Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 13:21

Aİ səfirinə nota təqdim edilib


Peter Mixalko
Peter Mixalko

Oktyabrın 25-də isə Avropa İttifaqı (Aİ) səfiri Peter Mixalko Azərbaycan Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb, ona nota təqdim edilib

Bu barədə Azərbaycan XİN-nin məlumatında bildirilir.

Məlumatda bu, oktyabrın 24-də Avropa Parlamentində Azərbaycanda insan haqlarına dair qəbul olunan qətnamə və müzakirələr çərçivəsində Avropa komissarının səsləndirdiyi bəzi fikirlərlə izah edilib.

XİN-dən açıqlamaya görə, vurğulayıblar ki, "Aİ-nin müxtəlif institutları vasitəsilə Azərbaycana qarşı qarayaxma kampaniyasının davam etdirilməsi..." regionda sülh səylərinə xələl gətir.

Hələlik, bu açıqlamaya Aİ-nin Bakıdakı nümayəndəliyindən münasibət almaq mümkün olmayıb.

24 oktyabr

Avropa Parlamenti Azərbaycanı jurnalistləri azad etməyə çağırır

Oktyabrın 24-də Avropa Parlamenti Azərbaycanda insan haqlarının pozulması ilə bağlı qətnamə qəbul edib.

453 deputat qətnamənin lehinə, 31-i əleyhinə səs verib, 89 nəfər səsvermədə iştirak etməyib.

Qətnamədə Azərbaycan hakimiyyətinin ölkəiçi və xaricində fəallara, jurnalistlərə, müxalifət liderlərinə repressiyası pislənilir, təzyiqlərin COP29 ərəfəsində nəzərəçarpacaq dərəcədə intensivləşdiyi bildirilir.

Avropa Parlamenti hakimiyyəti siyasi baxışlarına görə saxlanılan və həbs olunanları azadlığa buraxmağa çağırır. Sənəddə Tofiq Yaqublu, Akif Qurbanov, Bəxtiyar Hacıyev, jurnalistlər və media işçiləri Ülvi Həsənli, Sevinc Vaqifqızı, Nərgiz Absalamova, Ələsgər Məmmədli, Fərid Mehralızadə və digərlərinin adları çəkilir.

Azərbaycana beynəlxalq öhdəliklərini xatırlatsınlar

Qətnamədə ölkədə yaradılmış qorxu mühiti sarıdan dərin narahatlıq ifadə olunur.

Mətbuat və ifadə azadlığını təmin etmək, media qurumlarının işini məhdudlaşdırmamaq çağırışı edilir.

Sənəddə deyilir ki, Azərbaycanda davam edən insan haqları pozuntuları bu ölkənin COP29-a ev sahibliyinə uyğun gəlmir. Aİ liderlərinə çağırış olunur ki, COP29-dan yararlanaraq Azərbaycana beynəlxalq öhdəliklərini xatırlatsınlar.

Aİ-nin Azərbaycandan qaz idxalından asılılığına son qoyması istənilir.

Milli Məclis cavab verir

"Bu təsisat qoca qitənin bütün problemlərini bir kənara qoyaraq yenidən ölkəmizə qarşı hücuma keçib". Bu fikir Milli Məclisin oktyabrın 24-də Avropa Parlamentinin Azərbaycanda insan haqlarının pozulması ilə bağlı qətnaməsinə münasibətində yer alıb.

Milli Məclis üzvləri hesab edirlər ki, avropalı parlamentarilər hətta iqlim dəyişmələri ilə bağlı mühüm bir məsələni siyasiləşdirərək Azərbaycana qarşı ittiham aləti kimi istifadə etməkdən çəkinmirlər.

Müəlliflərə görə, bu qətnamədən yalnız bir nəticə çıxarmaq olar: "Azərbaycan prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən, ölkəmizin milli, suveren maraqlarına xidmət edən müstəqil siyasət kimlərisə ciddi narahat edir".

Açıqlamada vurğulanıb ki, Azərbaycanla təzyiq və ultimatum dilində danışmaq olmaz.

Hakimiyyət təmsilçiləri bundan öncə də insan haqlarının durumu ilə bağlı tənqidləri rədd ediblər. Ancaq təkcə ötən ilin noyabrından ölkədə 20-dək jurnalist və ictimai-siyasi fəal saxlanılıb. Onlar həbslərini özlərinin peşə fəaliyyəti, hakimiyyəti tənqid etmələrinə bağlayırlar.

XS
SM
MD
LG