Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 21:44

'İcra başçısı dedi ki, pulun 30 faizi ona verilməlidir'


Vilyam Hacıyev
Vilyam Hacıyev

İmişlinin keçmiş icra başçısı Vilyam Hacıyev rayon icra hakimiyyətinin binasının təmir-tikintisinə ayrılmış vəsaitin 30 faizini mənimsəməkdə suçlanır. Onu ittiham edən isə tikintini həyata keçirmiş "NTC Company"nin direktorunun müşaviri Səyalı Səfərovadır.

Memar olduğunu deyən Səfərovanın sözlərinə görə, bu şirkət icra hakimiyyətinin binasının təmir-tikintisiylə bağlı tenderdə qalib gəlib. İşləri görmək üçün şirkətin hesabına 4 milyon manat pul köçürülüb. Lakin ovaxtkı icra başçısı Vilyam Hacıyev vəsaitin 30 faizini istəyib.

"Dedi ki, onda iş alınacaq"

"Dedi ki, pulun 30 faizi onlara çatmalıdır. Əvvəl etiraz elədim, dedim ki, bu qiymətə iş görə bilmərik. Dedi ki, onda iş alınacaq. İş əlimizdən çıxmasın deyə, məcbur olub 30 faizlə razılaşdım", – Səfərova fevralın 21-də sabiq icra başçısının məhkəməsində belə deyib.

Təqsirləndirilən Hacıyev isə şahidin yalan danışdığını, bu şəxslə, ümumiyyətlə, heç bir müqavilə bağlamadıqlarını deyib. Keçmiş icra başçısının sözlərinə görə, icra hakimiyyətinin binasını təmir edən şirkətə bu qadının heç bir aidiyyəti yoxdur.

Onun vəkili də vəsatət qaldırıb ki, Səfərovanın bu şirkətlə əlaqələri araşdırılsın: "O şirkətə bunun heç bir aidiyyəti yoxdur. Sənədlər təqdim edib bunun əksini sübut eləsin. İstintaq da, məhkəmə də bunu şirkətin məsul şəxsi kimi dindirir. Şirkətin rəhbəri tamam başqa adamdır. Xahiş edirik, onu çağırıb dindirin. Bu adamın isə indiyə qədər verdiyi ifadələr sübutlar siyahısından çıxarılsın". Vəsatət baxılmamış saxlanıb.

Sabiq icra başçısının məhkəməsi fevralın 25-də davam edəcək.

Xatırlatma

Vilyam Hacıyev 2004-2006-cı illərdə Göygölün, 2006-2012-ci illərdə Samuxun, 2012-2020-ci illərdə isə İmişlinin icra başçısı vəzifəsində çalışıb. Elə bu vəzifədə işləyərkən 2020-ci ilin mayında həbs olunub.

Külli miqdarda mənimsəmə, vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, rüşvət alma və başqa əməllərdə suçlanan sabiq icra başçısı özünü təqsirli bilmir, həbsinin sifarişli olduğunu deyir.

XS
SM
MD
LG