Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:04

''Qarabağ'ın qrupdan çıxmaq imkanı böyükdür'


Avropa Liqası Kuboku
Avropa Liqası Kuboku

«Azərbaycan çempionu «Qarabağ» klubunun «Sevilya» istisna olmaqla, rəqibləri dişinə görədir».

Bunu Azadlıq Radiosuna «Futbol+» qəzetinin redaktoru Mahir Rüstəmli «Qarabağ»ın UEFA Avropa Liqasındakı rəqiblərini dəyərləndirərkən söyləyib.

İspaniyanın «Sevilya» klubunu «çətin rəqib» adlandıran M.Rüstəmli «Qarabağ»ın qrupdan çıxma imkanlarının yüksək olduğunu söyləyib.

M.Rüstəmli hesab edir ki, «Qarabağ» qrupdaki qalan iki rəqibini- «Düdelanj» və APOEL komandalarını keçəcək gücdədir.

Redaktor vurğulayıb ki, «Qarabağ» bununla tarixində ilk dəfə UEFA Avropa Liqasında qrup adlamaq şansı qazanıb: ««Qarabağ» 2014-cü ildə də qrup mərhələsini adlamaq üzrə idi, amma o zaman kobud hakim səhvi «Qarabağ»ı bu uğurdan məhrum etdi».

2014-2015-ci il sezonunda «Qarabağ» klubunun UEFA Avropa Liqasının qruplarında rəqibi Fransanın «Sent-Etyen», İtaliyanın «İnter» və Ukraynanın «Dnepr» klubları olmuşdu. «Qarabağ» qrupda sonuncu oyununu «İnter»lə Bakıda keçirmişdi. Həmin oyunda qələbə «Qarabağ»ı bir üst mərhələyə çıxarırdı. 0:0 başa çatan maçda «Qarabağ»ın bir qolu hesaba alınmamışdı.

«Qarabağ»-«İnter» oyunu. 2014
«Qarabağ»-«İnter» oyunu. 2014

'Qarabağ'ın rəqibləri bəlli oldu

Bu gün, avqustun 30-da UEFA Avropa Liqasının qrup mərhələsinin püşkü atılıb.

Monakoda baş tutan tədbirdə Azərbaycan çempionu «Qarabağ»ın rəqibləri müəyyən edilib.

Azərbaycan çempionu A qrupuna düşüb. O, UEFA Çempionlar Liqasının üçüncü mərhələsində ümumi nəticəyə görə məğlub olduğu Kiprin APOEL klubu ilə eyni qrupda çıxış edəcək. «Qarabağ»ın qrupdakı qalan iki rəqibləri isə «Sevilya» (İspaniya)«Düdelanj» (Lüksemburq) olublar. APOEL UEFA Çempionlar Liqasının pley-off mərhələsində Hollandiyanın «Ayaks» klubuna məğlub olduğundan o da «Qarabağ» kimi UEFA Avropa Liqasının qrupuna düşüb.

Azərbaycan çempionu «Qarabağ» UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqəni pley-off mərhələsində «Linfild»lə oyunda qazanıb. Avqustun 29-da Bakıda keçirilən cavab qarşılaşmasında rəqibə 2:1 hesabı ilə qalib gələn «Qarabağ» qrup mərhələsinə yüksəlib. Hərçənd, «Qarabağ» bir həftə öncə bu kluba səfər qarşılaşmasında 3:2 hesabı ilə məğlub olmuşdu. Onlar arasında iki oyuna görə, ümumi nəticə bərabər olsa da, səfərdə daha çox qol vurmaq hesabına Azərbaycan çempionu Şimali İrlandiya çempionunu mübarizədən kənarlaşdırıb.

Xatırlatma

«Qarabağ» klubu bu mövsüm əvvəl UEFA Çempionlar Liqasının təsnifat mərhələsində oyunlara başlayıb.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Çempionlar Liqasının birinci təsnifat mərhələsində Albaniya çempionu «Partizani» klubunu mübarizədən kənarlaşdırıb - 0:0, 2:0. Ağdam təmsilçisi ikinci təsnifat mərhələsində İrlandiyanın «Dandolk» komandasından güclü olub - 1:1, 3:0. «Qarabağ» üçüncü mərhələdə səfərdə Kiprin APOEL komandasına ilk oyunda 1:2 hesabı ilə qalib gəlsə də, Bakıdakı cavab matçında uduzaraq (0:2) qitənin ən reytinqli klub turniri ilə vidalaşıb və mübarizəni UEFA Avropa Liqasında davam etdirməli olub.

XS
SM
MD
LG