Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 06:35

Virtual elektrik stansiyaları necə işləyir


Elektrik xətləri
Elektrik xətləri

Bərpaolunan enerji sahəsinin qarşısında duran maneələrdən biri hava şəraitidir. Ancaq virtual elektrik stansiyaları bu problemi həll etməyə qadirdir.

CNN yazır ki, günəş çıxmayanda və külək əsməyəndə belə, bərpaolunan mənbələrdən elektrik almağa qadir virtual elektrik stansiyaları iqlim böhranı ilə mübarizəyə ciddi töhfə verə bilər.

«…Bərpaolunan enerji və digər texnologiyalara güvənə bilmirsinizsə, hər hansı gözlənilməz hadisənin yerini doldurmaq üçün həmişə qazıntı mənşəli yanacaq mədənlərini işlətməli olacaqsınız», – İngiltərənin Nyukasl Universitetinin professoru, enerji sistemləri mütəxəssisi Phil Taylor CNN-ə deyib.

Müxtəlif enerji mənbələrinin birləşdirilməsi

Taylor-un sözlərinə görə, ənənəvi elektrik stansiyaları tələb və təklifdəki dəyişikliklərə, məsələn, daha çox kömür yandırmaqla cavab verə bilir: «Ancaq külək və günəş stansiyaları kimi, təmiz enerji mənbələri havadan asılı olduğundan onlara nəzarət daha çətindir».

Virtual elektrik stansiyaları bu problemi müxtəlif bərpaolunan enerji mənbələrini birləşdirməklə həll etməyə çalışır. Enerji mühəndisləri bütün mənbələri, generasiya və saxlama resurslarını bir yerə yığmaqla onların ənənəvi elektrik stansiyası kimi çalışmasına nail ola bilərlər. Məsələn, bir virtual elektrik stansiyası fərqli coğrafi məkanlarda yerləşən 10 külək stansiyasına qoşula bilər, beləliklə də onların hər birinin enerji istehsalındakı fərqləri və boşluqları doldura bilər. Bura enerji toplayıb saxlama komponenti də əlavə edilə bilər: külək stansiyalarının hasil etdiyi enerji tələbi üstələyəndə batareyaları yükləmək, tələbat artanda işlətmək olar. Bura bundan başqa, istehlakçıları enerjidən istifadə dərəcəsini optimallaşdırmağa həvəsləndirən xassələr də əlavə etmək mümkündür.

CNN daha sonra yazır ki, Norveçin «Statkraft» şirkəti Avropanın ən böyük elektrik stansiyalarından birini artıq 2011-ci ildən bəri məhz bu cür idarə edir.

Almaniyadakı virtual elektrik stansiyasının gücü 12 min meqavatdan artıqdır. Stansiya nəzəri olaraq 5 milyon evi elektriklə təmin etməyə qadirdir.

Avropanın hər yerini əhatələyən 1500-dən artıq külək, günəş və su elektrik stansiyasını elektrik generasiyası və akkumulyasiyası müəssisələri ilə birləşdirən stansiya klaud texnologiyası ilə çalışan süni zəka platformasına əsaslanır.

Üstün və zəif məqamlar

«Birləşdirilmiş stansiyalardan davamlı olaraq elektrikin generasiyası ilə bağlı proqnozlar və hazırkı elektrik enerjisi istehsalı haqda məlumat virtual stansiyaya ötürülür. Bura enerjinin bazar qiymətləri də əlavə edilir. Bu «Statkraft»a təklifi real vaxtda tələbə uyğunlaşdırmaq imkanı verir. İzafi elektrik enerjisi təklifi yarananda stansiyalarda istehsal azaldıla, yaxud başqa vaxt istifadə etmək üçün batareyalarda qorunub saxlanıla bilər», – məqalədə deyilir. Nəticədə kiçik enerji istehsalçıları üçün daim bazar var. Bu, həm də enerji qiymətlərinin istər istehsalçı, istərsə də istehlakçı üçün arzuolunmaz hala gəlməsinin qarşısını alır.

«Biz İspaniyadakı batareyaları Almaniyadakı külək stansiyaları ilə birləşdirə bilirik. …Əgər həddindən çox külək enerjiniz varsa və onu toplayıb saxlamağa yetərincə batareyanız yoxdursa, virtual elektrik stansiyasına lazımi qədər nəzarət mümkün olmayacaq», – «Statkraft»ın satış üzrə vitse-prezidenti Andreas Bader CNN-ə müsahibəsində deyib. Demək, virtual elektrik stansiyasına qoşulan komponentlərin düzgün balansı çox vacibdir.

Taylor deyir ki, zaman keçdikcə, virtual elektrik stansiyaları az karbonlu gələcəyə keçidə ciddi töhfə verməyə qadirdir. Ancaq onun sözlərinə görə, bu yeniliyin zəif tərəfləri də yox deyil. Zəif cəhətlərdən biri virtual elektrik stansiyasına daxil edilən komponentlərin mürəkkəblik yaratmasıdır. Onların hər biri üçün ayrıca ticarət müqaviləsi tələb olunur. Bundan başqa, bu stansiyalar data toplamaq və kommunikasiya üçün kompüter proqramlarına əsaslanır. Bu isə onları kiberhücumlar qarşısında həssas vəziyyətdə qoyur. «Statkraft»ın sözçüsü deyir ki, şirkət bunu anladığından kiber-təhlükəsizliyə çoxlu investisiya qoyur.

XS
SM
MD
LG