ordusunun azad etməsi ilə bağlı konfrans keçirdi. Tədbirlər davam edir. Son 10 ildə ölkəyə unikal sənədlər gətirilib. O dövrün səhnəsini yaratmaq üçün böyük işlər görülüb. Mayın 28-də dövlət başçısı təntənəli tədbir keçirdi. Bunu deyən başını daşa döysün. Möhtəşəmlik necə olsun? Camaat ürəyindən keçəni görür, televiziyada verilişlər gedir, tarixçilər, siyasi xadimlər danışır. Bundan artıq nə edilsin?

XS
SM
MD
LG