Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 05:48

Elmira Axundova və oğlu yenə məhkəmə çəkişməsində


Elmira Axundova, Bakı, 21 dekabr 2010
Elmira Axundova, Bakı, 21 dekabr 2010

Keçmiş deputat, hazırda isə Ukraynada səfir olan Elmira Axundova və oğlu Həbib Axundovun adı yenə məhkəmə çəkişməsində keçir.

Avqustun 5-də Bakı Apellyasiya Məhkəməsində onlarla bağlı daha bir məhkəmə qərarı çıxarılıb. 2019-cu ildə E. Axundova həm özü, həm də oğlu barədə mediadakı yazı və müsahibələrə görə 5 nəfəri məhkəməyə verib, onların hərəsini 10 min manat cərimələtdirmişdi. İddiaçı qismində H.Axundovun adı keçsə də, E.Axundova “müstəqil tələb irəli sürən üçüncü şəxs” qismində prosesə qoşulmuşdu.

Cərimələnənlərdən biri də 81-yaşlı jurnalist Feyruz Həşimov idi. O, hökmdən şikayəti gec verdiyinə görə Bakı Apellyasiya Məhkəməsi şikayətinə indi baxıb.

“Nə üzr istəyərəm, nə təkzib verərəm”

Feyruz Həşimov
Feyruz Həşimov

E.Axundova və oğlu iddia edir ki, prezidentə və başqa dövlət orqanlarına göndərilən şikayət məktublarında onlar haqqında yazılanlar həqiqətə uyğun deyil, ona görə həmin qurumlara təkzib məktubu göndərilməlidir. Cavabdehlərdən bəzilərində E.Axundova və oğlunun səs yazıları var.

Həmin danışıqlarda keçmiş deputat Müdafiə Nazirliyilə işbirliyindən danışır. E.Axundova istəyirdi ki, məhkəmə qarşı tərəfin üzərinə onlarda olan səs yazılarının, fotoşəkillərin ləğvi və istifadəsinin qadağan edilməsi barədə vəzifə qoysun.

F.Həşimov isə “Gündəlik Bakı” qəzeti-ndə “Məmləkətin indiki halında harınlıq milli xəyanətə bərabərdir” başlıqlı məqalədə səfirin oğlunun dəbdəbəli həyat tərzi barədə yazdıqlarıyla onun şərəf və ləyaqətini ləkələməkdə suçlanırdı.

Bakı Apellyasiya Məhkəməsi avqustun 5-də F.Həşimovun şikayətini qismən təmin edərək, qərarı ona aid hissədə dəyişib. 10 min manatlıq kompensasiya ləğv olunsa da, üzr istəmək və təkzib vermək öhdəliyi qalıb.

Amma F.Həşimov bununla da razı deyil. Deyir ki, yazdıqlarında yalan yoxdur, ona görə də nə üzr istəyəcək, nə də təkzib verəcək:

“İnterneti açın, görün oğlunun nə qədər bahalı maşınlarıyla şəkilləri çıxır qarşınıza. Cəbhədən əsgər tabutları gəlir, bunun oğlu bahalı yaşayışını reklam edir. Həmin maşınlar, obyektlər barədə sübutlarımızı da məhkəməyə təqdim etmişik. Harın həyat tərzi necə olur? Tikə-tikə doğrasalar da, nə üzr istəyərəm, nə təkzib verərəm”.

193 manat pensiyanın 100 manatını çıxıblar

Bundan öncə də F.Həşimovun E.Axundova ilə məhkəmə çəkişməsi olub. Onda da qocaman jurnalistin üzərinə 2 min manat təzminat ödəmək öhdəliyi qoyulub:

“Qocalığa görə ayda 193 manat pensiya alırdım, onun 100 manatını ona görə çıxırdılar. 20 ay çıxdılar...”

F.Həşimov Ali Məhkəməyə kassasiya şikayəti verəcəyini, əgər oradakı qərar da qane etməsə, bu işi Avropa Məhkəməsinə aparacağını vurğulayıb. Səfir və oğlunun adı bir müddət əvvəl Bakı Ağır Cinayətlər Məhkəməsində araşdırılan dələduzluq işində də hallanırdı. O işdə təqsirləndirilən H.Axundovun dostu Elnur İbrahimov idi.

Amma zərərçəkmişlər deyirdilər ki, onlardan pulu H.Axundov alıb. E.Axundova isə özü və oğlu haqqında yazılanların böhtan olduğunu, müəyyən şəxslər tərəfindən onlara qarşı qarayaxma kampaniyası aparıldığını iddia edir.

XS
SM
MD
LG