Keçid linkləri

2025, 03 Yanvar, Cümə, Bakı vaxtı 07:57

Trump ‘İrana göz qoymaq’ üçün icazə almayıb


Donald Trump həyat yoldaşı Melania Trump ilə Al Asad Hava Bazasında, 26 dekabr, 2018-ci il
Donald Trump həyat yoldaşı Melania Trump ilə Al Asad Hava Bazasında, 26 dekabr, 2018-ci il

İraq prezidenti deyir ki, ABŞ Prezidenti Donald Trump İraqdakı bazadan “İrana göz qoymaq” üçün Bağdadın icazəsini almayıb.

Prezident Barham Salih fevralın 4-də Bağdadda keçirilən forumda danışıb. Onun sözlərinə görə, İraqdakı ABŞ əsgərləri iki ölkə arasında razılaşmaya uyğun olaraq terrorçuluqla mübarizə missiyasını gerçəkləşdirirlər və bu missiyaya da əməl olunmalıdır.

Salih onu da vurğulayıb ki, İraq konstitusiyası bu ölkədən qonşu ölkələrin maraqları, yaxud təhlükəsizliyini hədələməkdən ötrü baza kimi istifadəsini yasaqlayır.

Barham Salih forumda
Barham Salih forumda

“İraqı öz məsələləriniz ilə yükləməyin”, – Salih deyib.

“İranla və digər qonşu ölkələrlə yaxşı münasibətlərin saxlanması İraqın fundamental marağıdır”, – İraq prezidenti vurğulayıb.

***

Trump İraqdakı bazadan ‘İrana göz qoymaq’ istəyir

Prezident Donald Trump televiziya müsahibəsində açıq şəkildə deyib ki, Suriya və Əfqanıstanda Birləşmiş Ştatların hərbi iştirakını azaltmaq istəyir. Amma o, İraqda ABŞ hərbi bazasını saxlamaq istədiyini, bununla Vaşinqtonun İrana daha yaxından göz qoya biləcəyini vurğulayıb.

“HAMI YORULUB”

“Sonsuz müharibələri sevmirəm”, – Trump fevralın 3-də CBS televiziyasına müsahibəsində deyib.
Qeyd edək ki, Trump-ın dekabrda Suriyadan 2 min hərbçini çıxaracağını elan etməsi ABŞ konqresmenlərini və beynəlxalq müttəfiqləri təəccübləndirib.

ABŞ rəsmiləri deyib ki, Trump Əfqanıstandakı hərbçilərin bir hissəsini çıxarmaqla bağlı “durumu dəyərləndirir”. Amerika əsgərləri 2001-ci ildən Əfqanıstandadırlar.

Bu açıqlamaları prezidentin üzvü olduğu Respublikaçı Partiyasının bəzi üzvləri tənqid edib, müttəfiqləri arasında isə narahatlıq yaradıb.

Trump CBS-yə fevralın 1-də verdiyi müsahibədə deyib ki, ABŞ əsgərləri 19 ilə yaxındır Əfqanıstandadır və Talibanla aparılan sülh danışıqlarını gözləmək qalır. “Onlar sülh istəyirlər, yorulublar. Hamı yorulub”, – Trump vurğulayıb.

Prezident Əfqanıstanda əsgərlərinin kiçik kontingentini “əsl kəşfiyyat” məqsədiylə saxlamaq istədiyini deyib. Onu əlavə edib ki, gərəkərsə, ABŞ qüvvələri həmin ölkəyə qayıda bilər.

Əfqanıstan Prezidenti Ashraf Ghani (sağda) ABŞ Dövlət katibi Mike Pompeo ilə Kabildə görüşür, arxiv fotosu
Əfqanıstan Prezidenti Ashraf Ghani (sağda) ABŞ Dövlət katibi Mike Pompeo ilə Kabildə görüşür, arxiv fotosu

“ÇOX SÜRƏTLƏ QAYIDA BİLƏRİK”

Tənqidçilərin fikrincə, ABŞ əsgərləri Suriyadan çıxınca yaranacaq boşluq İslam Dövləti (İŞİD) və Al-Qaeda ekstremist qruplarının bu ölkədə, eləcə də qonşu İraqda baş qaldırmasıyla sonuclanar. ABŞ Suriyada İŞİD və digər qüvvələrə qarşı savaşan ərəb və kürd döyüşüçülərə kömək edir.

Amma Trump deyir ki, ABŞ Suriyada baş verənlərə qonşu İraqdan da reaksiya verə bilər.

“Çox sürətli təyyarələrimiz, çox yaxşı karqo təyyarələrimiz var. Çox sürətlə qayıda bilərik, mən buranı tərk etmirəm. Bizim İraqda bazamız var və fantastik bir binada yerləşir”, – o, müsahibədə deyib.

Trump-ın sözlərinə görə, Birləşmiş Ştatlar İraqın qərbindəki Al-Asad hava bazasına “bir ətək pul” xərcləyib: “Onu da saxlamalıyıq. Onu saxlamaq istəməyimin bir səbəbi də İrana göz qoymaqdır, çünki İran əsl problemdir”.

“Nəzarəti davam etdirəcəyik, problem yaranarsa, kimsə nüvə silahlı hazırlamaq istəyərsə, bunu etməmişdən xəbər tutacağıq”, – prezident vurğulayıb.

Ötən il Trump İranla nüvə sazişindən çıxdığını, Tehrana sanksiyaların bərpa olunduğunu açıqlayıb.

Trump bununla İrana təzyiqi artırmaq istədiyini, onun silah proqramları, regionda “sabitsizlik” yaradan fəaliyyətilə bağlı “davranışında dəyişiklik” istədiyini bildirib.

XS
SM
MD
LG