Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:19

Kiyev Moskvadan sərhədə qoşun yığmasının səbəbini soruşur


Ukrayna prezidenti Volodomir Zelenski təmas xəttində
Ukrayna prezidenti Volodomir Zelenski təmas xəttində

Ukrayna hökuməti bildirir ki, Rusiya onun Donbasdakı vəziyyətin müzakirəsi üçün danışı1lar çağırışına indiyədək cavab verməyib.

Aprelin 12-də Ukrayna Xarici İşlər Nazirliyi bildirib ki, beynəlxalq razılaşmalara uyğun olaraq Rusiyaya danışıqlar üçün dəvət göndərilib.

Kiyev Rusiya hökumətindən Ukrayna sərhədi boyunca “əhəmiyyətli qoşun cəmləşdirilməsinin səbəbi” barədə izahat istəyir.

"Təssüf ki, Rusiya tərəfi bu sorğuya uyğun olaraq mahiyyəti etibarilə izahat verməkdən imtina edir. Rusiya nümayəndə heyəti habelə Ukraynanın aprelin 10-da ATƏT-in digər üzv ölkələri ilə keçirdiyi görüşü də boykot edib”.

Ukrayna hərbiyyəsi Donbasada Rusiya tərəfindən dəstəklənən separatçıları münaqişə zonasında martın sonundan bəri atəşin artmasına görə ittiham edib. Separatçılar öz növbəsində gərginlyin artmasında Kiyevi günahlandırılar.

Sosial media istifadəçiləri Ukrayna sərhədi boyunca və ilhaq olunmuş Krımda cəmləşdirilən Rusiya qoşun və texnikasının foto və videolarını yayırlar.

Bu materiallar hələlik rəsmən təsdiq olunmayıb.

40 minədək əsgər

Qərb liderləri Rusiyanın Ukrayna ərazisinə qoşun yeridə biləcəyindən narahatdırlar.

Ukrayna prezidenti Volodimir Zelenskinin mətbuat katibi Yuliya Mendel aprelin 12-də deyib ki, Kiyevin sorğusunda Rusiya prezidenti Vladimir Putinlə birbaşa dialoq nəzərdə tutulur.

Xanım Mendel deyib ki, Zelenski belə bir təklifi Putinə hələ martın 26-da, təmas xəttində dörd ukraynalı hərbçi həlak olduqdan dərhal sonra göndərib.

Sözçü deyib ki, Rusiya Ukrayna sərhədi boyunca və Krımda 40 minədək əsgər toplayıb.

Mətbuat katibi əlavə edib ki, Zelenski Donbasdakı vəziyyətin təcili müzakirəsi üçün Fransaya səfər planlaşdırır.

Fransa - Almaniya və Rusiya ilə birlikdə Ukraynanın şərqindəki münaqişənin tənzimlənməsi üçün yaradılmış “Normand dördlüyünün” üzvüdür.

Vaşinqtonun “əsəblərini” yoxlamaq

Bəzi təhlilçilər bildirirlər ki, Rusiyanın son hərəkətləri yeni ABŞ prezidenti Co Baydenin administrasiyasının Ukraynaya dəstək vədinin ciddiliyini və Vaşinqtonun “əsəblərini” yoxlamaq cəhdi ola bilər.

Aprelin 11-də NBC telekanalına müsahibə verən dövlət katibi Entonu Blinken Rusiyaya Ukraynaya qarşı “məsuliyyətsiz və ya təcavüzkar” hərəkətlərin sonu bəlli olmayan nəticələri barədə xəbərdarlıq edib.

Kreml bundan əvvəl bildirmişdi ki, şərqi Ukraynadakı rusdillilərin taleyinə “biganə qaılmayacaq”.

Britaniyanın xarici işlər naziri Dominik Raab aprelin 11-də deyib ki, London və Vaşinqton “Rusiyanın Ukraynanı qarışdırmaq kampaniyasına” qarşı çıxırlar.

O Moskvanı gərginliyi dərhal azaltmağa çağırıb.

“Putinin həmişə sözü var”

Kremlin sözçüsü Dmitri Peskov aprelin 12-də deyib ki, son günlər Vladimir Putinlə telefon danışığı üçün heç bir sorğu daxil olmayıb:

"Qaldı gərginliyin və potensial müharibənin önlənməsinə, Vladimir Putinin bu barədə deməyə həmişə sözü var”.

Rusiya tərəfi Kiyevi Ukrayna silahlı qüvvələrinin “təxribatları” ilə əlaqədar tənqid edib.

Moskva Rusiyanın Cənub Hərbi Dairəsində böyük qoşun yerdəyişmələrini burada planlaşdırılan təlimlərə hazırlıqla izah edir.

Rusiya Donbasdakı münaqişədə birbaşa iştirak etdiyi barədə ittihamları həmişə birmənalı rədd edib.

XS
SM
MD
LG