Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 11:41

Prezident: 'Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan istəsə də, istəməsə də...'


İ.Əliyev
İ.Əliyev

"Biz Zəngəzur (Ermənistanın Sünik vilayəti –red.) dəhlizini icra edəcəyik".

Bunu Azərbaycan Dövlət Televiziyasina müsahibəsində prezident İlham Əliyev deyib.

O qeyd edib ki, Zəngəzur dəhlizinin yaradılması Azərbaycanın milli, tarixi və gələcək maraqlarına tam cavab verir: "Biz Zəngəzur dəhlizini icra edəcəyik, Ermənistan bunu istəsə də, istəməsə də. İstəsə, daha asan həll edəcəyik, istəməsə də zorla həll edəcəyik...".

Prezident sonra da əlavə edib: "Bizim əsas rəqibimiz zamandır. Çünki dəmir yolunun, avtomobil yolunun çəkilişi vaxt tələb edir. Ona görə bütün güclər səfərbər olunub ki, bu layihə icra edilsin. Beləliklə, Azərbaycan xalqı 101 il bundan əvvəl bizim əlimizdən alınmış Zəngəzura qayıdacaqdır".

İ.Əliyev həmin müsahibəsində daha əvvəl isə demişdi: "Biz imkan verə bilmərik, Ermənistan yenə də öz ordusunu o vəziyyətə gətirib çatdırsın ki, bizə hansısa bir təhdid olsun. Biz əgər mümkün olan təhdidi təsbit etsək, dərhal onu məhv edəcəyik. Bunu hər kəs bilməlidir - həm Ermənistan, həm də onun havadarları. Çünki bu, milli müdafiədir, milli təhlükəsizlik məsələsidir. Bununla paralel olaraq, biz əməkdaşlığa da hazırıq - baxmayaraq ki, Ermənistan azərbaycanlılara qarşı dövlət səviyyəsində soyqırımı törətmişdir".

Ermənistan bəyanatı pisləyir

Ermənistan ərazi bütövlüyünə qəsd, güc tətbiqi ilə bağlı təhdidləri kəskin şəkildə pisləyir. AzadlıqRadiosunun Ermənistan xidməti xəbər verir ki, bu haqda XİN-in sözçüsü Anna Nağdalyan açıqlama yayıb.

"Bu cür bəyanatlar regionda sülhə və saitliyə ciddi ziyan vurur. Onlar Azərbaycanın son vaxtlar sülh və barışıq xarakterli bəyanatlarının yalançı xarakterini üzə çıxarır", – Nağdalyan vurğulayıb.

"Biz strateji müttəfiqimiz, o cümlədən Cənubi Qafqazda sülhün bərqərar olmasında maraqlı bütün tərəfdaşlarımızla daimi əlaqə saxlayırıq. Ermənistan özünün suverenliyinin və ərazi bütövlüyünün müdafiəsi üçün gərəkən bütün addımları atacaq", – XİN sözçüsü bildirib.

Xatırlatma

2020-ci ildə Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə, sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin ilin 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir. Bu il yanvarın 11-də də Moskvada Azərbaycan, Rusiya prezidentləri və Ermənistanın baş naziri üçtərəfli bəyanat imzalayıblar. Həmin bəyanat isə, əsasən, regionda nəqliyyat infrastrukturunun, iqtisadi əlaqələrin bərpa və genişləndirilməsini nəzərdə tutur.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG