Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 20:29

Suriya hökumət qüvvələri Hələbdə irəliləyir


Türkiyənin dəstəklədiyi üsyançılar Hələb vilayətində
Türkiyənin dəstəklədiyi üsyançılar Hələb vilayətində

Rusiyanın raket zərbələri ilə dəstəklədiyi Suriya hökumət qüvvələri fevralın 16-da ölkənin Hələb vilayətində xeyli irəli gediblər, üsyançıların əlində olan regionun böyük hissəsini tutublar.

Al-Assad-ın devrilməsini istəyən üsyançıları dəstəkləyən Türkiyə Rusiyanı İdlib regionunda hücumları dayandırmağa çağırıb, xəbərdarlıq edib ki, Suriya qüvvələri ayın sonunadək geri çəkilməsələr, onları çıxarmaqdan ötrü hərbi gücə əl atacaq.

Fevralın 16-a axşama yaxın rejim qüvvələri “2012-ci ildən bəri ilk dəfə olaraq Hələb ətrafındakı kənd və kiçik şəhərlərin hamısına nəzarəti ələ alıblar”, – Suriya İnsan Haqlarını Müşahidə Təşkilatı bildirib.

Bazar günü Hələbin bombalaması nəticəsində müxalif döyüşçülər Anadan və Haritan daxil olmaqla ərazini tərk ediblər.

“Bir günə tutduqları ərazidə bircə kənd də ala bilmirdilər”

“Onlar bir günə ələ keçirdiyi ərazidə səkkiz il ərzində bircə kənd də ala bilməmişdilər”, – Britaniyada mənzillənən təşkilatın direktoru Rami Abdulrahman deyib.

“Reuters” yazır ki, Suriya hökumətinin bu şəkildə irəliləməsi Ankara ilə Moskva arasında onsuz da kövrək əməkdaşlığı daha da mürəkkəbləşdirir.

İki həftə ərzində rejim qüvvələrinin İdlibi bombalaması nəticəsində 13 türkiyəli əsgər həlak olub. Bundan qəzəblənən Ankara Rusiyanı hücumları dayandırmağa çağırıb.

“Bu, Suriya rejiminin sürətlə irəliləməsidir. Fraksiyalar ərazinin böyük hissəsini tərk ediblər”, – Abdulrahman vurğulayıb. Qurum Suriya qüvvələrinin 13 şəhər və kəndi tutduğunu vurğulayır.

Bu hücumdan qabaq isə Assad qüvvələri üsyançıları Hələb və Dəməşqi birləşdirən M5 magistral yolundan çıxarıb. Bununla da Suriyanın iki böyük şəhəri arasında ən sürətli yol illərdən sonra yenidən açılıb. Bu, Assad üçün böyük strateji uğur sayılır.

Türkiyənin dəstəklədiyi üsyançılar isə hökumət qüvvələrinin ələ keçirdiyi əraziləri geri qaytarmaqdan ötrü İdlibdə əməliyyata başlayıblar. Türkiyənin “Anadolu” xəbər agentliyi bazar günü bildirib ki, hərbçilər, tanklar, hərbi maşın və avadanlıqdan ibarət 100 maşınlıq karvan İdlibə göndərilib.

Türkiyə indiyədək İdlibdəki müşahidə postlarının gücləndirilməsinə minlərlə əsgər və yüzlərlə hərbi avadanlıq karvanı yollayıb. Regiondan gələn fotolarda evlərin çoxundan Türkiyə bayraqları asılıb, sakinlər hərbi karvan keçdikcə şüarlar səsləndirirlər.

Ərazidəki əsas üsyançı və cihadçı qrup olan Hayat Tahrir al-Sham-a bağlı intiharçı Hələbdəki Kafr şəhərində Rusiyanın mövqelərinə hücum edib. Məlumatı qrupa bağlı “Ibaa” xəbər agentliyi yayıb.

Trump-dan Rusiyaya çağırış

ABŞ Prezidenti Donald Trump fevralın 16-da türkiyəli həmkarı Recep Tayyip Erdogan ilə telefon söhbətində “Suriyanın İdlib vilayətindəki zorakılıqdan narahatlığını dilə gətirib”, – Ağ evin mətbuat katibi Judd Deere deyib.

Trump Rusiyanı Suriya rejiminin “vəhşilikləri”nə dəstəyini dayandırmağa çağırıb, Birləşmiş Ştatların Suriya Prezidenti Bashar al-Assada “Rusiyanın dəstəyini kəsməsini” görmək istədiyini söyləyib.

O, “Suriya münaqişəsinin siyasi həllinə” çağırıb. Suriyada 9 ilə yaxındır münaqişə gedir.

Bu telefon söhbətindən bir gün sonra – fevralın 17-də münaqişədə fərqli tərəfləri dəstəkləyən Ankarayla Moskva danışıqların yeni raundunu başladır.

Türkiyənin Xarici işlər naziri Mevlut Cavusoglu bazar günü deyib ki, şənbə günü rusiyalı həmkarı ilə danışıb, ona bildirib ki, “İdlibə təcavüz dayandırılmalıdır və davamlı sülhə indi nail olmaq olar”.

Münhen Təhlükəsizlik Konfransında jurnalistlərə açıqlama verən Cavusoglu əlavə edib ki, türkiyəli və rusiyalı rəsmilər məsələni Moskvada müzakirə edəcəklər.

Assad isə İran parlamentinin spikeri Ali Larijani ilə görüşündə bildirib ki, “Suriya dövləti Suriyanın torpağını bütünlükdə terrorçuluqdan azad etməkdə qərarlıdır”, – SANA dövlət xəbər agentliyi yazır.

BMT-nin məlumatına görə, dekabrdan bəri 800 min nəfər ərazidəki atışmalar səbəbindən evindən didərgin düşüb.

XS
SM
MD
LG