Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 00:59

Siyasi məhbus məhkəmədə qələmi boğazına soxub


Minskli məhbus Stepan Latıpov məhkəmə zalında qələmi boğazına soxub.

Bu barədə məlumatı Vesna insan haqları mərkəzi verib.

Latıpov xüsusilə böyük məbləğdə dələduzluqda, asayişin pozulmasında və milisə müqavimət göstərməkdə ittiham olunur.

O Belarus paytaxtında “Dəyişiklik meydanı” kimi tanınan məhəllənin fəalıdır. 2020-ci ilin prezident seçkisindən sonra nümayişçilər şəhərin içərilərinə doğru yürüşləri məhz bu məhəllədən başlayırdılar.

Latıpov 2020-ci ilin sentyabrında meydanda çəkilmiş plakatın hakimiyyət orqanları tərəfindən boyanmasını dayandırmağa çalışarkən həbs olunub.

O saxlandıqdan sonra Belarus dövlət telekanalı fəalın guya ölkəyə kimyəvi maddələrin gətirilməsini təşkil etdiyini iddia edən videosüjet nümayiş etdirmişdi. İddialara görə guya Latıpov bu maddələrlə milis əməkdaşlarını zəhərləməyi planlaşdırırmış.

“Press-xata”

İyunun 1-də keçirilən məhkəmə dinləməsində Latıpov deyib ki, onu 51 gün müddətində “press-xatada” saxlayıblar. Belarus həbsxanalarında məhbus üçün başqa məhbusların iştirakılə dözülməz şəraitin yaradıldığı xüsusi kameralar belə adlanır.

Latıpov məhkəmə zalında atasına müraciətlə deyib ki, onunla görüşdən sonra müstəntiq onun kamerasına gəlib.

Fəalın dediyinə görə, müstəntiq ona xəbərdarlıq edib ki, təqsirini etiraf etməsə, onun bütün qohumlarına və hətta qonşularına cinayət işi açılacaq.

Latıpov bunu dedikdən sonra mühafizəçilərin əlləri ona çatmasın deyə skamyanın üstünə qalxıb və əlindəki qələmi boğazına soxub.

AzadlıqRadiosunun Belarus xidməti xəbər verir ki, nəzarətçilər müttəhimlər qəfəsini dərhal aça bilməyiblər, çünki həmin vaxt qəfəsin açarı onlarda olmayıb.

Müttəhim huşsuz vəziyyətdə xəstəxanaya aparılıb.

“Dövlət terrorunun nəticəsi”

Belarus müxalifətinin hazırda Litvada mühacirətdə olan lideri Svyatlana Tixanovskaya Twitter-də yazıb:

"Onu, əgər təqsirini etiraf etməzsə yaxınlarına cinayət işi açılacağı ilə təhdid ediblər. Belarusda dövlət terrorunun, repressiya və işgəncələrin nəticəsi budur. Biz bunları dərhal dayandırmalıyıq!”

Belarus paytaxtı Minskdə və ölkənin başqa şəhərlərində yarım ilə yaxın müddətdə izdihamlı antihökumət aksiyaları keçirilib.

Nümayişçilər ölkənin avtoritar başçısı Alyaksandr Lukaşenkanın seçkidə altıncı dəfə qalib elan edilməsinə etiraz edirdilər.

Hakimiyyət bu etirazları amansızlıqla yatırıb və iştirakçılara divan tutub.

ABŞ, Avropa İttifaqı və bir sıra Qərb ölkələri 9 avqust Belarus prezidenti seçkisinin nəticələrini tanımırlar.

Bu ölkələr habelə Lukaşenkanı legitim lider saymadıqlarını bəyan ediblər.

Vaşinqton Lukaşenkanı müxalifətlə dialoqa başlamağa və təkrar seçki keçirməyə çağırır.

XS
SM
MD
LG