Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 21:07

'Bu sərəncam Azərbaycanda siyasi məhbuslar problemini həll etmir'


A.Məmmədli
A.Məmmədli

Martın 18-də prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncam imzalayıb.

Hüquq müdafiəçisi Anar Məmmədli AzadlıqRadiosuna bildirib ki, Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrupun siyahısında 90 nəfərdən artıq siyasi məhbus var: "Belə olan halda siyasi məhbusların üçdə biri azadlığa buraxılıb, üçdə ikisi isə həbsdə qalıb. Bütövlükdə bu sərəncam Azərbaycanda siyasi məhbuslar problemini həll etmir".

Onun qeyd etməsinə görə, daha yaxşı olardı ki, bütünlükdə siyasi məhbuslar azadlığa çıxardı və ya onların bir qisminin cəzalarının yüngülləşdirilməsi ilə bağlı addımlar atılardı:

"Hakimiyyətin siyasi iradəsi çatmır"

"Amma çox təəssüf ki, bu baş vermədi. Bu da onu göstərir ki, hakimiyyətin bütövlükdə siyasi məhbus problemini həll etməklə bağlı siyasi iradəsi çatmır. Yəni, hakimiyyət hələ də çəkinir, ehtiyat edir və Azərbaycanda siyasi məhbuslar problemi həll olunmamış qalır".

Hüquq müdafiəçisi hesab edir ki, hakimiyyət siyasi məhbus probleminə öz münasibətini dəyişməlidir: "Daha çox çalışmalıdırlar ki, heç bir şəxs öz fərqli fikrinə, siyasi baxışlarına görə həbsdə qalmasın və Azərbaycan Avropa Şurasının qarşısında götürdüyü öhdəliklərini tam həyata keçirmiş olsun".

A.Məmmədlinin fikrincə, bu məsələ Azərbaycanda normal siyasi mühitin formalaşması yönündə hələ də problemlərin olduğunu göstərir.

Deputat: “Bu əvəzolunmaz bir sevincdir”

Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu komitəsinin üzvü Fəzail Ağamalı isə “Turan” Agentliyinə deyib ki, Prezident İlham Əliyev əsasını Heydər Əliyevin qoyduğu humanizm və mərhəmət siyasətini davamlı olaraq həyata keçirir:

"Bu ənənəyə söykənərək cənab prezidentin bugün məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında sərəncamı heç şübhəsiz ki, bir çox ailələrə, vətəndaşlarımıza böyük sevinc bəxş etdi. Üst-üstə 625 nəfərə bu sərəncam şamil edilib. 475 nəfər isə sabahdan azadlığa çıxacaq və bayram günü öz ailəsilə bərabər qeyd edəcəklər".

Fəzail Ağamalı
Fəzail Ağamalı

Deputat qeyd edib ki, bu əvəzolunmaz bir sevincdir:

"Bu, cənab prezidentimizin humanizmindən və insani dəyərlərinə söykənən fəlsəfəsindən irəli gəlir. Əminəm ki, əfv olunan şəxslər cənab prezidentimizin bu xeyirxah addımını yüksək dəyərləndirəcəklər".

Ağamalının fikrincə, maraqlı cəhətlərdən biri də 3 nəfər ömürlük azadlıqdan məhrum edilən şəxsin cəzasının 25 il azadlıqdan məhrumetmə ilə əvəzlənməsidir:

"Bu xüsusi olaraq psixoloji baxımdan son dərəcədə humanist addımdır. Çünki bu maddə altında ömrünün axırına kimi dəmir barmaqlıqlar arxasında həyatının davam etdirilməsi çox ağırdır. Bu, bir insan faciəsidir".

Deputat qeyd edib ki, bundan başqa 98 nəfərin cəzasının çəkilməmiş hissəsinin yarıya qədər azaldılması da ciddi əhəmiyyət kəsb edir:

"Onlar da tezliklə öz doğmalarına qovuşa biləcəklər".

Ağamalı əlavə edib ki, o bir deputat kimi əvf sərəncamını çox yüksək qiymətləndirir:

"Azad olunanların hamısını təbrik edirəm, onlara bundan sonra cinayətdən kənar xeyirxah həyat arzulayıram. Cənab prezidentimizə də vətəndaşlarımıza vermiş olduğu bu sevincə görə millət vəkili kimi təşəkkürümü bildirirəm".

Xatırlatma

Martın 18-də prezident İlham Əliyevin imzaladığı "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" Sərəncamı ümumilikdə 625 nəfərə şamil edilib. Onlardan həbs cəzasına məhkum olunan 475 nəfər cəzasının çəkilməmiş hissəsindən azad edilib.

Yerli və beynəlxalq hüquq müdafiəçilərinin siyahılarında siyasi məhbus kimi tanınan 40 nəfərə yaxın şəxsin də əfv sərəncamına düşdüyü bildirilir.

XS
SM
MD
LG