Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:32

'Niyə Bakı Heydər Əliyevin dönəmində İrana 'yox' deyə bilirdi, indi yox?'


SES tikintisi. Foto illüstrasiya
SES tikintisi. Foto illüstrasiya

Azərbaycanla İran Araz çayı üzərində "Xudafərin", "Qız qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikilməsi, istismarı ilə əlaqədar birgə fəaliyyət göstərirlər. Bu haqda iki ölkə arasında 2016-cı ilin fevralında imzalanan, parlamentin ratifikasiya etdiyi 17 maddəlik sazişdə deyilir.

Sənədə görə, İran layihənin icrasını, fors-major şərait istisna olmaqla, birtərəfli qaydada öz üzərinə götürür. Onun icrasına çəkilən xərclərdə Azərbaycanın payı Birgə Texniki Komissiyada razılaşdırılacaq. Bundan sonra həmin məbləği Azərbaycan İrana ödəyəcək.

Sənəd o zaman ictimaiyyətin diqqətini çəkməsə də, bu günlərdə "Təhlükəsizlik" Araşdırmalar Mərkəzinin rəhbəri İlham İsmayıl onu gündəmə gətirib. Məsələ sosial mediada, KİV-də müzakirə olunmaqdadır, bunu "xəyanət" adlandıranlarla yanaşı, Azərbaycana üstünlük qazandırdığını düşünənlər var.

İran bu layihənin gerçəkləşdirilməsini ötən əsrin sonlarında iki dəfə gündəmə gətirsə də, Bakı buna "yox" deyib. 1998-ci ildəsə prezident Heydər Əliyev İranın bu təklifini qəti şəkildə rədd edib.

İ.İsmayıl
İ.İsmayıl

"Bakı buna bir şərtlə icazə verməli idi"

"Azərbaycan baxımından bu körpülərin, hidroqovşaqların tikilməsinə ehtiyac yoxdur. Onun tikilməsi İrana, separatçılara vacibdir. O məqsədlə bunu tikdilər. "Azərbaycan buna məcbur qalıb" söhbətinin əsası yoxdur", - İ.İsmayıl bildirir. Onun qənaətincə, hətta Tehran təzyiq göstərsə belə, Bakı bir şərtlə buna icazə verməli idi: "Körpünün o biri başında Azərbaycan sərhədçiləri dayansın, bayrağımız asılsın. Heç bir gediş-gəliş olmasın. Yoxsa sən körpünü tik, onun vasitəsilə separatçılara yardım etsinlər, dəhlizdən öz maraqları üçün istifadə etsinlər...", – İ.İsmayıl söyləyir.

Təhlilçi hesab edir ki, bu məsələdə İranın nazı ilə oynamaq olmaz: "Sovet hökumətinin vaxtından belə layihə vardı. Ancaq Cəbrayılın işğalından sonra dayandırıldı. Sonra Əhmədinejad (2005-2013-cü illərdə İranın prezidenti olmuş Mahmud Əhmədinejad) saymazlıq etdi, tikintini o başlatdı. Azərbaycan buna bir müddət səssiz qaldı. Biz onda həyəcan təbili çalmalıydıq. Bizim orda torpaqlarımız su altında qalacaq, orda baş verənlərə nəzarət edə bilmirik. 2016-cı ildə bunu rəsmiləşdiriblər, ancaq heç bir marağımız güdülmədi. Biz öz maraqlarımızı diktə etməliydik, əsgərlərimizin körpünün başında dayanaraq separatçılardan qorunacağımızı deməliydik".

"Azərbaycan nəzarətində olmayan Qarabağı İrana icarəyə verib"

Siyasi şərhçi Rauf Mirqədirov da bu addımı "vətənə, dövlətə xəyanət" hesab edir. O, təəccüblə bir müşahidəsini bölüşür: "Topxana meşəsində bir neçə ağacın qırılmasına görə meydanlara axışan xalq susur".

Siyasi şərhçi sənədin 4 il öncə ratifikasiya edilməsinə baxmayaraq, deputatların bu haqda susmasının səbəbini də anlamır: "İndiyədək səslərini çıxarmayıblar, bəlkə də sənədin fərqinə varmayıblar. Axı, orda dövlətə, millətə sevgisinə şübhə etmədiyim deputatlar var. Onlar danışmalı idi".

R.Mirqədirov
R.Mirqədirov

R.Mirqədirov sazişlə tanış olduqdan sonra belə bir qənaətə gəlib ki, "Azərbaycan nəzarətində olmayan Qarabağı İrana icarəyə verib".

Yeri gəlmişkən, sənədin 8-ci maddəsində deyilir ki, Azərbaycana məxsus "Xudafərin" və "Qız qalası" su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi BMT qətnamələrinin tələblərinə uyğun olaraq, ölkənin ərazi bütövlüyü bərpa olunanadək qarşılıqlı razılaşma əsasında yalnız İranın ərazisində istifadə edilə bilər.

Bundan başqa, sazişə görə, Azərbaycan bu su elektrik stansiyalarında istehsal olunan elektrik enerjisini qarşılıqlı razılaşma əsasında tranzit ötürmə hüququna malikdir. Eyni zamanda, hər ilin sonunda Azərbaycan tərəfinin enerji payı Birgə Texniki Komissiya tərəfindən müəyyən olunacaq və tariflərin razılaşdırılması yolu ilə hesablaşma aparılacaq.

Sazişin 9-cu maddəsində bildirilir ki, Azərbaycanın ərazi bütövlüyü bərpa olunanadək tikinti işlərinə nəzarət və istismar prosesində iştirakı məqsədilə Azərbaycan mütəxəssislərinin buraxılışı üçün lazımi tədbirlərin görülməsi İranın öhdəsində olacaq.

R.Mirqədirovin fikrincə, "Bakı işğal olunmuş ərazilərə investisiya qoymaqla təhlükəli presedent yaradır". O, indiyədək rəsmi Bakının Ermənistanı kommunikasiya blokadasına salmaqla öyündüyünü xatırladır, ancaq indi ora investisiya qoyulmasına imkan yaradıldığını deyir: "Yollar çəkilir, körpülər salınır, infrastruktur yaradılır. Faktiki olaraq, Qarabağa yol çəkilməklə müdafiə sisteminin artırılmasına imkan yaradılır. Ona görə deyirəm ki, bu, xəyanətdir".

İranın baxışı

İranın Azərbaycandakı səfirliyindən istiqlal.az-a verilən məlumata görə, üç körpü qondarma "Dağlıq Qarabağ Respublikası"na yox, Azərbaycan Respublikası ərazisinə çəkilib: "Biz həmin əraziləri Azərbaycanın torpaq bütövlüyü çərçivəsində qəbul edirik və müstəqilliyini elan edəndə bu respublikanı ilk tanıyan dövlət olmuşuq".

Səfirliyin açıqlamasında deyilir ki, "İran-Azərbaycan arasında çəkilən körpüləri başqa cür təqdim edənlərin niyyəti saf deyil, iki qardaş ölkə arasında xoş münasibətlərə xələl gətirmək istənilir".

Z.Əlizadə
Z.Əlizadə

"İrandakı islami hökumət dəli deyil, axı"

"İki qonşu dövlət arasında hidroqovşaq, körpü tikilir. Bunun hansı fəsadları ola bilər?", - siyasi şərhçi Zərdüşt Əlizadə sual edir.

"Bu, işğal olunmuş ərazi ilə İran arasında tikilsəydi, bəli, bu, təhlükə olardı. Tam əsasla deyə bilərik ki, İran Azərbaycan ərazilərinin işğalını tanıyıb. "O, qondarma "Dağlıq Qarabağ Respublikası", işğalçı Ermənistanla əməkdaşlıq edərək, qanunu pozaraq İran ərazisindən işğal olunmuş ərazilərə körpü çəkir" demək düz deyil, axı. Azərbaycanla İran arasında hidroqovşağın, körpünün tikilməsi ağlabatan və qanuni işdir", – o, sözlərinə əlavə edir.

Z.Əlizadə KİV-də sözügedən məsələnin hallandırılmasını jurnalistlərin tarixdən bixəbər olmaları və problemə səthi yanaşmaları ilə izah edir:


"Məsələn, onlar bilmir ki, münaqişə yeni başlayanda Tehran Bakıya hərbi, bəşəri, siyasi, diplomatik yardım göstərib. İrandan könüllülər gəlib Qarabağda döyüşüblər, İslam ölkələrinin konfransında məhz İranın təklifi ilə Ermənistan təcavüzkar kimi tanınıb. Bütün bu illər ərzində İran ardıcıl olaraq Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyib, Azərbaycan xeyrinə səs verib. İrandakı islami hökumət dəli deyil ki, öz xalqını özünə qarşı qaldırsın, onlar bu ölkədə yaşayan azərbaycanlılara möhtacdırlar. O başqa məsələdir ki, Əbülfəz Elçibəy hakimiyyəti İrana qarşı düşmənçilik siyasəti aparıb, Tehranın səylərini yerə vurub. Ona görə həmin hakimiyyətin devrilməsində İran fəal iştirak edib".

Z.Əlizadə İranın qüdrətli dövlət olduğunu, onun düşməni olan ABŞ-ın belə öhdəsindən gələ bilmədiyini də ayrıca qeyd edir.

T.Zülfüqarov
T.Zülfüqarov

"Tənqidçi stəkanın yarıya qədər boş olduğunu deyir, başqa biri də dolu"

"Köhnə məsəl var. Tənqidçi baxıb stəkanın yarıya qədər boş olduğunu deyir, başqa biri yarıya qədər dolu olduğunu. Mən bunu ona görə xatırladım ki, bu məsələnin mənfi və müsbət elementləri var. Biz bunu görməliyik. İran və Azərbaycan dövlətləri əməkdaşlıq edərək layihə gerçəkləşdirirlər. İran müvəqqəti olaraq işğal altındakı ərazilərin Azərbaycana məxsus olduğunu, onun suverenliyini rəsmi tanıyır", – keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov deyir.

O, 1998-ci ildə prezident Heydər Əliyevin layihəyə etiraz etdiyini, amma indiki halda Tehranın Bakının qoyduğu şərtləri qəbul etdiyini iddia edir: "Heydər Əliyev fikrini söylədi ki, bu layihə həyata keçirilirsə, orada Azərbaycanın suverenliyi də göstərilməli və buna praktik baxımdan əməl olunmalıdır. Bildiyimə görə, bu layihə üçün indi xüsusi zolaq azad olunub və İran təminat verib ki, orda işğalçı qüvvələr olmayacaq. Azərbaycan mütəxəssisləri də orda iştirak edəcək. Bu da nəzarət imkanı verir. Emosiyasız və geniş baxaq. Orda ziyanlı məsələ yoxdur".

T.Zülfüqarovun sözlərinə görə, indiki mərhələdə "İranın Azərbaycanla əməkdaşlıq etməsi vacib amildir və bu addımla torpaqların azad olunacağına əminliyimizi ifadə edirik".

T.Zülfüqarov pessimizmə əsas görmür: "Mən torpaqların azad olunmasına əminəm. Bu bizim gələcəkdə xeyrimizə olacaq. Kim əksinə inanırsa, tənqid edə bilər. Biz daha əhəmiyyətli problem, yəni, Rusiyanın Ermənistana İran vasitəsilə bir milyard dollarlıq silah göndərməsinə fikir vermirik. Bu məsələni niyə qaldırmırıq? Real problemi görmürük, 3-5 körpüdən danışırıq".

"Bakı Tehranla məcburiyyət qarşısında qalaraq sənəd imzalayıb"

Adının çəkilməsini istəməyən, hakimiyyətə yaxın qaynaq AzadlıqRadiosuna deyir ki, Tehran həmin dövrdə Azərbaycana xəbər vermədən layihəni gerçəkləşdirməyə başlayıb. Ona görə Bakının Tehranla məcburiyyət qarşısında qalaraq belə bir sənəd imzaladığını, başqa yolu qalmadığını bildirir: "Faktiki olaraq, biz bu sazişi bağlamağa məcbur qalmışıq, yəni, heç olmasa, hüquqi baxımdan təhlükəni aradan götürək deyə. İkinci önəmli məqam odur ki, biz İranla düşmənçilik etsək, ermənilərə xidmət edəcəyik".

R.Mirqədirovsa bu yanaşmayla razılaşmır. O, bu arqumenti "həyat yoldaşı gözü qarşısında zorlanan ər buna hüquqi don geydirməyə çalışır" deyə dəyərləndirir və sual edir: "Heydər Əliyev dönəmində Azərbaycanın İrana "yox" deməyə gücü çatdığı halda, indi İlham Əliyev dövründə niyə eyni cavab verilmir, nə dəyişib? Bu cür milli maraqlarımıza zidd layihəyə qatılmağa bizim hakimiyyəti nə vadar edir?"

Xarici işlər nazirinin müavini Xələf Xələfov isə yerli mediaya deyib ki, körpülərin tikilməsinə sazişə uyğun olaraq "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyaları layihələrinin həyata keçirilməsi çərçivəsində baxılmalıdır. O həmçinin bildirib: "İran və Azərbaycan arasında yüksəksəviyyəli qarşılıqlı etimad, dostluq və mehriban qonşuluq əlaqələrindən çıxış edərək, inanırıq ki, bu körpülər məhz "Xudafərin" və "Qız Qalası" hidroqovşaqları və su elektrik stansiyaları ilə bağlı layihələrin həyata keçirilməsinə xidmət edir".

XS
SM
MD
LG