Keçid linkləri

2024, 26 Oktyabr, şənbə, Bakı vaxtı 02:35

İran dronları –  'Toyota Corolla' misalı


İranın fələstinlilərin şərəfinə adlandırdığı "Gaza" dronu
İranın fələstinlilərin şərəfinə adlandırdığı "Gaza" dronu

Təhlilçilərin fikrincə, dronlar Tehrana regionda apardığı gizli əməliyyatlara görə məsuliyyəti boynundan atmasına imkan verir

İranda ilk dəfə olaraq ölkə hüdudları daxilində şübhəli silahlılars dron zərbəsi endirib. İslam İnqilab Keşikçiləri Korpusunun (İİKK) dron zərbəsini dekabrın 28-də ölkənin cənub-şərqindəki Kerman vilayətində həyata keçirdiyi bildirilir.

AzadlıqRadiosu-nun müxbiri Gülnaz İsfəndiyari İranın elit silahlı qüvvələrinin ölkə içində təhdid obyektlərini ilk dəfə dronla vurmasının bu ölkənin dron gücünə işıq saldığını yazır.

“Dəqiq” əməliyyat

İİKK “dəqiq” əməliyyat nəticəsində tanınmış “bandit” və onun iki silahdaşının öldürüldüyünü bildirir. Həmin şəxslərin ərazidə iğtişaşları qızışdırdığı qeyd olunur. İki gün öncə onlar İİKK-nın iki üzvünü öldürüblər.

Əməliyyatın keçirildiyi Riqan mahalına qonşu Sistan-Baluçistan vilayəti Pakistan və Əfqanıstanla sərhədə yaxındır. Həmin ərazilərdə isə narkotik alverçiləri, separatçılar, silahlı qruplar fəaliyyət göstərir. Vilayətin əhalisi əsasən etnik bəluçlardan ibarətdr.

Bəluç mənbələri dron zərbəsində azı dörd bəluç döyüşçüsünün yuxuda ikən öldürüldüyünü xəbər verir.

Təhlilçilər İranın indiyədək Yaxın Şərqdəki əlaltılarına dron göndərdiyini, regionda kəşfiyyat, sabotaj və hücum missiyalarında onlardan istifadə etdiyini deyir. Bu ölkənin dron proqramının müasir olmasa da, regionda ciddi təhdid yaratdığı vurğulanır. Tehrana bağlı qeyri-dövlət qrupları getdikcə dron hücumlarına daha çox əl atırlar.

“Məqsədə çatmaq üçün yaxşıdır”

“Onlar haqda dronların Toyota Corolla-sı kimi düşünün”, – ABŞ-da yerləşən Xarici Siyasət Araşdırmaları İnstitutunun tədqiqat üzrə direktoru Aaron Şteyn deyib. Toyota Corolla Yaponiya istehsalı olan etibarlı avtomobildir.

“Məqsədə çatmaq üçün yaxşıdır, amma cəlbedici, müasir deyil”, – deyən Şteyn İranda dronların əsasən kommersiya hissələrindən yığıldığını qeyd edir.

O, İran dronlarının regionda yerləşən ABŞ qüvvələrinə təhdid yaratdığını da vurğulayır. Qonşu İraqda yerləşən Amerika hərbi obyektləri indiyədək iranpərəst silahlılar tərəfindən hədəfə alınıb.

“İranın regionda dronları yayması beynəlxalq sülh və sabitliyi təhdid edir”, – bunu isə ABŞ Maliyyə nazirinin müavini Uolli Adeyemo oktyabrda deyirdi. O, İİKK-nın iki rəsmisinə, iki başqa şəxsə və Vaşinqtonun mövqeyincə, İİKK-nın dron proqramına ciddi dəstək verən iki şirkətə sanksiyalar açıqlamışdı.

“İran və ona işləyən silahlılar ABŞ qüvvələri, tərəfdaşlarımız və beynəlxalq gəmiçiliyə qarşı hücumlarda dronlardan istifadə ediblər”, – Adeyemo vurğulayıb.

Gözlənilməz hücumlar, məsuliyyəti danma

“IHS Jane's” qrupunun müdafiə məsələləri üzrə təhlilçisi Ceremi Binni düşünür ki, İran dronları İraq, Suriya və Yəməndəki iranpərəsət silahlı qrupların hərəkətlərini gözlənilməz edib.

“Uzaq məsafələri vura bilən dronlar hədəfləri gözlənilməz məsafələrdən vura bilir”, – Binni söyləyib. O, havadan müdafiə sistemlərinin belə silahların qarşısını almasının çətin olduğunu da sözlərinə əlavə edir.

Təhlilçilərin fikrincə, dronlar Tehrana regionda apardığı gizli əməliyyatlara görə məsuliyyəti boynundan atmasına imkan verir.

2019-cu ildə Səudiyyə Ərəbistanında neft obyektlərinə dron zərbəsi ölkənin neft hasilatının yarıdan çoxunu dayandırdı. Hücuma görə İrana bağlı husilər məsuliyyəti götürsələr də, Birləşmiş Ştatlar İranı ittiham elədi.

Son aylar İran istehsalı Mohacer-6 dronlarının Efiopiyada aşkarlanması haqda xəbərlər gəlir. Bu Şərqi Afrika ölkəsində vətəndaş müharibəsi gedir.

Çatışmazlığı “ucuz yolla” kompensasiya etmək

Binni deyir ki, illərdir nüvə proqramına görə ABŞ sanksiyaları altında əzilən İran müasir hava qüvvələrində çatışmazlığı “ucuz yolla” kompensasiya etmək üçün dron hazırlayır.

“İran ordusu, özəlliklə İİKK müxtəlif dronların istehsalına böyük sərmayə qoyur”, – o deyib.

Tehranın nüvə proqramının tarixi 1980-88-ci illər İran-İraq müharibəsinə gedib çıxır. O zaman İran qüvvələri dronlardan kəşfiyyat məqsədilə istifadə edirdilər.

Bir neçə il öncə Ali dini lider Ayətulla Əli Xamaneyi ölkənin dron proqramını tərifləyib, amma dron ehtiyatının az olduğunu deyib. “O vaxtdan dron sayını artırmaq üçün səfərbər olduq”, – İİKK-nın aerokosmik məsələlər üzrə komandiri Əmir Əli Hacızadə ötən il deyirdi.

İran son illər məhsuldar dron istehsalçısına çevrilib, kəşfiyyat, hücum, silahlandırılmış dronlarını hərbi paradlarda nümayiş etdirib.

XS
SM
MD
LG