Namizəd seçki məntəqəsinə buraxılmayıb
29 saylı Səbail seçki dairəsindən deputatlığa namizəd Bəxtiyar Hacıyev seçki məntəqəsinə buraxılmadığını bildirib.
Bu barədə AzadlıqRadiosuna B.Hacıyev özü məlumat verib. Onun sözlərinə görə, dairə seçki komissiyasının (DSK) sədri Cahangir Məmmədovun tapşırığı ilə onu 6 saylı məntəqəyə buraxmırlar: «Seçicini buraxırlar, namizədi yox və bunu belə izah edirlər ki, mən müvafiq qaydada qeydiyyatdan keçməli idim. Seçki Məcəlləsində belə bir şey yoxdur».
29 saylı Səbail dairə seçki komissiyasından isə «Turan» agentliyinə bildirilib ki, bu, seçki məntəqəsinə prezident İlham Əliyevin səs verməyə gələcəyi ilə bağlıdır. «Prezident gəlib-gedəndən sonra buraxılacaq», - komissiyadan vurğulayıblar.
Bəzi məntəqələrdə işıq sönüb
AzadlıqRadiosuna 30 saylı Suraxanı seçki dairəsinin Hövsan qəsəbəsində yerləşən bəzi məntəqələrində işıqların söndüyü bildirilib. Söhbət 8, 5, 9 və 15 saylı məntəqələrdən gedir.
«Azərişıq» Açıq Səhmdar Cəmiyyətinin (ASC) mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev də Hövsan qəsəbəsində işıq problemi yarandığını təsdiqləyib. O bildirib ki, problemə operativ müdaxilə ediblər, səbəb külək, hava şəraitidir.