Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:12

Söhbət 'Paşa Holdinq'ə çatanda hakim və prokuror sualları dayandırıblar


Beynəlxalq Bankla bağlı cinayət işi üzrə məsuliyyətə cəlb olunan və hazırda mənimsəmə ittihamıyla məhkəmə önünə çıxarılan xeyli adam var ki, onların adına milyonlarla dolalrlıq kredit borcu olsa da, ümumiyyətlə, həmin pulu görmədiklərini deyirlər. Bildirirlər ki, onların adına şirkətlər yaradılıb və o şirkətlərin vasitəsilə bankdan kredit götürülüb. Onların həmin şirkətlərə rəhbərliyi isə formal xarakter daşıyıb.

Keçmiş deputat Dünyamin Xəlilov məhkəməyə ifadəsində bunu təsdiqləmişdi. O bildirmişdi ki, 40 illik tanışlıqları, ailəvi gediş-gəlişləri olan Cahangir Hacıyevin tövsiyəsilə “General Construction” şirkətini yaradıb, sonradan orada çalışan işçilərin adına şirkətlər təsis olunub. Çünki bankdan bir şirkətə verilən kredit məbləğilə bağlı limit vardı. Müxtəlif şirkətlərin adına götürülən kreditlər də ayrı-ayrı layihələrə yönəldilib.

"Etibar hissi qorxunu, məsuliyyəti üstələdi"

Fevralın 15-də məhkəmədə təqsirləndirilən Samir Hacıyev dindirilərkən ixtisasca hüquqşünas olduğunu bildirib.

Əvvəllər məhkəmədə icra məmuru işləmiş Samir Hacıyev rəsmi sənədlərə görə, “Sigma Line” şirkətinin direktoru olub. O, bu şirkətin necə yaradılması haqda danışarkən bildirib ki, “General Construction” şirkətində IT mütəxəssisi kimi çalışıb, daha sonra Dünyamin Xəlilovun təklifilə şirkətə direktor təyin edilib, amma “Sigma Line”nın nə vaxt yaradılmasını dəqiq bilmir. Dediyinə görə, bütün sənədlərə, kredit müqavilələrinə oxumadan imza atıb. Hətta Beynəlxalq Bankdan götürülmüş 15 milyonluq kredit müqaviləsini dəhlizdə ayaqüstü imzalayıb:

“Dünyamin Xəlilov adətən ofisdə olmurdu. Mühasibdən soruşdum, dedi ki, Gürcüstanda bina tikintisi üçündür. Sonra belə hallar çox olurdu, cürbəcür sənədlər verilirdi qol çəkməyə, maraqlananda deyirdilər ki, layihə üçündür, qaytarılacaq. O zaman etibar hissi məsuliyyət, qorxu hissini üstələyirdi. Mən də Dünyamin müəllimə etibar edirdim. Demişdi ki, götürülən kreditlər bağlanacaq”.

Dünyamin Xəlilov
Dünyamin Xəlilov

Təqsirləndirilən Samir Hacıyevin sözlərinə görə, o, aylıq 600 manat maaş alıb. 2008-ci ildə faktiki işdən çıxıb başqa yerdə çalışsa da, “Sigma Line”ın direktoru kimi qalıb:

“Dünyamin müəllim şirkətin direktoru kimi qalmağımı istədi. Mən başqa yerdə çalışan zaman Dünyamin müəllim banka gedib, kredit sənədlərinə qol çəkməyimi istəyirdi. Gedib, qol çəkib, pulları onlara, konkret Əli Muradova verirdim”.

Təqsirləndirilən Samir Hacıyevin adına 22 milyon manatlıq kredit borcu var. Bunun ödənilməsi barədə inzibati-iqtisadi məhkəmə qərar da çıxarıb:

“Məni icra şöbəsinə çağırıb dedilər. Bildirdim ki, mən o pulu görməmişəm, ödəyə də bilmirəm”.

"Milyonlarla qiyməti olan müəssisə 616 minə niyə satılıb?"

Daha sonra təqsirləndirilən Sərxan Rəsulov dindirilib. O, “Adelaide Park Holdings” MMC-nin direktoru olub. Bildirib ki, Dünyamin Xəlilov adətən böyük dövlət layihələrini, sosial layihələri həyata keçirirdi. Ona görə də güvənib, razılıq verib:

“Arada inam olub, ona görə. Amma mən faktiki turizm işilə məşğul olmuşam. Komplekslərə turist göndərmişəm, bu işə görə 500 manat maaş alırdım. Mən o şirkətin fəaliyyətində iştirak eləməmişəm”.

Bu şirkətin adına 2013-cü ilin mayında 1 milyon 490 min manat kredit rəsmiləşdirilib. Amma bankdan nağd şəkildə iyul ayında 30 min bir, 10 min də bir olmaqla, cəmi 40 min manat götürülüb.

Təqsirləndirilən Sərxan Rəsulov bildirib ki, onun adına olan “Adelaide Park Holdings” MMC Zaqatala Balıqçılıq Təsərrüfatında – “Olimpik LTD”də 50 faiz pay sahibi idi. 2018-ci ilin noyabrında Beynəlxalq Bankın problemli kreditlərilə məşğul olan və bu məhkəmədə də mülki iddiaçı qismində iştirak edən “Aqrarkredit”in nümayəndəsi ona zəng edərək, alqı-satqı müqaviləsinə imza atmasını istəyib. Ona bildirilib ki, həmin 50 faizlik pay satılır. Müəssisənin payı 616 minə satılıb. Samir Rəsulov deyir ki, həmin vəsaitdən 40 min manatın onun üzərində qalmış kreditin ödənilməsinə yönəldilməsini istəsə də, “Aqrarkredit”in nümayəndəsi razılaşmayıb.

Cahangir Hacıyev bu təqsirləndirilən şəxsdən soruşub ki, o, imza atanda bəs Balıqçılıq Təsərrüfatının alıcısı kim idi? Samir Rəsulov bildirib ki, onu “Paşa Holdinq”in ofisinə aparıb müqaviləyə imza atdırıblar: “Dedilər ki, “Paşa Holdinq” alır”.

Hakim və prokuror bu məsələnin araşdırılan işə aidiyyəti olmadığını bildirərək, bu istiqamətdə sualların davam etdirilməsinə imkan verməyib. Cahangir Hacıyev etiraz edib: “Bir neçə milyon qiyməti olan əmlak 616 minə satılıb. Niyə?”

"Pulların nəyə xərcləndiyini bilmirdim"

Təqsirləndirilən Təbriz Əbdülhəmidov da ifadə verib. O bildirib ki, Dünyamin Xəlilovun şirkətində əvvəl kuryer kimi çalışıb:

“Sonra “General Consulting” şirkətində tikinti mütəxəssisi vəzifəsinə təyin edildim. Dünyamin müəllim məni 2007-ci ildə “Pərvanə” MMC-nin rəhbəri təyin edəcəyini söylədi, mən də razılaşdım. Kuryer işlədiyim dövrdə nazirliyə, dövlət təşkilatlarına sənədlər aparırdım. Mən tikinti mütəxəssisi olduğum üçün həmişə ərazidə olurdum. Sənədləri də həmişə ora gətirirdilər və mən də qol çəkirdim”.

Təbriz Əbdülhəmidov deyir ki, Zaqatala, Qusar, Şəki və Qazaxda Olimpiya Komplekslərinin tikintisinə o nəzarət edirdi. Onun rəhbərlik etdiyi şirkətin adına Beynəlxalq Bankdan 17 milyon manatlıq kredit götürülüb.

“Xəzər Menecment Sistems”in rəhbəri Arif Mikayılov da təqsirləndirilən şəxs qismində ifadə verib. O bildirib ki, Dünyamin Xəlilov Şəki Su Elektrik Stansiyasının tikintisilə bağlı ona təklif edib: “Çətinliklə işi başa çatdırdıq. Dünyamin müəllim əvvəl mənə 700 manat, sonra 1000 manat maaş verdi. “Xəzər Menecment”in direktoru olandan sonra isə 2500 manat maaş almışam. 2009-cu ildə Beynəlxalq Bankın təminatı ilə Almaniya şirkəti ilə müqavilə bağladıq, avadanlıqlar gəldi. Mən də sənədlərə qol çəkmişəm. Bizə nə deyirdilər onu da edirdik. Pulları bankdan götürüb, gətirib kassir Əli Muradova verirdik. Pulların nəyə xərcləndiyini bilmirdim. Mən pulları gətirib, ayda maaşımı alırdım”.

“Azerbaijan Consulting Group”un rəhbəri Erxan Cavad da Beynəlxalq Bank işinə görə məsuliyyətə cəlb olunub.

O, “Buta Kitchen” MMC-nin direktoru təyin olunub. “Cargill” şirkəti ilə “Buta Kitchen” MMC arasında 163 milyon manatlıq müqavilə imzalanıb:

“Cargill” məhsulu bizə satırdı, sonra yenidən bizdən alıb, başqa şirkətə satırdı. “Cargill” böyük şirkətdir, məhsul gəmi ilə gələn zaman yolda başqasına da satılır. Azərbaycana qarğıdalı gətiriləcəkdi. Bir müddətdən sonra qarğıdalı satıldı. Faiz çıxılandan sonra “Cargill” “Buta Kitchen”in xarici hesabına 130 milyon manat pul köçürdü. 30 milyon bəri başdan Azərbaycana göndərildi, qalan 100 milyon isə şirkətin səhmdarı Nəsib Piriyevin başqa şirkətinə borc kimi köçürüldü. Amma həmin pulun taleyi barədə məlumatım olmadı, çünki mən 2015-ci ildə həbs edildim”.

Cahangir Hacıyev deyib ki, “Cargill” şirkətinin “Buta Kitchen”in hesabına köçürdüyü pullardan 30 milyon manat Beynəlxalq Bankın depozit hesabındadır.

E. Cavad 2015-ci ildə həbs olunub, təxminən bir il sonra azadlığa buraxılıb ki, banka dəymiş ziyanın ödənilməsi istiqamətində iş görsün.

Beynəlxalq Bank işi üzrə məhkəmə fevralın 18-də davam edəcək.

Xatırlatma

Cahangir Hacıyev 2015-ci ilin dekabrında həbs olunub və 2016-cı ilin oktyabrında Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmüylə 15 il azadlıqdan məhrum edilib. Bakı Apellyasiya Məhkəməsi də hökmü qüvvədə saxlayıb.

Cahangir Hacıyev ailə üzvləri və özünə yaxın olan başqa şəxslərin adına Beynəlxalq Bankdan milyonlarla dollar dəyərində kreditlərin götürülüb mənimsənilməsində təqsirli bilinib.

İndi məhkəmədə baxılan ikinci cinayət işində Cahangir Hacıyevə verilmiş külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, vergidən yayınma və başqa ittiham maddələrində 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.

Cahangir Hacıyev özünü təqsirli bilmir.

Hazırda onunla birlikdə mühakimə olunan şəxslərdən keçmiş deputat Dünyamin Xəlilov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 13 il azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi onun cəzasını 3 ay azaldıb. Cahangir Hacıyevin bacanağı İ.Hidayətzadəyə isə 7 il həbs cəzası verilmişdi. Ali Məhkəmə bu cəzanı 5 ilə endirdi.

XS
SM
MD
LG