Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 09:53

Əhmədinejatın niyyəti prezident olmaq deyilmiş – Qərb mediası


Əhmədinejat kimsəsiz uşaqlarla yemək yeyir, 2012-ci il
Əhmədinejat kimsəsiz uşaqlarla yemək yeyir, 2012-ci il

Müəllifin fikrincə, Əhmədinejat bir daha prezident seçilməyəcəyini anlayır, amma onun ambisiyaları bu vəzifəyə sığmır

“Foreign Policy” dərgisində Həmidrza Əzizi yazır ki, İranın keçmiş prezidenti Mahmud Əhmədinejatın seçkiyə butaxılmaması əslində ondan ötrü qələbə sayılır.

“Onun məqsədi bu il prezidentliyi qazanmaq deyildi, planı qələbəsinin əngəllənməsi, özünü fundamental ədalətsiz rejimin qurbanı kimi təqdim etmək idi”, – müəllif yazır.

İranın Üləmalar Şurası 18 iyun seçkisinə yeddi nəfəri buraxıb. Onlardan biri ədliyyənin nüfuzlu başçısı İbrahim Rəisi daxil olmaqla yeddi nəfər buraxılıb.

Hamının tanıdığı və tanımadığı Əhmədinejat və...

Parlamentin keçmiş spikeri, mötədil Prezident Həsən Ruhaninin müttəfiqi sayılan Əli Laricani, indiki Vitse-prezident Eşaq Cahangiri, keçmiş prezident Mahmud Əhmədinejat seçkiyə buraxılmayıblar. Şura qərarını əsaslandırmayıb.

Əhmədinejat hələ Daxili İşlər Nazirliyində sənədlərini təqdim edəndə namizədliyi təsdiqlənməzsə onu boykotla hədələyib. O, namizədlərdən heç birini dəstəkləməyəcəyini açıq bəyan edib. Mühafizəkar siyasətçilər onu özünün iki dəfə prezident seçilməkdən ötrü yararlandığı sistemə meydan oxuduğuna görə tənqid ediblər.

Əhmədinejat müsahibələrindən birində özünü “liberal demokrat” adlandırıb. Sərt xətt tərəfdarları opponentlərini gözdən salmaq üçün bu termindən istifadə edirlər. “Mən sizin ağlınızdakı Əhmədinejat deyiləm”, – keçmiş prezident bunu da deyib. Müəllif bu cümlənin Əhmədinejatın mesajını anlamaqdan ötrü vacib olduğunu yazır. Yəni, o hamının tanıdığı şəxs deyil.

Transformasiya...

Məqalədə Əhmədinejatın transformasiyasının 10 il öncə, prezidentliyinin ikinci dönəmində başladığı qeyd olunur. O, özünü İran hökumətinin mühafizəkar qanadından ayırmağa başlamışdı. Son dörd il ərzində isə o, ölkənin siyasi sisteminin bir sıra qırmızı xətlərini keçib, 2018-2019-cu illərin etiraz aksiyalarını dəstəkləyib, İranda “sistematik korrupsiya”nı tənqid edib və sairə.

Müəllifin fikrincə, Əhmədinejat bir daha prezident seçilməyəcəyini anlayır, amma onun ambisiyaları bu vəzifəyə sığmır.

“O, 82 yaşlı Ali dini lider Əli Xameneyinin ölümündən sonra yaranacaq hakimiyyət boşluğunu gözləyir. Ölkədə təşkilatlanmış siyasi müxalifət yoxdur, xaricdəki müxalif qruplar isə ya parçalanmış durumdadır, ya da xalq onları dəstəkləmir. O, ali dini lider vəzifəsinə keçmək istəyir”, – müəllif yazır.

Əhmədinejatın keçmiş müşaviri, hazırda onun qatı tənqidçilərindən olan Əbdülrza Davari deyir ki, onun keçmiş şefi Xameneyidən sonra İslam Respublikasının çökəcəyinə inanır.

Mahmud Əhmədinejat 2005-ci ildən 2013-cü ilədək prezident olub.

XS
SM
MD
LG