Keçid linkləri

2024, 18 Dekabr, çərşənbə, Bakı vaxtı 17:44

'Kölgələr günorta yox olur'


Kölgə iqtisadiyyatı. Karikatura
Kölgə iqtisadiyyatı. Karikatura

Kölgə iqtisadiyyatı ilə mübarizədən son illər Azərbaycanda çox danışılır.

"Ölkə iqtisadiyyatının strateji hədəflərinə yönələn vergi siyasəti biznes üçün təşviqedici xarakter daşımalı, kölgə iqtisadiyyatı ilə mübarizə, ədalətli rəqabət mühitinin dəstəklənməsini davam etdirməliyik. 2020 ilin fiskal nəticələri bu tədbirlərin uğurlu olduğunu göstərir".

Bunu öz Twitter hesabında fevralın 17-də İqtisadiyyat naziri Mikayıl Cabbarov yazıb.

Keçid dövrü

Bu il yanvarın axırında "Regionların 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın icrası ilə bağlı keçirilən konfransda da prezident İlham Əliyev demişdi ki, Azərbaycanda sahibkarlara dəstək artırılmalı, rüşvət və kölgə iqtisadiyyatının qarşısı alınmalıdır. Dövlət başçısının sözlərinə görə, dövlət orqanları kölgə iqtisadiyyatına son qoyulması ilə bağlı keçid dövrü müəyyən edib.

Bundan əvvəlki illərdə də rəsmilərin oxşar açıqlamaları diqqət çəkib. Bəs həmin illər ərzində bu istiqamətdə nə işlər görülüb?

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzindən "Turan" agentliyinə bildirilib ki, Azərbaycanda iqtisadiyyatın leqallaşması prosesi gedir: "Ötən ildə iqtisadiyyatın 4 faiz geriləməsinə baxmayaraq, dövlət büdcəsinin gəlirləri 2019-cu ilin eyni dövrü ilə müqayisədə 1 milyard manata yaxın artıb. Ümumi daxili məhsul (ÜDM) deflyatorunu da nəzərə alsaq, büdcə gəlirlərinin artımı daha çox iqtisadiyyatın "ağardılması" ilə bağlıdır. 2020-ci ildə Azərbaycanın dövlət büdcəsinə qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmaları 5.6 milyard manat təşkil edib".

Sizcə, vergidən yayınanlar kimlərdir?
Gözlə

No media source currently available

0:00 0:01:46 0:00

"Kölgə iqtisadiyyatının azalmasına dəlalət edir"

Qurumdan qeyd edilib ki, bu, indiyədək qeydə alınan ən yüksək göstəricidir. Mərkəzin məlumatına görə, qeyri-neft-qaz sektoru üzrə yığılan vəsaitin cəmi daxilolmalarda xüsusi çəkisi 76 faizə çatıb: "Dövlət büdcəsinə vergi daxilolmaları 2020-ci ildə ölkə üzrə ÜDM-in 10.2 faizini təşkil edib. Bu da 2019-cu illə müqayisədə 0.8 faiz çoxdur. Ümumilikdə, qeyri-neft sektoru üzrə vergi daxilolmaları dövlət büdcəsinin ümumi qeyri-neft gəlirlərinin 52.6 faizini təşkil edib. İqtisadiyyatın kölgədən çıxarılması tikinti və ictimai iaşə sahələrində də davam edir. Elektron qaimə dövriyyəsinin, əlavə dəyər vergisi (ƏDV) depoziti hesabına mədaxilin, özəl sektorun banklardakı manatla cari hesablaşma hesabının qalığının, qeyri-neft sektorunun özəl bölməsində əməkhaqqı fondunun və elektron ticarətin həcminin artması da kölgə iqtisadiyyatının azalmasına dəlalət edir".

Qurumdan vurğulandığına görə, səyyar yoxlamaların sayının 2 il ərzində 7 dəfə azalması fonunda vergi daxilolmalarının artması könüllü ödəmələrin payının yüksəlməsi anlama gəlir: "Könüllü ödəmələrin payı 90 faizdən çox artıb. Bu göstərir ki, münbit şərait yarandığı halda sahibkarlıq mədəniyyəti da artır".

Mərkəzdən əlavə ediblər ki, iqtisadiyyatın leqallaşması nəticəsində əldə olunan gəlirlər ilk növbədə əhalinin sosial rifahının yaxşılaşdırılmasına və pandemiyanın mənfi təsirlərinin azaldılması tədbirlərinin icrasına yönəldilib.

İqtisadçı Natiq Cəfərli isə AzadlıqRadiosuna bildirib ki, kölgə iqtisadiyyatının olması ilə bağlı ictimai müzakirələrin açılması təqdirəlayiq addımdır: "Digər tərəfdən isə sual yaranır ki, ictimaiyyət bununla bağlı zatən məlumatlıdır. Hökumət orqanlarının görəcəyi işlər nədən ibarət olmalıdır ki, kölgə iqtisadiyyatının səbəbləri aradan qaldırılsın?".

"...kölgə iqtisadiyyatının həcmi 45-60 faiz arasında dəyişir"

O qeyd edib ki, müxtəlif beynəlxalq hesabatlarda Azərbaycanda kölgə iqtisadiyyatının həcmi 45-60 faiz arasında dəyişir: "Ən azı 45 faiz, ən yüksək hədd isə 60 faiz göstərilib. Azərbaycanda əmək müqavilələrinin bağlanmasında ciddi problem var, ticarət dövriyyəsinin böyük hissəsi nağdlaşdırılmış şəkildə aparılır. Bu da kölgə iqtisadiyyatının bir təzahürüdür. Koronavirus pandemiyasından sonra elektron ticarət və terminal ödənişləri bir az artıb, amma ümumilikdə götürəndə hələ də digər ölkələrdən çox aşağı səviyyədəyik. Azərbaycanda büdcə xərcləmələrində problem var".

N.Cəfərli
N.Cəfərli

"Səbəblər aradan qaldırılmasa…"

N.Cəfərlinin fikrincə, Azərbaycanda kölgə iqtisadiyyatı ilə mübarizə istiqamətində son zamanlar atılmış addımlardan biri kimi bir neçə struktur qərarlarını göstərmək olar: "Məsələn, İnvestisiya Holdinqinin, müşahidə şuralarının yaranması bu sahədə atılmış addım kimi göstərmək olar. Amma fundamental olaraq bu islahatların hədəfi nədən ibarətdir, qarşıda duran problemin analizi nədir, bilinmir. Məsələn, dövlət şirkətlərində korrupsiya halları nədən baş verir, niyə satınalmalarda qiymətlər şişirdilir? Sanki problemlər deyilir, amma səbəblərin aradan qaldırılması yolları haqqında bir söz deyilmir. Səbəblər aradan qaldırılmasa, uzun müddət hələ nəticələri müzakirə edə-edə qalacağıq".

İqtisadçı vurğulayıb ki, son illər ərzində kölgə iqtisadiyyatı ilə mübarizədə müəyyən müsbət tendensiya var: "Məsələn, gömrük rüsumlarının rəsmiləşdirilməsi artıb. İqtisadiyyatda keçən il ciddi daralma - təxminən 4.2 faiz olub, amma sərhədlərin bağlı olmasına və pandemiya ilə bağlı bəzi digər məsələlərə baxmayaraq, gömrük daxilolmalarında ciddi dəyişiklik olmayıb. Bu onu göstərir ki, əvvəl qeyri-leqal gələnlərin leqallaşdırılması yönündə müəyyən addımlar atılır. Vergi elektron sistemində də müəyyən müsbət dəyişikliklər var. Yoxlamaların sayı azalıb".

"Ümumdünya Ticarət Təşkilatına üzv olsaq…"

O, əlavə edib ki, bəzi müsbət dəyişikliklərə baxmayaraq, kölgə iqtisadiyyatının səbəbləri aradan qaldırılmır: "Bunun səbəbi maraq toqquşmalarıdır. Yəni, tenderləri şəffaf keçirmək istəyəndə məlum olur ki, tenderdə müxtəlif məmurlara bağlı şirkətlər iştirak edir deyə, orada şəffaflığın təmin edilməsi həmin məmurların maraqlarına ziddir".

N.Cəfərlinin sözlərinə görə, problemə kompleks şəkildə yanaşmaq lazımdır: "Uzun illərdir Rəqabət Məcəlləsi qəbul olunmur. Ölkənin bir çox beynəlxalq qurumlara üzvlük məsələsi həll olunmur. Ümumdünya Ticarət Təşkilatına üzv olsaq, beynəlxalq standartlara uyğun qanunvericiliyimizi tənzimləməliyik ki, bu da kölgə iqtisadiyyatına zərbə vura bilər. Avropa Birliyi ilə illərdir ki, danışıqlar gedir, amma tərəfdaşlıq sazişi imzalanmır, çünki saziş imzalansa, bir çox institusional dəyişikliklərə imkan yaranacaq".

Bu mövzuda danışan bir sıra başqa ekspertlər də deyir ki, "əslində, təbiətdə də kölgələr günorta yox olur".

XS
SM
MD
LG