Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 22:08

Tofiq Yaqublunun həbsini belə yozdular...


Tofiq Yaqubluya 4 il 3 ay həbs cəzası verildi
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Tofiq Yaqubluya 4 il 3 ay həbs cəzası verildi

Milli Şuranın Koordinasiya Mərkəzinin və Müsavat Partiyasının üzvü Tofiq Yaqublu dünən, sentyabrın 3-də Bakının Nizami Rayon Məhkəməsinin qərarı ilə 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib. Prosesin gedişində vəkillərin verdiyi əksər vəsatətlər qəbul edilməyib. Xüsusilə də müdafiə tərəfinin israrına baxmayaraq, hadisə yerinin görüntüləri təqdim olunmayıb.

S.Həzi
S.Həzi

Milli Şuraya daxil olan Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin müavini Seymur Həzi AzadlıqRadiosuna deyib ki, bu həbs ölkədə ictimai rəyin nəzərə alınmamasının göstəricisi oldu:

"Məhkəmə artıq yuxarıdan gələn sifarişi sənədləşdirir"

"Əvvəl nəyisə düzüb qoşurdular, indi ona da ehtiyac duymurlar. İndi ağ yalanı söyləməklə, cəmiyyətin iradəsini nəzərə almamaqla qərar verirlər. Məhkəmə artıq yuxarıdan gələn sifarişi sənədləşdirir. Əvvəl, heç olmasa, bir tamaşa düzəldib onu sənədləşdirirdilər".

S.Həzi deyib ki, rəsmilərin müxtəlif açıqlamalarına baxmayaraq, məhkəmə-hüquq sistemində heç bir islahatdan söhbət gedə bilməz: "İndi hökumət özünü dalana dirəyib. Qərarlar qəbul edir və bu qədər də ictimai təpki alır. Düşünürəm ki, təkcə bu qərar deyil, məhkəmələrdə verilən bütün siyasi qərarlar həm Azərbaycanda hüququn vəziyyətini, həm də hakimiyyətin öz iradəsi ilə hüququ hansı hala saldığını göstərir".

R.Cəfərov
R.Cəfərov

"Kamera görüntülərindən istifadəyə cəhd belə edilməyib"

İnsan Haqları Klubunun rəhbəri Rəsul Cəfərov da deyib ki, bu məhkəmə qərarını əsaslandırılmamış hesab edir: "Bu nəticəyə ona görə gəlmişik ki, istintaq və məhkəmə prosesləri dövründə atılan addımlar qərəzli olub, əsaslandırmalar olmayıb".

Onun gəldiyi nəticəyə görə, işin hərtərəfli və obyektiv araşdırılması üçün vacib məqamlardan biri olan kamera görüntülərindən istifadəyə cəhd belə edilməyib. O, əlavə edib ki, istintaq da, məhkəmə də ancaq zərərçəkmiş kimi tanınan şəxslərin və şahidlərin ifadələrinə əsaslanıb:

"...İslahatlar söz olmaqdan o yana keçmir"

"Bütün bunlara görə hesab edirik ki, hökm əsassızdır. Belə hökmlər Azərbaycanın üzərinə götürdüyü beynəlxalq öhdəliklərə zidd olduğu üçün həm ölkə daxilində narazılıq yaradır, həm də ölkənin beynəlxalq imicinə zərbə vurur. Odur ki, Azərbaycan hökumətinə müraciət ünvanlamışıq ki, Tofiq Yaqublu mümkün olan ən qısa müddətdə azadlığa buraxılsın. Bu, həm də onun göstəricisidir ki, hökumətin məhkəmə-hüquq sistemində elan etdiyi islahatlar söz olmaqdan o yana keçmir".

S.Seyidov
S.Seyidov

"Məhkəmə sistemi kifayət qədər inkişaf edib"

Bu fikirlərə, hələlik, Məhkəmə Hüquq Şurasından münasibət almaq mümkün olmayıb. Amma Azərbaycanın Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Səməd Seyidov "Turan" agentliyinə deyib ki, məhkəmə qərarını verib, kimlərsə bununla razılaşa və ya razılaşmaya bilərlər.

O xatırladıb ki, Azərbaycan Avropa İnsan Hüquqları Məhkəməsi və Avropa Konvensiyasının yurisdiksiyası altındadır: "Odur ki, kimsə hesab edirsə ki, yerli məhkəmə işə qeyri-obyektiv baxıb, bütün məhkəmə mərhələləri üzrə müraciət etmək haqqı var".

O, daha sonra da əlavə edib: "Azərbaycanda hüquq-mühafizə və məhkəmə sistemi kifayət qədər inkişaf edib. Buna görə də insanlar razılığı və narazılığı həmin sistem daxilində müzakirə, həll etməlidirlər".

"...Məhkəmə sisteminin kağızla yenilənməsi mümkün deyil"

Milli Məclisin İnsan hüquqları komitəsinin üzvü, deputat Razi Nurullayev isə hesab edir ki, T.Yaqublu ilə bağlı qərarın necə verildiyi məlumdur: "Amma hər halda, Tofiq Yaqublunun məsələsində siyasi çalarlar var. Bunu danmaq mümkün deyil".

R.Nurullayev
R.Nurullayev

Onun fikrincə, Azərbaycanda məhkəmə sistemində aparılan islahatlar hələ tam oturuşmayıb: "Hər halda, məhkəmə sisteminin kağızla yenilənməsi mümkün deyil. Kifayət qədər köhnə təfəkkürlü, köhnə qaydalarla qərar çıxaran və işləyən bir sistem oturuşub. Bunların dəyişdirilməsi üçün kifayət qədər radikal addımlar lazımdır. O radikal addımlar hələ ki, yoxdur. Amma proses gedir, nə qədər uzanacağı, hələ ki, məlum deyil".

Tofiq Yaqublu kimdir

Tofiq Yaqublu Azərbaycanın ərazi bütövlüyü uğurunda döyüşlərdə iştirak edib. 1992-1993-cü illərdə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini vəzifəsində çalışıb. 1992-ci ildən Müsavat Partiyasının üzvüdür. Bu partiyanın Binəqədi rayon şöbəsinin sədri, Məclisinin üzvü, başqanın müavini olub.

T.Yaqublu 1998-ci ildə 2 il müddətinə şərti azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Buna səbəb onun müxalifətin Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan 12 sentyabr aksiyasında iştirakı olub.

2013-cü ilin yanvarında isə İsmayıllıda baş vermiş hadisələrlə bağlı iğtişaşda günahlandırılaraq həbsə alınıb, 5 il müddətinə azadlıqdan məhrum edilib. 2016-cı ildə əfv fərmanı ilə azadlığa çıxıb.

2019-cu il oktyabrın 19-da isə Milli Şuranın Bakı Şəhər İcra Hakimiyyəti ilə razılaşdırılmayan aksiyasında saxlanıb. 30 sutka inzibati cəza alıb. O, həmin vaxt işgəncələrə məruz qaldığını açıqlayıb. Amma Daxili İşlər Nazirliyi işgəncə iddialarını təkzib edib.

Xatırlatma

Tofiq Yaqublu bu il martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunur ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub: "Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublunun ittiham olunduğu Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsində 2 ildən 6 ilə qədər həbs cəzası nəzərdə tutulurdu.

Amma T.Yaqublu özünü̈ təqsirli bilmir və sifarişlə ona qarşı təxribat törədildiyini deyir. O, saxlanmamışdan öncə - martın 22-də Facebook səhifəsində məlumat paylaşaraq ciddi təxribatla üzləşdiyini vurğulamışdı.

""8-ci kilometr bazarı"nda park halındakı maşınımı qəsdən, nümayişkaranə şəkildə vurdular və üstümə hücum etdilər. Öyrədilmiş adamlardır", - o yazmışdı.

O, məhkəmədə də son sözündə günahsız olduğunu bəyan edib və aclıq aksiyasına başladığını açıqlayıb.

XS
SM
MD
LG