Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 21:05

London məhkəməsi Zamirə Hacıyevanın ekstradisiyasına ‘yox’ deyir


Zamirə Hacıyeva
Zamirə Hacıyeva

London məhkəməsi azərbaycanlı bankirin həyat yoldaşının ekstradisiyasından imtina edib. Söhbət Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevadan gedir. “Financial Times” qəzeti yazır ki, məhkəmə xanım Hacıyevanın öz ölkəsində ədalətli mühakimə olunmayacağını əsas gətirib.

Londonda Harrods ticarət mərkəzində 16,3 milyon funt-sterlinq xərcləməsi ilə beynəlxalq medianın diqqətini cəlb etmiş Z. Hacıyevaya Beynəlxalq Bankdan mənimsəməylə bağlı ittihamlar var. Özü isə iddiaları rədd edib, Azərbaycan hökumətinin ekstradisiya tələbinə qarşı mübarizə aparıb.

Hacıyeva nədə ittiham olunur

Hökumətin bildirməsinə görə, üç uşaq anası olan Hacıyeva 10 kredit kartı ilə otellərdə, restoranlarda, qızıl mağazalarında milyonlarla funt-sterlinq xərcləyib. Xanımın 36 nəfərlə birlikdə 97 milyon dollarlıq dələduzluqda iştirak etdiyi, “nəhəng vəsait”in bankdan 28 kredit kartıyla çıxarıldığı qeyd olunur.

London məhkəməsi sentyabrın 26-da verdiyi qərarda insan haqlarını əsas gətirir, onun, Azərbaycanda mühakimə olunmağa göndərilərsə, “ədalətdən biabırçı imtina” kimi “real risk”lə üzləşəcəyini vurğulayıb. Hakim Emma Arbuthnot qərarında qeyd edir ki, ekstradisiyaya imkan verə bilməz, Azərbaycanın məhkəmə sistemi sarıdan narahatlığı var. O, Azərbaycan məhkəməsinin hökumətdən müstəqil olmadığını bildirir.

Zamirə Hacıyeva 2010-cu ilin iyunundan Böyük Britaniyada yaşayır. Bu ölkənin Milli Cinayət Agentliyi Hacıyeva haqqında iki İzahedilməz Sərvət Sərəncamı (UWO) çıxarıb və bunlar Londonda 22 milyon funt-sterlinq dəyərində əmlaklarla əlaqədardır. Buraya Naytsbricdə ofşor şirkət tərəfindən alınmış 11,5 milyon funt-sterlinq dəyərində ev də daxildir. Elə sözügedən sərəncamlar üzrə keçirilən məhkəmə proseslərində Hacıyevanın Harrods-da 2006-2016-cı illərdə 16,3 milyon funt-sterlinq xərclədiyi üzə çıxdı.

Britaniya hökumətinin İzahedilməz Sərvət Sərəncamları hər il Londonda milyonlarla funt-sterlinqin yuyulmasına qarşı mübarizə alətidir.

Azərbaycan tərəf şikayət verəcək

Qəzet yazır ki, Azərbaycan hökuməti Ali Məhkəmənin ekstradisiya qərarından şikayət verəcək.

Hökumətdən London məhkəməsi hakiminin Azərbaycanda məhkəmələrin müstəqilliyi ilə bağlı dediklərinə hələlik, şərh gəlməyib. Ümumiyyətlə isə, indiyədək hakimiyyət təmsilçiləri oxşar tənqidləri rədd edib, ölkədə məhkəmələrin müstəqil fəaliyyət göstərdiyini, təməl hüquq və azadlıqların təmin olunduğunu bildirib.

Hacıyevanın UWO -ya qarşı başqa bir şikayətinə dekabrda Apellyasiya Məhkəməsində baxılacaq.

“Financial Times” xanım Hacıyevanın dünən məhkəmədən vəkilləri ilə birlikdə çıxanda rahat göründüyünü yazır. Onu təmsil edən “Ghersons” hüquq firması isə qərarı alqışlayıb.

Cahangir Hacıyev bankda çalışarkən 29 min – 70 min dollar qazanıb. 2015-ci ilin dekabrından həbsdə olan Hacıyev mənimsəmə və vəzifəsindən sui-istifadə ittihamıyla 15 il həbs cəzası çəkirdi. Bu il sentyabrın 15-də ona yenidən hökm oxunub. Bu dəfə əvvəlki cəzası da birləşdirilməklə, 16 il 6 ay azadlıqdan məhrum edilib. C.Hacıyev bu dəfə Beynəlxalq Bankdan kredit kimi götürülmüş 4.7 milyard manatlıq mənimsəmədə təqsirli bilinib.

London məhkəmələrinin insan haqlarına söykənərək ekstradisiyaları önləməsi birinci dəfə deyil. Ötən il biznesmen Akin Ipek və daha iki nəfər də eyni səbəbdən Türkiyəyə verilmədi. Hakim John Zani qərarında yazırdı ki, “Türkiyədə qanunun aliliyinin hazırkı durumundan ciddi əndişələri var”.

XS
SM
MD
LG