Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:31

Cəbhədə indi nə baş verir?


Əsgəranda Rusiya sülhməramlısı
Əsgəranda Rusiya sülhməramlısı

Cəbhə bölgəsinin Azərbaycanın işğaldan azad edilən hissəsində atəşkəs yenidən pozulub. Azərbaycanın Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə məlumatına görə, hələ noyabrın 26-da işğaldan azad olunmuş Xocavənd rayonun Sur kəndində xidmət aparan ordu qüvvələrinə qəfil hücum olub. Nəticədə üç Azərbaycan hərbi qulluqçusu öldürülüb, iki nəfər yaralanıb. Dekabrın 8-də isə həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı da Azərbaycanın bir hərbi qulluqçusunun həlak olduğu və "Azercell" şirkətinin əməkdaşının ağır yaralandığı açıqlanıb.

Məlumata görə, Azərbaycanın Xocavənd rayonunun Hadrut qəsəbəsinin şimal-qərb hissəsində meşəlik ərazidə Ermənistan silahlı qüvvələrinin bəzi qüvvələri qalıb: "Onların ərazidən çıxarılması üçün Ermənistan tərəfi Rusiya Federasiyası sülhməramlı qüvvələrinin komandanlığına müraciət etmişdi. Azərbaycan tərəfi haqqında bəhs olunan erməni silahlı dəstələrinin ərazidən çıxarılması ilə əlaqədar bütün şəraiti təmin etmişdir. Rusiya sülhməramlı qüvvələrinin hərbi qulluqçuları ağır hava şəraitində həmin əraziyə gələrək səs gücləndirici vasitələrlə meşəlik ərazidə olan erməni silahlı dəstələrinə müraciət etmiş və onların ərazidən təxliyəsi üçün zəruri tədbirlərin görüldüyünü bildirmişdir".

Birgə məlumata görə, həmin silahlı dəstələr ərazini tərk etməyib və terror-təxribat əməlləri törədiblər. "Qeyd olunanları nəzərə alaraq, Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti həmin ərazidə antiterror əməliyyatı keçirmək məcburiyyətində qalıb", - məlumatda yazılıb.

Tərəflər bir-birlərini razılaşmanı pozmaqda ittiham edir

Bu ara qarşı tərəfdən də ölən və yaralananların olduğu bildirilir. Ermənistan Müdafiə Nazirliyi bildirib ki, Azərbaycan ordusu artilleriya atəşindən istifadə edərək hücuma keçib. Bu ölkənin Xarici İşlər Nazirliyi də qeyd edib ki, "Azərbaycan ordusu dekabrın 12-də işğal etdiyi ərazilərdən çıxmalı və ora mülki ermənilər yerləşdirilməlidir. Rəsmi Bakı üçtərəfli bəyanatı pozmağa cəhd göstərir".

Azərbaycan Xarici İşlər Nazirliyi isə buna cavab olaraq bildirib ki, rəsmi Yerevanın onların ünvanına iddiaları əsassızdır və qəbuledilməzdir. Qurum Ermənistanı üçtərəfli bəyanatın tələblərinə ciddi riayət etməyə və bundan sonra onun icrasına əngəl törədən "destruktiv" fəaliyyətdən çəkinməyə çağırıb.

Dekabrın 12-də prezident İlham Əliyev də ATƏT-in Minsk qrupunun nümayəndə heyətini qəbul edərkən bu məsələyə toxunmuşdu. O bildirib ki, "ya erməni yaraqlıları, yaxud "Ermənistan ordusu" adlandırdıqları qüvvələr bəzi terror aktları törədilib: "Bu, əlbəttə ki, narahatlıq doğurur. Mənə elə gəlir ki, Ermənistan yenidən başlamağa heç bir vəchlə cəhd etməməlidir".

A.Mollazadə
A.Mollazadə

"Təxribatlar Ermənistandakı problemlərlə bağlıdır"

Milli Məclisin deputatı Asim Mollazadə "Turan” agentliyinə bunları deyib: "Erməni hərbçilərin təxribatının qarşısı alınıb və qeyd olunan istiqamətdə peşəkar Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri bir sıra bölgələr üzərində nəzarəti gücləndiriblər. Bütün lazım olan addımlar atılıb. Təxribatlar, əslində, Ermənistandakı problemlərlə bağlıdır. Ermənistanda revanşist qüvvələr düşünürlər ki, hansısa formada təxribatı həyata keçirərək mövcud olan vəziyyətlə bağlı şübhələr yarada bilərlər...".

"Onlar Rusiyaya minnətdar olmalıdırlar ki,..."

Deputat deyib ki, Ermənistanın təxribatları uğursuz nəticələnəcək: "Çünki Ermənistanın artıq müharibə aparmaq gücü yoxdur".

A.Mollazadənin fikrincə, onlar Rusiyaya minnətdar olmalıdırlar ki, bu ölkə növbəti dəfə onları xilas edib: "Elə qüvvələr var ki, onlar hər zaman erməni xalqının "genosid" barəsində qışqırıb bağırırlar və bunun nəticəsində çox ciddi bəhrələnirlər, pul yığırlar. Onlara müharibə və erməni xalqının qurbanları lazımdır. Ermənistanda artıq kimsə bunu başa düşməlidir. Ermənistan vətəndaşları artıq erməni diasporunun daxilində olan müharibədən hər zaman bəhrələnən qüvvələrin qurbanına çevrilib".

A.Mollazadə bildirib ki, Ermənistan qonşu ölkələrə qarşı öz ərazi iddialarını kənara qoyub bu ölkələrlə əməkdaşlıq barəsində düşünməlidir: "Bunun üçün şansları var. Mən əminəm ki, bu xırda hansısa qüvvələr tərəfindən idarə olunan qruplar ümumi vəziyyəti dəyişdirə bilməyəcəklər və qısa müddətdə məsələ həllini tapacaq".

Ə.Oruclu
Ə.Oruclu

"...Dronlara görə aktuallaşır və Şuşanı mühasirəyə salmaq istəyirlər"

Politoloq Ərəstun Oruclu isə Hadrut ərazisində artan gərginliyin hansısa başıpozuq dəstələrin əməli olduğunu düşünmür. O, AzadlıqRadiosuna bildirib ki, məğlub Ermənistan tərəfinin bu cəsarəti yoxdur, ola da bilməz: "Zənnimcə, məsələ başqa cürdür və baş verənlər iki mühüm hədəfə yönəlib. Birincisi, hələ sovet dövründə Hadrut rayonu ərazisində radioelektron mübarizə stansiyası var idi. Həmin stansiya olan relyef çox vacibdir, ona nəzarəti qaytarmaq istəyirlər. Relyef ona görə vacibdir ki, bu gün də həmin radarların, daha doğrusu, radioelektron mübarizə stansiyalarının qurulması dronlara görə aktuallaşır. Amma bir şərtlə ki, bu dəfə Rusiya, Çin və İran arasında geniş əməkdaşlıq çərçivəsində. Onlardan biri də çox güman ki, elə Hadrutdakı həmin ərazidə nəzərdə tutulur. İkincisi isə, Şuşanı mühasirəyə salmaq istəyirlər".

Politoloq qeyd edib ki, hər iki məntəqə hərbi-strateji baxımdan son dərəcə əhəmiyyətlidir: "Hadrut ərazisində vaxtı ikən yerləşən stansiya, daha doğrusu, onun yerləşdiyi ərazinin relyefi həm İranın, həm də Azərbaycanın hava məkanına nəzarət etməyə imkan verir. Şuşanın strateji əhəmiyyəti də bəllidir. Şuşa kimdədirsə, Qarabağa nəzarət də ondadır".

"Qarabağda hərbi baza qurmağı planlaşdıran Rusiya üçün..."

Ə.Oruclu vurğulayıb ki, belə bir iddialar Ermənistanın gücü çərçivəsində gerçəkləşə bilməz: "Qarabağda hərbi baza qurmağı planlaşdıran Rusiya üçün hər iki məntəqə son dərəcə ciddi əhəmiyyət kəsb edir...".

Demokratiya və Rifah Hərəkatının rəhbəri Qubad İbadoğlu da AzadlıqRadiosuna bildirib ki, son günlər baş verən hadisələr gözlənilən idi: "Baxmayaraq ki, atəşkəs bəyannaməsi var və, eyni zamanda, Rusiyanın sülhməramlıları təmas xəttində yerləşiblər, belə lokal insidentlər əvvəlcədən gözlənilirdi. Çünki rus ordusu (Sovet ordusu) 1988-1990-cu illərdə Qarabağda eyni funksiyanı yerinə yetirəndə belə hallarla dəfələrlə rastlaşmışdıq. O zaman da ölüm halları qeydə alınmışdı, yaralananlar da olmuşdu...".

Q.İbadoğlu
Q.İbadoğlu

"Onların nəzarəti kənarında hələ ki, heç nə baş verməyib"

Q.İbadoğlunun fikrincə, bu lokal toqquşmalar davam edəcək: "Rusların ora gəlməsi onların əlini-qolunu açıb, onlar özlərini daha rahat, təhlükəsiz hiss etməyə başlayıblar. Digər tərəfdən, hesab edirəm ki, bütün bu baş verənlər Rusiyanın maraq çərçivəsindədir və onların idarə edəcəyi səviyyədədir. Yəni ki, onların nəzarəti kənarında hələ ki, heç nə baş verməyib. Ona görə də, yaxın zamanlarda düşünmürəm ki, müharibə yenidən başlaya bilər. Baxmayaraq ki, sülh müqaviləsi yoxdur, müharibənin hər zaman başlama ehtimalı var. Amma nəzərə alsaq ki, ortalıqda bir atəşkəs bəyanatı var və o, üçtərəfli qaydada Rusiya vasitəçiliyi ilə imzalanıb, Rusiya öz nüfuzuna xələl gətirməz".

Xatırlama

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ savaşı) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Amma bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirib ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib. Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Razılaşmaya əsasən, Kəlbəcər, Ağdam və Laçın rayonları da Azərbaycanın nəzarətinə qaytarılıb. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin isə Azərbaycanın separatçı saydığı qüvvələrin və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

XS
SM
MD
LG