Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 07:23

Belarus ‘kiberpartizanları’ pasport bazasına giriş əldə etdiklərini deyirlər


Onların haker müdaxiləsi etdikləri bazada 11 milyon vətəndaşa aid məlumatlar var

Belarusda “kiberpartizanların” anonim haker qrupu ölkənin bütün əhalisinin pasport məlumatlarına çıxış əldə etdiyini bildirib.

Onların haker müdaxiləsi etdikləri bazada 11 milyon vətəndaşa aid məlumatlar var.

Bu barədə məlumatı CurrentTime telekanalı yayıb.

Hakerlər iddialarının sübutu kimi Mərkəzi Seçki Komissiyasının sədri Lidiya Yermoşinanın, Respublika Şurasının başçısı Natalya Kaçanovanın, DTK-nın sədri İvan Tertelin və hətta Alyaksandr Lukaşenkanın pasport məlumatlarını Telegram kanala yerləşdiriblər.

Kiberpartizanlar Dövlət Təhlükəsizliyi Komitəsinin əməkdaşlarına dair məxfi məlumatları da ələ keçirdiklərini bildiriblər.

Haker müdaxiləsinə məruz qalmış mənbənin “Pasport” informasiya mərkəzi olduğu düşünülür.

Bu sistem ölkənin milis bölmələrinə və pasport-viza sisteminə xidmət göstərir.

Əgər xəbərin doğruluğu təsdiq olunarsa, bu, Belarisin tarixində ən böyük məlumat sızması olacaq.

Haker yox IT

CurrentTime müxbirləri yoxlama üçün hakerlərə iki könüllü barədə informasiya sorğusu veriblər. Hakerlərin cavabı demək olar ani olub. Bu isə onların sözü gedən məlumat bazasına birbaşa çıxışlarının olduğunu göstərir.

Belarus pasportlarından həm ölkə daxilində, həm də xaricdə istifadə olunur. Ölkədə uşaqlara da pasportlar verilə bilər.

Pasport masalarında pasport sahiblərinin anketləri, fotoları, ünvanları və iş yerləri barədə məlumatlar saxlanır.

Ələ keçmiş məlumatların arasında vaxtilə Qırğızıstandan Belarusa qaçmış prezident Kurmanbek Bakıyevin də pasportu var.

Kurmanbek Bakıyev
Kurmanbek Bakıyev

Kiberpartizanlar daha böyük “Müqavimət” haker birləşməsinə daxildirlər.

CurrentTime yazır ki, Belarus “Kiberpartizanlar” qrupu 2020-ci il prezident seçkisindən dərhal sonra yaranıb.

Qrup habelə nümayişçilərə işgəncə verilməsində iştirak etmiş hüquq-mühafizə orqanları əməkdaşlarına aid məlumatları da əldə etdiyini bildirir.

Onlar Telegram-dakı ilk postlarında yazırlar ki, nə bu informasiya üçün pul istəyir, nə manifest yazır, nə də kriprovalyuta buraxmaq niyyətindədirlər.

Qrup üzvləri bildirirlər ki, onların son məqsədi “Lukaşenkanın faşist rejiminə” son qoyulmasıdır.

Qrup bunu da bildirir ki, onun üzvləri peşəkar haker yox, keçmiş IT mühəndisləridir.

XS
SM
MD
LG