Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 04:36

Əhalisi Azərbaycandan 2,5 dəfə az Gürcüstanın turisti 2,5 dəfə çoxdur


Gürcüstana axışan turistlər Azərbaycana niyə gəlmir?
Gözlə

No media source currently available

0:00 0:14:59 0:00

Gürcüstana axışan turistlər Azərbaycana niyə gəlmir?

Necə olur ki, Gürcüstana Azərbaycandan iki dəfəyə qədər çox turist gəlir? Gürcüstan hökumətinin statistikasına görə, 2017-ci ildə bu ölkəyə 7 milyon civarında turist gəlib. Azərbaycanın eyni dövrə olan rəsmi statistikasına görə, ölkəyə gələn turistlərin sayı 2 milyon 600 min ətrafında olub. AzadlıqRadiosunun əməkdaşı Tbilisidə turistlərdən soruşub ki, Gürcüstanda nəyi bəyənirlər, Azərbaycana da gedəcəklərmi?

“Bir neçə saat əvvəl çatmışam, çox böyük modern şəhərdir. Tarixi şəhərdir. Azərbaycana getmək barədə hələlik planım yoxdur. Gələn dəfə bu regiona gələndə Azərbaycana da tur götürəcəm. Bilirəm ki, Bakı çox modern şəhərdir. Çox modern binalar var. Orda məşhur Əliyev mədəniyyət mərkəzi də var. Arxitektura çox moderndir”.

“Azərbaycan barədə bələdçidən eşitmişəm. Amma Azərbaycana getməyi planlaşdırmıram. Hər dəfə başqa ölkəyə gedirəm. Bəlkə də gələn dəfə də Azərbaycana gedərəm”.

Turistlər adətən deyirlər ki, Azərbaycana gəlməyə mane olan səbəb budur ki, Gürcüstandan fərqli olaraq, Azərbaycana gəlmək üçün viza tələb olunur, Azərbaycanda şərtlər daha ağırdır, odur ki, sərhəddən qayıdırlar, Azərbaycana gəlmirlər.

Gürcüstanın nefti yoxdur

İqtisadi təhlilçi Toğrul Maşallı deyir ki, neft kimi gəlir mənbəyi olmayan Gürcüstan hökuməti məcbur oldu ki, başqa sahələri inkişaf etdirsin, onlardan biri də turizm oldu.

Toğrul Maşallı deyir ki, Azərbaycandan fərqli olaraq Gürcüstana bu məsələyə sistemli yanaşdı və özəl sektoru irəli buraxdı:

“Dövlət öz rolunu məhdudlaşdırıb. O bilir öz rolunu. Bilir ki, harda iştirak edə bilər. Turistik paketlərin təşkilində dövlətin rolu yoxdur, amma bizdə bunu dövlət təşkil edir. Məsələn, Lahıca getmək turistik paketini dövlət təşkil edir və özəl şirkətlərə verir. Gürcüstanda isə özəl şirkətlər özləri bu bazarda işləməlidirlər və nə isə hazırlamalıdırlar. Amma bizdə özəl şirkətlər buna maraqlı deyillər. Ya qazancı azdır, ya məhdudiyyətləri var”.

Toğrul Maşallı deyir ki, Azərbaycanda Şahdağ turizim kompleksindən tutmuş, başqa iri turizm layihələrini dövlət təşkil edir və özəl sektor həvəsləndirilmir, Azərbaycanın geri qalmasının bir səbəbi də budur.

Onun sözlərinə görə, bütün Azərbaycanda 500-ə qədər mehmanxana varsa, təkcə Tbilisdə 500 mehmanxana var, bu da özəl sektora yaradılmış şəraitə görədir.

Dövlət Turizm Agentliyinə bu məsələlərlə bağlı sorğu yollasaq da, gün ərzində zəng etsək də suallara cavab verən olmadı.

Amma adətən bu agentlik hökumətin tuzimin inkişafına hər yolla dəstək verdiyini deyir. Elə keçən ay agentliyin rəsmisi bizə bildirmişdi ki, turizmin inkişafı üçün Çinlə yeni əlaqələr qurulur:

“Çindən gələnlərin sayında müşahidə olunan artımın davamlı olacağı proqnozlaşdırılır. Belə ki, 2019-cu ilin mart ayının 1-də Pekində “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyi və Çin Xalq Respublikası Mədəniyyət və Turizm Nazirliyi arasında çinli turistlərin Azərbaycan Respublikasına qrup səfərlərinin sadələşdirilməsi haqqında Anlaşma Memorandumu” imzalanıb ki, imzalanması ilə yaxın illərdə Azərbaycana gələcək çinli turistlərin sayı 200 min nəfərə çatması proqnozlaşdırılır”.

Azərbaycanın əslində bir hava limanı var

İqtisadi təhlilçi Toğrul Maşallı isə bildirir ki, hökumətin turizm siyasəti pərakəndədir, sistemli deyil. Eyni dövrdə daha sistemli siyasət aparan Gürcüstan isə hətta azərbaycanlı turistləri də cəlb edir.

Onun sözlərinə görə, Gürcüstanın hava limanları ilə bağlı siyasəti də daha liberaldır, aeroportları özəl şirkətlər idarə edir, bura lou-koster - yəni, aşağı büdcəli hava yolları şirkətlərinin uçuşları təşkil olunur:

“Nəticə etibarilə ölkədə üç iri və orta aeroport var. Tbilisi aeroportunun sərnişin dövriyyəsi Bakıya yaxındır. Amma kənardakı aeroportların 600 minlik dövriyyəsi olan Kutaisi və Batumi aeroportu var. Azərbaycanda heç bir ikinci aeroport onlara çata bilməyəcək. Nə Gəncə, nə Qəbələ və sair”.

Ümumulikdə beynəıxalq qurumlar qonşu Gürcüstanı Azərbaycandan daha liberal ölkə kimi qiymətləndirir.

Məsələn, Beynəlxalq Şəffaflıq sıralamasında Azərbaycan 152 -ci yerdədir, Gürcüstan isə ondan 111 pillə irəlidə, 41-ci yerdədir.

XS
SM
MD
LG