Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:16

Hüquqşünas: 'Rusiya ordusu Azərbaycan qanunları çərçivəsində hərəkət etməlidir'


Dağlıq Qarabağda Rusiya sülhməramlıları
Dağlıq Qarabağda Rusiya sülhməramlıları

Azərbaycanın işğaldan azad edilən əraziləri ilə bağlı yeni bir qanunun qəbul edilməsi təklif olunur.

"Azad edilmiş ərazilərdə Azərbaycan qanunları qüvvədə olmalıdır. Bu ərazilər üçtərəfli bəyanat əsasında idarə olunur, amma bu halda belə Rusiya ordusu Azərbaycan qanunları çərçivəsində hərəkət etməlidir. Əks halda, Rusiya tədricən Qarabağı öz ərazisinə birləşdirəcək".

Bunu da hüquqşünas Fuad Ağayev qeyd edib. Onun fikrincə, Onun fikrincə, Milli Məclis sülhməramlıların nəzarət etdiyi ərazidə normativ hüquqların tətbiqi haqqında qanun qəbul etməsə, orada vəziyyət dəyişməyəcək.

Hüquqşünas Samirə Ağayeva də hesab edir ki, belə bir qanun aktualdır və mütləq lazımdır.

"Orada Azərbaycan qanunları qüvvədə olmalıdır"

"Onda sülhməramlıların fəaliyyəti əks olunmalıdır, azad edilmiş ərazilərdə qanunvericilik, məhkəmə və icra hakimiyyəti orqanları yaradılmalıdır. Orada Azərbaycan qanunları qüvvədə olmalıdır", - o bildirib.

V.Hacıbəyli
V.Hacıbəyli

Başqa bir hüquqşünas Vaqif Hacıbəyli də vurğulayır ki, ən qısa zamanda Dağlıq Qarabağdakı sülhməramlıların və yerli əhalinin müvəqqəti statusu haqqında qanun qəbul edilməlidir. Onun fikrincə, qanunda Qarabağda, o cümlədən Xankəndində Türkiyə və ya rəsmi Bakının icazə verdiyi başqa dövlətin silahlı qüvvələrinin monitorinq keçirmək hüququ müəyyən edilməlidir.

"Milli Məclisin icazəsi ilə..."

V.Hacıbəyliyə görə, qanun sülhməramlıların mövcudluğunun vaxt baxımından da çərçivələrini müəyyən etməlidir: "Müddəti zərurət olduqda və Milli Məclisin icazəsi ilə daha bir il uzatmağın mümkünlüyü qeyd edilməklə, bir il müəyyən etmək yaxşı olardı".

Başqa bir hüquqşünas, sonuncu parlament seçkilərində deputatlığa namizəd Cavad Cavadov da Gürcüstan parlamentində işğal olunmuş ərazilər haqqında qəbul edilmiş qanunu xatırladıb.

"Beynəlxalq təcrübədə sülhməramlıların fəaliyyəti..."

Amma C.Cavadov başqa mövqe tutur. O hesab edir ki, hələlik Rusiya sülhməramlılarının nəzarətində olan rayonların Azərbaycanın hüquq müstəvisinə qayıtmasına çox az vaxt qalıb.

C.Cavadov
C.Cavadov

"Beynəlxalq təcrübədə sülhməramlıların fəaliyyəti, bir qayda olaraq, BMT qərarları əsasında tənzimlənir. Həmçinin, ikitərəfli razılaşmalar əsasında tənzimləmə mümkündür", - o vurğulayıb.

Onun deməsinə görə, indi dünyada bir çox ərazidə BMT-nin icazə vermədiyi sülhməramlılar missiyası fəaliyyət göstərir:

"Üçtərəfli bəyanat bu prosesdə əsas hüquqi sənəddir"

"Bununla belə, bu missiyalar BMT-nin hamı tərəfindən qəbul edilmiş prinsiplərinə tabe olur: münaqişə tərəflərinin razılığı ilə yerləşdirilir, neytral olmalıdır, yalnız öz statusları və özünümüdafiə çərçivəsində silahdan istifadə edir. Bəyanatın yerinə yetirilməsi, münaqişə tərəfləri arasında kommunikasiyaların yaradılması Rusiya, Azərbaycan və Ermənistan arasında razılaşma əsasında həyata keçirilir. Üçtərəfli bəyanat bu prosesdə əsas hüquqi sənəddir".

C.Cavadovun fikrincə, bu sazişə əlavə və dəyişikliklər yalnız tərəflərin razılığı ilə edilə bilər.

"Milli Məclisin öz ərazisində sülhməramlılar haqqında qanun qəbul etməsi beynəlxalq təcrübəyə zidd olacaq və hüquqi qüvvəyə malik olmayacaq", - C.Cavadov AzadlıqRadiosuna bildirib.

Milli Məclisin deputatı Zahid Oruc isə mövzu ilə bağlı "Turan" agentliyinə açıqlamasında azad edilmiş ərazilərdə vəziyyətin daim dəyişməsinə diqqət çəkib:

Z.Oruc
Z.Oruc

"Azərbaycanın hərəkətləri..."

"Noyabrın 25-də Kəlbəcər rayonu qaytarılıb, beş gün sonra ermənilər Laçın rayonunu qaytaracaqlar. Xankəndi şəhərinin Azərbaycandan elektrik enerjisi ilə təchiz edilməsi haqqında məlumat yayılıb, erməni sakinlər Azərbaycan əsgərlərindən köçmək üçün kömək istəyirlər və s. Minaların təmizlənməsi işləri başlayıb. Bütün baş verənlər üçtərəfli bəyanat, İ.Əliyev, V.Putin və R.T.Ərdoğan arasında danışıqlar əsasında həll olunur".

Z.Oruc Milli Məclisin sülh prosesinə çətinlik yaradan qərarlar qəbul etməməsini vacib hesab edir. Onun fikrincə, region Azərbaycanda Ermənistan ordusu olmadan, münaqişələrsiz və Qarabağda sülhsevər erməni əhali ilə Hərtərəfli Sülh Müqaviləsinə doğru getməlidir. "Azərbaycanın hərəkətləri regionda baş verən prosesi müəyyən edən aparıcı ölkələrin siyasətinə uyğunlaşdırılmalıdır", - Z.Oruc bildirib.

Xatırlatma

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u günün sonuna, döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da ( 9-da) Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması nəzərdə tutulur. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilir.

Noyabrın 20-də Azərbaycan ordusu razılaşmaya uyğun olaraq Ağdam rayon mərkəzinə daxil olub. Bu gün, noyabrın 25-də isə Kəlbəcər rayonu işğaldan azad edilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG