Keçid linkləri

2024, 10 Noyabr, bazar, Bakı vaxtı 03:26

Övladını ordudan saxlatdırmaq istəyənlər 5 min dollardan keçməli olurlar


Türkmənistanda əsgərlər
Türkmənistanda əsgərlər

"Burada adamların çoxunun 40 min manatlıq rüşvəti verməyə imkanı yoxdur. Valideynləri bu qədər pulu toplaya bilməyən gənc oğlanlar orduya gedirlər”

Türkmənistanda çağırış yaşına çatmış kişilər üçün hərbi xidmət icbaridir. Onlardan iki ilədək hərbi xidmət keçmək tələb olunur.

Ancaq 18-27 yaşlı çox sayda kişi çağırışdan yayınmağa çalışır. Səbəbsə ordunun bullinq və dəhşətli dərəcədə pis şəraitilə ad çıxarmasıdır.

Deportasiya təhdidi

Milli ordunun sıralarını doldurmaq üçün ölkə rəsmiləri xaricdə oxuyan universitet tələbələrinə vətənə dönərək hərbi xidmətə getməyi əmr edib. Halbuki qanuna görə universitet tələbələri hərbi xidmətdən azad edilir.

Ölkənin qərbində yerləşən Balkan əyalətində bir neçə valideyn AzadlıqRadiosunun türkmən xidmətinə yerli hərbi komissarlıqdan “xəbərdarlıq məktubları və hədələr” aldığını, hətta bəzi hallarda polisin öncədən xəbər vermədən onların evlərinə gəldiyini deyib.

Xəzər sahilində yerləşən liman şəhəri Türkmənbaşıda bir qadın sakin polisin evinə gələrək onu hədələdiyini deyib. Polis qadına bildirib ki, oğlu təhsil aldığı ölkədən könüllü qayıtmazsa, həmin ölkədən deportasiya oluna bilər. Qadınla kobud danışan polis əməkdaşları ona “Sənin oğlun universitet diplomunu yuxusunda görər” deyiblər.

Türkmən xidməti müsahiblərinin kimliyini gizli saxlamaq üçün onların adlarını çəkmir. Orta Asiyanın bu avtoritar ölkəsində dövlət özünə qarşı tənqidə və azad sözə son dərəcə dözümsüzdür.

Pasportlar yenilənmir

Universitet tələbələrinin orduya çağrılması cəhdi ənənəvi payız çağırış mövsümünə təsadüf edir.

Dövlət rəsmiləri xaricdə oxusa da Türkmənistana pasportunu yeniləmək üçün gələn universitet tələbələrini də hədəfə alıb. Bəzilərinin ailələri onların zorakılıqla hərbi komissarlığa aparılaraq orduya yazdırıldığını deyir.

Xaricdə oxuyan yüzlərlə türkmən uzun müddətdən sonra yalnız bu yay vətənə dönə bilib. Çünki hökumət koronavirus pandemiyasına görə demək olar ki, bütün xarici uçuşları qadağan etmişdi. Aşqabad öz səfirliklərinə xaricdə yaşayan Türkmənistan vətəndaşlarına yeni pasportlar çıxarmağı qadağan edib.

Türkmənistan rəsmiləri AzadlıqRadiosunun açıqlama xahişinə cavab verməyiblər.

Məzunlara güzəştə gedilmir

Ötən ay hökumət orta məktəb məzunlarına güzəştə gedərək onları məcburi hərbi xidmətdən azad etmişdi.

Ancaq Balkan vilayətində dövlət rəsmiləri yeni məzunlara onların istənilən halda orduya çağırılacağını deyiblər. Bu xəbəri radionun türkmən xidmətinə bəzi valideynlər verib. Yerli sakinlərin dediyinə görə, təkcə Türkmənbaşıda hökumət onlarla məzuna güzəştdən imtina edib.

Yerli hərbi komissarlığın əməkdaşları hər inzibati ərazinin öz çağırış kvotalarını doldurmalı olduğunu deyib. Onlar həmçinin hər əraziyə güzəştlərin sayı ilə bağlı məhdudiyyət qoyulduğunu bildiriblər.

Türkmənistanda payız hərbi çağırışı mövsümü oktyabrın 1-dən dekabrın 31-dək davam edir. İldə iki dəfə keçirilən çağırış kampaniyasında hərbi komissarlıq əməkdaşları küçələrdə, hava limanlarında və məktəblərdə keşik çəkərək çağırış yaşlı kişiləri təqib edirlər.

5 min 700 dollar

İyunda orta məktəbə buraxılış imtahanını verməyə gələn onlarla məzun hərbi komissarlığın əməkdaşları tərəfindən zorla aparılıb. Baş verənlərin şahidi olmuş bir sakin bu hadisəni AzadlıqRadiosunun türkmən xidmətinə nəql edib.

Türkmənistan ordusunda əsgərlərin çoxu yoxsul ailələrin övladlarıdır. Korrupsiyanın at oynatdığı ölkədə imkanı çatan ailələr oğullarını hərbi xidmətdən azad etmək üçün külli miqdarda rüşvət ödəyirlər. Türkmən xidmətinə oğullarını ordudan azad etmək üçün 5 min 700 dollar civarında rüşvət ödədiyini deyən valideynlər var.

Bu məsələ ilə bağlı məlumatlı bir mənbə türkmən xidmətinə Türkmənbaşıda bəzi valideynlərin oğullarını ordudan azad etmək üçün 40 min manat (təqribən 11 min 500 dollar) ödədiyini deyib.

"Burada adamların çoxunun 40 min manatlıq rüşvəti verməyə imkanı yoxdur. Valideynləri bu qədər pulu toplaya bilməyən gənc oğlanlar orduya gedirlər”, – həmin mənbə deyib.

XS
SM
MD
LG