Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 03:20

Paşinyan: Azərbaycan kəşfiyyat peyki alanda...


Nikol Paşinyan
Nikol Paşinyan

Paşinyan Qarabağda təhlükəsizliyi bundan sonra da “özünümüdafiə ordusunun” Rusiya sülhməramlıları ilə birgə təmin edəcəyini vurğulayıb

Azərbaycan kəşfiyyat peyki alanda Ermənistan hakimiyyəti Yunanıstan adalarında torpaq sahələri alırdı. Bunu Ermənistanın Baş naziri Nikol Paşinyan aprelin 14-də parlamentdə çıxışı zamanı deyib.

Paşinyan parlamentdə hökumətin 2020-ci il proqramının gedişi və nəticələri haqda hesabat təqdim edib.

2017-ci ildə aparılmış və ovaxtkı hakimiyyətin maliyyələşdirdiyi təhlilə istinadən Paşinyan deyib ki, vacib infrastrukturun inkişafının xüsusi çəkisinə görə Ermənistan Azərbaycana şərti olaraq 10:1 hesabı ilə uduzurdu.

Yenə də həmin analizə istinad edən baş nazir qeyd edib ki, Ermənistanın hərbi sənaye sistemi 2016-cı ilin aprelindən sonra formalaşmağa başlayıb, yəni Azərbaycandan 11 il geri qalıb.

“20 illik xəyanət, 20 illik kapitulyasiya”

“2017-ci ildə Azərbaycanın iki peyki vardı, onlardan birini – kəşfiyyat peykini almışdılar. Bəli, Azərbaycan kəşfiyyat peyki alanda Ermənistan hakimiyyəti Yunanıstan adalarında, Avropada, mümkün olan yerlərdə torpaq sahələri alırdı. Buna görə demək lazımdır ki, onlar dövlətin institusional təşəkkülündə uduzdular, dövləti Ermənistanın bütün həyati gücünü alan mafioz struktura çevirdilər...” – Paşinyan deyib.

O, “20 illik xəyanət, 20 illik kapitulyasiya” ilə mübarizə apardıqlarını vurğulayıb. “Bu uca tribunadan bəyan edirəm ki, azadlıq, güclü və xoşbəxt Ermənistan adına mübarizəmizi davam etdirəcəyik”, – Paşinyan bildirib.

Paşinyan qeyd edib ki, müharibə vaxtı Lələtəpə yüksəkliyinə hücum təklifi və qərarını generallar verib.

“Deyirlər ki, mən qərar vermişəm: ‘Serj Sarkisyan Lələtəpəni verdi, mən isə deyirəm, gedin, alın’ və bu zaman 700 nəfər həlak olub. Bu tamamilə absurddur. Bu əməliyyat təklifi generala məxsusdur, onu reallaşdırmaq qərarını general verib, o zaman belə generallarla qərar qəbul edirdik...” – deyən Paşinyan əlavə edib ki, ondan fikrini soruşanda ən yüksək rütbəli generala üz tutub, o isə bunu “yaxşı ideya” adlandırıb.

İlham Əliyev: "İskəndər" raketi ilə bağlı Rusiyadan cavab gözləyirik
Gözlə

No media source currently available

0:00 0:02:14 0:00

102 saylı hərbi bazanın dayaq məntəqəsi

Baş nazirin fikrincə, Ermənistanın xarici təhlükəsizliyinin təminatında vacib element Ermənistan-Rusiya hərbi ittifaqıdır.

“Bu planda birgə erməni-rus hərbi qruplaşması və birgə havadan müdafiə sisteminin Ermənistanın təhlükəsizliyi üçün praktik mənası var. Bu iki sistemin söykəndiyi sənədlərin məntiqinə görə Ermənistana hücum Rusiyaya hücumdur və iki ölkə xarici təhdidlərə qarşı birlikdə dayanmalıdırlar”, – Paşinyan söyləyib.

O, həmin kontekstdə Ermənistan silahlı qüvvələrində irimiqyaslı islahatların başlandığını qeyd edib.

“Biz həmçinin Ermənistandakı 102 saylı Rusiya hərbi bazasının genişləndirilməsi imkanlarını, 102 saylı bazanın Syunik vilayətində dayaq nöqtəsinin yaradılmasını rusiyalı tərəfdaşlarımızla müzakirə edirik”, – baş nazir deyib.

O, Qarabağda təhlükəsizliyi bundan sonra da “özünümüdafiə ordusunun” Rusiya sülhməramlıları ilə birgə təmin edəcəyini vurğulayıb.

Azərbaycan ötən il 44 günlük müharibə nəticəsində Qarabağın bir hissəsi və ətraf 7 rayona nəzarəti geri ala bilib. Amma qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

XS
SM
MD
LG