Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 18:25

Rusiya Türkiyə və BMT ilə taxılın ixracı razılaşmasına qayıdır


İstanbulda təftiş olunan taxılla dolu gəmi
İstanbulda təftiş olunan taxılla dolu gəmi

Rusiyanın Müdafiə Nazirliyi noyabrın 2-də bildirib ki, Moskva Ukrayna taxılının ixracı razılaşmasına qayıdır.

Nazirlik bildirib ki, Moskva Kiyevdən “taxıl dəhlizinin” hərbsizləşdirilməsinə dair kafi qaratntiyalar alıb:

"Rusiya hesab edir ki, hazırkı vəziyyət üçün kafi qarantiyalar alıb və sazişin tətbiq edilməsinə qayıdır”.

Bu bəyanatdan az əvvəl Türkiyə prezidenti Recep Tayyip Ərdoğan ölkə parlamentinə demişdi ki, noyabrın 2-də taxılın daşınması planlaşdırıldığı kimi davam etdiriləcək.

Bundan daha əvvəl Rusiya və Türkiyə müdafiə nazirləri arasında telefon danışığı olmuşdu.

Moskva BMT vasitəçiliyi ilə razılaşdırılmış bu sazişdən çıxdığını oktyabrın 30-da bəyan etmişdi.

Rusiya tərəfi iddia edirdi ki, Ukrayna “taxıl dəhlizindən” ilhaq edilmiş Krımdakı Sevastopol dəniz bazasına dron zərbəsi endirmək üçün istifadə edib.

Aİ Ukraynadan taxılın daşınması üçün neyləyə bilər

Ötən həftəsonu Rusiya BMT-nin dəstəyi ilə əldə olunmuş Qara dəniz taxıl sazişindən birtərəfli qaydada çıxdığını elan etdi. Görünür, Qərb Ukraynada istehsal olunan milyonlarla ton taxılın dünya bazarlarına çıxarılması üçün yeni həll yolları axtarıb tapmalı olacaq.

AzadlıqRadiosunun müxbiri Rikard Jozviak yazır ki, müddəti hələ noyabrın 19-da bitməli olan sazişi ayaqda saxlamaq üçün diplomatik həll yolları qalmış ola bilər. Ancaq bu arada gözlər Brüsselə dikilir. Avropa İttifaqı (Aİ) Ukraynadan məhsulların bazarlara çatdıracaq fərqli marşrutların işini gücləndirə bilərmi?

Pul, vaxt, imkan

Aİ yay aylarında belə bir razılaşmaya nail olmuşdu. Ancaq bunu yenidən edə bilmək üçün yetərincə pul, vaxt və imkanın olub-olmaması sual altındadır.

Ukrayna kənd təsərrüfat məhsullarının, xüsusən taxıl, qarğıdalı və günəbaxan yağlarının mühüm istehsalçılarından biridir. Bu məhsulların ixracından gələn gəlir həm dövlət büdcəsini doldurmaq, həm də üçüncü dünya ölkələrində, özəlliklə də Afrika Buynuzu kimi tanınan Somali yarımadası (Somali, Efiopiya, Eritreya, Cibuti) və ətrafında (Keniya, Tanzaniya, Uqanda, Burundi, Ruanda, Sudan və s.) aclığın qarşısını almaq baxımından çox vacibdir. Buna görə də bu ilin əvvəlində Ukraynanın Qara dəniz limanları bloklananda dünya dərhal bunun mümkün acı nəticələrdən narahat olmağa başladı.

“Həmrəylik xətti”

Bu limanlar Ukraynanın bütün kənd təsərrüfatı məhsullarının 90%-nin ixrac qapısı olduğundan qısa zamanda 20 milyon ton Ukrayna taxılı anbarlarda ilişib qaldı. Aİ-nin cavabı mayın əvvəlində gəlib çıxdı. Aİ ilə Ukrayna arasında dəmir, quru və daxili su yollarını, habelə hər iki tərəfdən gömrük və dövlət rəsmilərini ehtiva edən və “Həmrəylik xətti” adı ilə tanınan təchizat şəbəkəsi yaradıldı.

Maydan oktyabrın 20-dək bu xətt vasitəsilə 14 milyon tondan çox taxıl və əlavə olaraq 15 milyon tondan artıq qeyri-kənd təsərrüfatı məhsulları, o cümlədən polad ixrac olundu.

Sazişin əldə edilməsindən dərhal sonra Aİ-Ukrayna sərhədində keçidi sürətləndirmək üçün bəzi siyasi tədbirlər görüldü. Məsələn, Ukrayna məhsullarının üzərindən ƏDV götürüldü. Bundan başqa Ukrayna məhsulları gələn ilin iyununadək kvota və tariflərdən, hətta heyvan mənşəli məhsullar üçün bəzi fitosanitar yoxlamalardan azad edilib.

Ucuz və asan marşrut

Ancaq Ukrayna məhsullarını Qara dəniz vasitəsilə daşımaq normal zamanlarda həm daha ucuz, həm də daha asandır. Çünki buradan eyni zamanda çox sayda gəmi çıxa bilər. Beş ayda quru yolla 14 milyon ton taxılın daşınması böyük işdir. Amma Qara dəniz taxıl razılaşmasını unutmaq olmaz. İyulun ortalarında qüvvəyə minən bu razılaşma sayəsində bugünədək 9,5 milyon ton taxıl ixrac edilib. Özü də gəmilər yalnız bir neçə seçilmiş limandan çıxıb.

Rusiyanın razılaşmanı birtərəfli qaydada tərk etmək qərarının dünyadakı ərzaq təhlükəsizliyi və ərzaq qiymətləri ilə bağlı hansı nəticələri ola bilər?

Taxıl təşəbbüsü müharibənin başlanmasından bəri Ukrayna və Rusiya arasında nadir əməkdaşlıq nümunəsidir. BMT və Türkiyənin vasitəçiliyi ilə əldə edilmiş bu sazişin sayəsində 9 milyon ton taxıl Ukrayna limanlarından 397 gəmidə təhlükəsiz şəraitdə daşınıb.

BMT-nin məlumatına görə, taxıl sazişi dünya ərzaq qiymətlərinin 15% enməsinə kömək edib. Qurumun Baş Katibi Rusiya və Ukraynanı sazişi yeniləməyə çağırıb.

Taxıl idxalına daha çox pul

Rusiyanın sazişi birtərəfli dayandırma elanından dərhal sonra, bazar ertəsi günü Çikaqoda taxıl fyuçersləri birdən-birə 5% artıb. Vaşinqtonda yerləşən Beynəlxalq Qida Siyasəti Araşdırmaları İnstitutunun baş tədqiqatçısı Cozef Qlauber “Associate Press”ə deyir ki, dünya bazarlarında taxılın qıtlaşdığı zamanda yoxsul ölkələr taxıl idxalına daha çox pul ödəməli olacaqlar.

Artıq sentyabrın sonlarında Aİ rəsmiləri iki əsas xəttin – Polşadan keçən “Şimal yolu” və Rumıniyanın Konstanta limanına aparan “Dunay yolunda” tıxanma və məhdudiyyətlər barədə məlumat verməyə başladılar. Onlar həmçinin gözləmə vaxtlarının logistika xərclərinin 40%-ni təşkil edəcəyi haqda xəbərdarlıq səsləndiriblər. Bu isə taxılın hər tonunun nəqliyyat xərclərinə görə 80-90 avro bahalaşması deməkdir.

İndi Brüssel yenidən hərəkətə keçib Ukrayna ilə sərhədlərindəki kilometrlərlə uzunluqda növbələrlə bağlı nəsə etməlidir. Deməli, daha əvvəl görülən tədbirlər (əlavə yoxlama, tarif və vergilərin aradan qaldırılması) yetərli deyil.

İnvestisiya

Başqa sözlə, iqtisadi investisiyaya ehtiyac var. Özü də mümkün qədər tez. Hərçənd hər iki tərəfdə problemlər mövcuddur. Aİ-nin builki büdcəsi artıq kifayət qədər daralıb. Blokun 2023-cü il üçün Ukraynaya maliyyə dəstəyi ilə bağlı heç bir razılaşma yoxdur. Ancaq əsasən kredit şəklində 18 milyon avronun ayrılacağına ümid edilir. Bu məbləğin nə qədərinin həmrəylik xətlərinin yaxşılaşdırılmasına xərclənəcəyi bilinmir. Çünki Kiyevin ehtiyacları həddindən artıq çoxdur.

Həm Dunay çayından keçən su yolu, həm də Polşadan keçən dəmir yollarının genişləndirilməsi və təkmilləşdirilməsi tələb olunur. Bu isə qısa zamanda baş verə bilməz. Bununla bağlı araşdırmaların nəticələri gələn il məlum olacaq.

Aİ diplomatları həmrəylik xətlərinin qalıcı olduğunu və gələcəkdə daha çox əhəmiyyət kəsb edəcəyini deyirlər. Bu xətlər həm də Ukraynanın gələcək bərpası və onun gələcəkdə vahid Avropa bazarına yaxınlaşması baxımından xüsusilə böyük əhəmiyyət daşıyacaq. Bu, gələcək üçün yaxşı xəbərdir. Amma həmrəylik xətlərinin Qara dəniz ixrac marşrutlarını əvəzləyəcəyini gözləmək lazım deyil. Qara dəniz marşrutları hazırda ən çox ehtiyac duyulan ixrac xətləridir.

XS
SM
MD
LG