Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 15:27

​​​​​​​Ukrayna taxıl sazişinin 120 günlüyə uzadıldığını bildirir


Lvov vilayəti Rusiyanın raket hücumundan sonra, 16 noyabr, 2022-ci il
Lvov vilayəti Rusiyanın raket hücumundan sonra, 16 noyabr, 2022-ci il

Ukraynanın infrastruktur nazirliyi Qara dəniz limanlarından taxıl ixracını nəzərdə tutan sazişin müddətinin daha 120 günlüyə uzadıldığını bildirib.

“Qərar indicə İstanbulda təsdiqlənib. Təşəbbüsün qarantları BMT və Türkiyədir”, – qurumun məlumatında deyilir.

Nazir Aleksandr Kubrakov Twitter-də yazıb ki, Türkiyə Müdafiə Nazirliyinin başçısı “ərzaq böhranına qarşı qlobal mübarizədə daha bir vacib addım atıb”.

Nazirin sözlərinə görə, Ukrayna sazişi minimum birilliyə uzatmaq üçün tərəfdaşlara rəsmi müraciət edib, Nikolayev limanını da sənədə salıb. Hazırda taxıl Odessa, Cənub və Çernomorsk limanlarından daşınır.

İyuldan qüvvədən olan sazişin müddəti noyabrın 19-da bitirdi. Hələlik, Rusiyanın sənədin uzadılmasına razılıq verib-vermədiyi haqda məlumat yoxdur. “Bloomberg” noyabrın 15-də mənbələrə istinadla yazırdı ki, Moskva da taxıl sazişini uzada bilər.

+++

Bayden Zelenskinin raketlərlə bağlı dediyini dəlil saymır

ABŞ Prezidenti Co Bayden (Joe Biden) noyabrın 17-də ukraynalı həmkarı Volodimir Zelenskinin Polşaya düşən raketlərin Ukrayna mənşəli olmaması haqda sözlərini mübahisələndirib.

“Bu, dəlil deyil”, – Asiyadan səfərdən qayıdan Bayden Ağ evdə jurnalistlərə deyib.

Bundan öncə NATO və Polşa başçıları deyiblər ki, Polşa ərazisində noyabrın 15-də baş vermiş partlayışı böyük ehtimalla Ukrayna müdafiə sisteminin raketi törədib.

Polşa Prezidenti Anjey Dudanın noyabrın 16-da dediyinə görə, özlərinin və müttəfiqlərinin məlumatlarına əsasən, S-300 raketi sovet istehsalı olub, onun Rusiya tərəfdən atılmasına dəlil yoxdur: “Böyük ehtimalla, bu, Ukrayna havadan müdafiə sisteminin raketi olub”.

“Bu, Ukraynanın günahı deyil”

NATO-nun Baş katibi Yens Stoltenberq (Jens Stoltenberg) də raketin Ukrayna havadan müdafiə sistemindən, Rusiya raketlərini vurmaq üçün atılması ehtimalından danışıb. Noyabrın 15-də Rusiya Ukrayna ərazisini intensiv raket atəşinə tutmuşdu.

Ancaq Stoltenberq onu da deyib ki, fevralda başlanan işğala görə Ukrayna deyil, Rusiya günahkardır.

“Bu, Ukraynanın günahı deyil. Rusiya Ukraynaya qarşı qanunsuz müharibəni davam etdirdiyi üçün tam məsuliyyət daşıyır”, – Stoltenberq Brüsseldə jurnalistlərə bildirib.

“Bunun bizim raketimiz olmamasına şübhəm yoxdur. Hərbi məlumatlarımız əsasında inanıram ki, bu, Rusiya raketi olub”, – Zelenski noyabrın 16-da deyib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı noyabrın 17-də Donetsk vilayətindəki Avdiyevka və Bilohorovka şəhərlərinə hücumların dəf olunduğunu bildirib.

Odessa qubernatorunun xəbərdarlığı

Odessa vilayətinin qubernatoru isə son bir neçə həftədə ilk dəfə olaraq vilayətə Rusiya raketi atıldığını bildirib. O, “Ukraynanın bütün ərazisinə kütləvi raket hücumu” təhdidiylə bağlı xəbərdarlıq edib, sakinləri bomba sığınacaqlarında qalmağa çağırıb.

Ukraynanın Daxili işlər naziri Denis Monastırskı noyabrın 17-də deyib ki, təhqiqatçılar bu yaxınlarda azad edilmiş Xersonda işgəncə izləri olan 63 meyit aşkarlayıblar. O, Rusiyanın işğalı dövründə ümumilikdə 436 hərbi cinayət halının, 11 saxlanma yerinin aşkarlandığını, həmin yerlərdən dördündə işgəncə verildiyini bildirib.

Rusiya qüvvələrini çıxarandan sonra Ukrayna əsgərləri noyabrın 11-də strateji Xerson şəhərinə daxil olublar. Ağ ev Rusiyanın Xersondan çəkilməsini Ukrayna üçün “qeyri-adi” qələbə adlandırıb.

XS
SM
MD
LG