Keçid linkləri

2024, 02 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 07:14

Əliyevin istefasını tələb edənə 1 il 3 ay həbs verildi


Nicad İbrahim
Nicad İbrahim

Prezident Administrasiyasının qarşısında İlham Əliyevə istefa tələbi ilə etiraz aksiyası keçirməyə gedərkən saxlanılan ictimai fəal Nicad İbrahim 1 il 3 ay azadlıqdan məhrum edilib. Martın 5-də Nəsimi rayon Məhkəməsində onun haqqında hökm çıxarılıb. O, CM-in 139-1.1 maddəsi ilə - koronavirus olduğu halda, küçəyə çıxıb başqalarının həyatına təhlükə yaratmaqda təqsirli bilinib.

Hökmdən əvvəl məhkəmədə son sözünü deyən İbrahim günahsız olduğunu, heç vaxt koronavirusa yoluxmadığını, etiraz aksiyası keçirmək istədiyinə görə cəzalandırıldığını vurğulayıb: "Mən söz verirəm ki, bundan sonra, hətta hüquqlarım pozulsa belə, etiraz eləmərəm. Mən səkkiz aydır həbsdəyəm, ailəm çox pis vəziyyətdədir. Adi qaz yoxdur, mən odun tapıb gətirirdim. Evə qazanc gətirən mən idim. Ailə, iki azyaşlı qız uşağı başsız qalıb".

COVID-19 daşıyıcısı idisə...

Onun vəkili də koronavirus yayma ittihamının məhkəmədə sübuta yetirilmədiyini vurğulayaraq müvəkkili haqqında cinayət işinə xitam verilməsini istəyib. Vəkil Zibeydə Sadıqova bildirib ki, əgər İbrahim COVID-19 daşıyıcısı idisə, tutulandan sonra iki gün polis idarəsində niyə saxlanılıb, müalicə müəssisəsinə yerləşdirilməyib?

"Nicad İbrahimin tutulmamışdan əvvəl COVID daşıyıcısı olduğunu təsdiqləyən heç bir sübut yoxdur", – deyən müdafiəçi məhkəmədə dindirilən iki polis əməkdaşı və bu işin istintaqını aparmış müstəntiqin haqqında xüsusi qərar çıxarmasını da istəyib. Vəkil vurğulayıb ki, polis əməkdaşları yalan ifadə verdiyinə, müstəntiq də təqsirsiz adamın bilə-bilə qanunsuz həbs olunmasına görə cəzalandırılmalıdır.

Vəkil əlavə edib ki, hətta onun koronavirus daşıyıcısı olduğu halda, küçəyə çıxması haqda iddialar doğru olsaydı belə, prokurorun ona 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası istəməsi ədalətsizdir. Çünki bu maddədə başqa alternativ cəzalar da var, ən ağırı 3 ilə qədər azadlıqdan məhrumetmədir: "Prokuror nəyə əsaslanıb ittihamın sübuta yetirildiyini deyir, 1 il 6 ay azadlıqdan məhrumetmə cəzası istəyir, məlum deyil".

"İllərlə hüquqları pozulub"

Hakim Elməddin Hüseynov beş dəqiqəlik müşavirədən sonra ictimai fəal haqqında ittiham hökmü çıxarıb və ona prokurorun istədiyindən cəmi 3 ay az həbs cəzası təyin edib.

Həyat yoldaşı Pərvin İbrahimli AzadlıqRadiosuna bildirib ki, hökmdən apellyasiya şikayəti veriləcək: "Hakim özü də yaxşı bilirdi ki, o günahsızdır. İllərlə hüquqları pozulub, o da buna etiraz edirdi. Buna görə cəzalandırdılar".

Nicad İbrahim iyulun 20-də saxlanılıb. Bundan iki gün öncə o, Facebook hesabından elan vermişdi ki, həmin gün Prezident Administrasiyasının qarşısında etiraz aksiyası keçirəcək.

Nəsimi rayonu, 19-cu polis bölməsinin əməkdaşları isə məhkəmədə ifadə verərkən deyiblər ki, İbrahimi əməliyyat məlumatı əsasında, karantin rejimi qaydalarını pozduğuna görə küçədə saxlayıblar. Bölməyə gətiriləndən sonra müayinədən keçirilib və COVID-19 daşıyıcısı olduğu aydınlaşıb.

İbrahim bir neçə il əvvəl də ağzını tikib aclıq etməklə polislərə qarşı etiraz aksiyası keçirmişdi.

XS
SM
MD
LG