Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 07:25

Riker Azərbaycanda saxlanan erməni hərbçilərdən danışdı


Filip Riker Yerevanda AzadlıqRadiosu-na müsahibə verir
Filip Riker Yerevanda AzadlıqRadiosu-na müsahibə verir

Ötən dekabrda tərəflər arasında əsir mübadiləsi həyata keçirilib. Dekabrın 15-də 44 erməni və 12 azərbaycanlı əsir dəyişdirilib

ABŞ-ın aparıcı diplomatı ötənilki Qarabağ müharibəsindən sonra hərbi əsirlərin buraxılmasında proqres olmamasından narahatlıq bildirir.

44 günlük 2-ci Qarabağ müharibəsində ümumilikdə 6 mindən çox insan öldürülüb. Müharibə 10 noyabr atəşkəs razılaşması ilə başa çatıb. Qoşunların təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

“Saxlananların hamısının qaytarılmasını istəyirik”

Atəşkəs razılaşmasında müharibə vaxtı saxlanmış hərbi əsirlərin və digər şəxslərin buraxılmasını nəzərdə tutan maddə var.

“Məncə, söhbətin insanlardan, münaqişənin hər iki tərəfindəki insanlardan, uşaqlardan, həyat yoldaşlarından, valideynlərdən getdiyini yadda saxlamalıyıq və saxlananların hamısının qaytarılmasını istəyirik”, – ABŞ dövlət katibinin köməkçisi vəzifəsini icra edən Filip Riker Yerevanda AzadAvropa/AzadlıqRadiosu-na (RFE/RL) deyib.

Ötən dekabrda tərəflər arasında əsir mübadiləsi həyata keçirilib. Dekabrın 15-də 44 erməni və 12 azərbaycanlı əsir dəyişdirilib.

Əsir mübahisəsi

Ermənistan Azərbaycan tərəfin 60-dək erməni hərbçisini saxladığını deyir. Amma Azərbaycan əməliyyat bitəndən sonra saxlananların əsir deyil, terrorçu-diversant olduğunu vurğulayır, barələrində istintaq getdiyini bildirir.

Tərəflərin neçə nəfəri saxladığı bəlli deyil.

“Mən, eləcə də Birləşmiş Ştatlar hökuməti əsirlərin, saxlananların hamısının azad edilərək evlərinə qayıtmasının vacibliyini dəfələrlə qeyd etmişəm. Bu münaqişənin adamlara təsir göstərdiyini yadda saxlamalıyıq”, – Riker deyib.

ABŞ rəsmisi erməni əsirlərin məsələsinin Bakıda da müzakirə olunduğunu, indiyədək açıq bəyanatlarda vurğulanan məqamları aydın ifadə etdiklərini söyləyib. “Dövlət katibi Blinken bəyan edib ki, irəli getmək, münaqişənin bütün aspektlərini həll etmək, hərtərəfli həllə nail olmaqdan ötrü saxlananlar azad edilməlidir”, – o deyib.

Son həftələr tərəflər bir-birini sərhəd boyunca bir sıra insidentlərdə ittiham ediblər. Bu isə Ermənistanda 20 iyun parlament seçkiləri öncəsi atəşkəsə təzyiqi artırır.

Texniki ekspertiza

Riker deyib ki, Vaşinqton tərəflər arasında sərhəd demarkasiyası ilə bağlı məsələlərin həllində texniki ekspertiza daxil olmaqla kömək göstərməyə hazırdır.

“Biz texniki ekspertiza işinə təsvirlərlə kömək edə bilərik. Bunu etməyə hazırıq, Minsk qrupunun digər həmsədrləri, gərəkərsə digərləri ilə işləməyə hazırıq”, – Riker vurğulayıb.

Filip Riker Vaşinqtonun ATƏT-in Minsk qrupu çərçivəsində prosesi dəstəklədiyini bir daha təsdiqləyib. O, prosesə qayıtmağın, onu dirçəltməyin vacibliyini vurğulayıb.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Hər iki ölkə müstəqil olandan (1991) sonra onların arasında sərhədlər dəqiqləşdirilməyib.

XS
SM
MD
LG