Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 14:00

Putin Rusiya vaksinini ‘Kalaşnikov’a bənzədib - Qərb mediası


Rusiya prezidenti Vladimir Putin iddia edib ki, Rusiyada istehsal olunmuş koronavirus vaksini “Kalaşnikov” avtomatı qədər etibarlıdır.

The Telegraph yazır ki, mayın 7-də Rusiyanın səhiyyə rəsmiləri Sputnik V vaksininin birdozalı variantını – Sputnik Light vaksini yaradıldığını elan ediblər.

Fevral ayında 92 faiz effektivliyə malik olduğu bildirilmiş Sputnik V təcili qaydada istifadə üçün indiyədək 64 ölkədə təsdiqlənib.

Lakin buna baxmayaraq Rusiya vaksini Avropa İttifaqında hələki təsdiqlənməyib.

Hazırda bu vaksini ittifaqın səhiyyə agentliyi – EMA araşdırır.

Rusiyada Sputnik V vaksinindən başqa daha iki vaksin işlənib hazırlanıb, lakin onların laboratoriya sınaqları barədə çox az məlumat var.

Sputnik V vaksininin özü də beynəlxalq normalarla tələb olunan üç faza sınaqların yalnız ikisindən keçib.

“Professor demişkən”

Amma Putin Rusiya vaksinindən razıdır. O mayın 7-də keçirilən video konfransında deyib:

“Bunlar, bir Avropa eksperti demişkən, Kalaşnikov avtomatı qədər etibarlıdır. Sputnik V vaksini Kalaşnikov avtomatı kimi sadə, etibarlı və effektivdir”.

Buna bənzər sözləri Vyana Tibb Universitetinin professoru Florian Talhammerin bir qəzetə dediyi iddia olunur.

The Telegraph yazır ki, vaksinin effektivliyi qənaətbəxş olsa da, onun istehsalı zamanı keyfiyyətinə necə nəzarət edildiyi şübhələr doğurur.

Aprel ayında Slovakiya bildirmişdi ki, onun aldığı Sputnik V vaksininin dəsti EMA-ya göndərilən nümunələrdən fərqlənir.

Bratislava həm də deyirdi ki, vaksin yükü ilə birlikdə preparatın texniki təsviri və göstəriciləri təqdim olunmayıb.

Rusiyalıların yalnız 10 faizi vaksinlənib

Məqalədə deyilir ki, Rusiya vaksinin hələki EMA-dan keçməməsinə baxmayaraq, Macarıstan da daxil bir sıra Avropa ölkələri onu sifariş ediblər. İtaliya isə Sputnik V vaksinini istehsal etməyə hazır olduğunu bəyan edib.

Slovakiyanın baş naziri bu vaksindən məxfi şəkildə 2 milyon doza sifariş etdiyinə görə yaranmış siyasi qalmaqaldan sonra istefa verməli olub.

AstraZeneca və Johnson & Johnson vaksinləri kimi The Sputnik V və Sputnik Light vaksinləri də adi soyuqdəymə virusunun genetik modifikasiya edilməsi üsulu ilə yaradılıb. Soyuqdəymə virusu da tip etibarilə koronavirusdur.

Sputnik Light vaksininin yaradıcıları iddia edirlər ki, onun bir dozası COVID-19 xəstəliyinə qarşı ən azı qısa müddətdə etibarlı müdafiə yaradır və pandemiyaya qarşı mübarizədə ondan istifadə oluna bilər.

Sputnik V vaksininin Moskva və Sankt Peterburq kimi iri şəhərlərdə təchizatı yaxşıdır, amma ümumilikdə indiyədək rusiyalıların cəmi 10 faizi peyvənd olunub.

Mayın 7-də Rusiyada koronavirusa 8386 yeni yoluxma qeydə alınıb və 376 ölüm hadisəsi baş verib.

XS
SM
MD
LG