Keçid linkləri

2024, 25 Dekabr, çərşənbə, Bakı vaxtı 10:26

Rüşvət aldığını etiraf edən məmurlar dövlət qulluğunda niyə saxlanılır?


Rüşvət
Rüşvət

İmişli Rayon İcra Hakimiyyətində çalışan bir sıra vəzifəli şəxslər etiraf edib ki, keçmiş icra başçısı Vilyam Hacıyevin dövründə əhalidən rüşvət toplanması, başqa korrupsiya əməllərində iştirak ediblər. Onlar sabiq icra başçısının işi üzrə Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) və məhkəmədə dindirilərkən bu barədə ətraflı danışıblar. İfadələrində kimdən, harada və nə qədər pul alınması haqda fikirlər yer alıb.

Rüşvət əməliyyatlarında birbaşa iştiraklarını açıq şəkildə dilə gətirmələrinə baxmayaraq, bu gün də həmin şəxslər əvvəlki vəzifələrində çalışırlar. Onların arasında İmişli Rayon İcra Hakimiyyətinin Hüquq şöbəsinin müdiri Rahim Zahidov, Ərazi idarəetmə şöbəsinin müdiri Mirzə Quliyev, icra hakimiyyətinin baş mühasibi Cəmil Musayev və digərləri var.

"Kim zəmanət verə bilər ki..."

İcra hakimiyyətinin Hüquq şöbəsinin müdiri Zahidov rüşvət əməliyyatlarında iştirakını məhkəmədə əsaslandırarkən bildirib ki, işini itirməməkdən ötrü icra başçısının göstərişlərini yerinə yetirməyə məcbur olub.

Sabiq başçı isə vaxtilə tabeliyində çalışmış, indi isə əleyhinə ifadə verənlərin yalan danışdığını iddia edir. Onların cinayət məsuliyyətinə cəlb olunmasını tələb edir.

"Bu adam özü deyir ki, qanunsuz işlər görür. Bu gün də eyni vəzifədə işləyir. Kim zəmanət verə bilər ki, eyni əməlləri bu gün davam etdirmir", – Hacıyevin vəkilinin sözləridir.

Bir qrup şəxs tərəfindən törədilən cinayət

Vəkil Zibeydə Sadıqova AzadlıqRadiosuna bildirib ki, şəxsin tabeliyində olduğu birinin qanunsuz göstərişini icra etməsi onu məsuliyyətdən azad etmir. Çünki istənilən halda, qanunsuz davranışa yol verilib və bu da artıq məsuliyyət yaradır. Vəkilin sözlərinə görə, qanun şəxsin üzərinə yalnız qanuni əmr və göstərişləri icra etmək öhdəliyi qoyur.

"Konkret İmişli Rayon İcra Hakimiyyətində baş verənlərlə bağlı müşahidə olunanlar çox qəribədir. Belə çıxır ki, eyni rüşvət epizodu üzrə keçmiş icra başçısı məsuliyyət daşıyır, amma o rüşvətin alınmasında iştirak etmiş digər vəzifəli şəxslər yox. Cinayətdə iştirakı olan adamların bu gün də həmin vəzifədə qalması anormaldır", – vəkil bildirib.

Sadıqova əlavə edib ki, əgər rüşvət zəncirvarı şəkildə - bir qrup şəxs vasitəsilə alınıbsa, deməli, burada, cinayətin bir qrup şəxs tərəfindən törədilməsindən söhbət gedir. Belə olan halda isə hər kəs öz əməlinə uyğun məsuliyyətə cəlb olunmalıdır.

"O qərarı məhkəmə verəcək"

Hacıyev icra başçısı olduğu dövrdə İmişli rayonunda icra nümayəndələri və müavinlərinin təyinatına görə rüşvət toplandığını deyən İmişli Rayon İcra Hakimiyyətinin Ərazi idarəetmə şöbəsinin müdiri Mirzə Quliyev özünün də bu prosesdə iştirakını məhkəmədə etiraf edib.

Quliyev qanunsuz pul toplanmasıyla bağlı özünün məsuliyyət daşıyıb-daşımaması haqda AzadlıqRadiosunun sualına belə cavab verib: "O qərarı məhkəmə verəcək. İstintaqın nəticəsi bilinir. Məhkəmə də işə baxır...".

İcra hakimiyyətinin şöbə müdiri telefonu söndürərək söhbəti dayandırıb.

"Onların vəzifədə qalması absurddur"

Deputat Fazil Mustafa deyir ki, rüşvət toplanmasında iştirakını etiraf edən şəxslərin dövlət qulluğunda saxlanması absurddur. Hüquqşünas-deputatın fikrincə, onlar cinayət prosesinin iştirakçısı hesab olunur.

Fazil Mustafa vurğulayıb ki, nəinki qanunsuz göstərişi icra etmək, hətta qanunu bilməmək belə, insanı məsuliyyətdən azad etmir: "Hansısa əməlin məsuliyyət yaratmasını bilməməyin özü də məsuliyyətdən azad eləmir. Mən bilmirdim, ona görə eləmişəm – hüquqda belə bir prinsip yoxdur. İcra başçısının göstərişiylə qanunsuzluq ediblərsə belə, yenə məsuliyyət daşıyırlar. Qanuni əmrləri icra etməyə borcludurlar, qanunsuz yox. Onların vəzifədə qalması absurddur, çünki cinayət prosesinin iştirakçılarıdır".

Qanuna uyğun olan və səlahiyyətləri daxilində...

İmişli Rayon İcra Hakimiyyətinin saytına "Dövlət qulluqçularının etik davranış qaydaları haqqında" Qanunun elektron mətni yerləşdirilib.

Qanunun 10.1 maddəsində yazılıb: "Dövlət qulluqçusu rəhbərinin qanuna uyğun olan və səlahiyyətləri daxilində qəbul etdiyi yazılı əmri, sərəncamı və ya verdiyi şifahi tapşırıqları yerinə yetirməyə borcludur".

Qanundan da göründüyü kimi, söhbət yalnız qanuna uyğun olan əmr və tapşırıqların yerinə yetirilməsindən gedir.

XS
SM
MD
LG