Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:46

Ukrayna bir 'Patriot' batareyası ilə neyləyə bilər


“Patriot” batareyası
“Patriot” batareyası

“Patriot” raket sistemləri indiyədək mübahisəli ərazilərdə ABŞ və müttəfiqlərindən istənilən sistem olub. Avropada, Yaxın Şərq və Sakit Okean hövzəsində bu sistemlər İran, Somali və Şimali Koreya kimi ölkələrin potensial zərbələrindən qoruyur.

16 Patriot batalyonu

Ötən həftə ABŞ-ın Ukraynaya bir Patriot batareyası göndərməyə razılıq verməsi haqda xəbər gündəmi dəyişdi. Ukrayna Prezidenti Volodimir Zelenski aylardır ölkəsinin havadan müdafiəsini gücləndirməyin vacibliyindən danışır. ABŞ rəsmiləri artıq “Patriot” göndərməyə razılıq verildiyini təsdiqləyib, tezliklə rəsmi açıqlama gözlənir. “AP” ekspertlərə istinadla yazır ki, batareyanın Ukraynadakı müharibədə effekti məhdud ola, müharibənin gedişatını dəyişdirməyə bilər.

Yer-hava tipli “Patriot”lar ilk dəfə 1980-ci illərdə istifadəyə verilib. Onlar təyyarələri, kruiz raketlərini, qısa mənzilli ballistik raketləri hədəfə ala bilər.

ABŞ ordusunun hazırda 16 “Patriot” batalyonu var, hər bir batalyonda 50 batareyanın olduğu bildirilir. Bu sistemlər dünyanın müxtəlif ölkələrinə yerləşdirilib.

Milyon dollarlıq raketlə 50 min dollarlıq dronu vurmaq

Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzinin (CSIS) Raketdən Müdafiə Layihəsinin direktoru Tom Karako deyir ki, “Patriot” Ukraynanın İran istehsalı ballistik raketlərdən müdafiəsinə kömək edə bilər.

Agentlik yazır ki, illər boyu “Patriot” sistemi və raketləri davamlı modifikasiya olunub. “Patriot"un atış qurğusunun qiyməti 10 milyon, bir tutucu raketin qiyməti isə 4 milyon dollara yaxındır.

Belə bir qiymətə isə “Patriot”dan daha kiçik və ucuz İran dronlarını vurmaq üçün istifadə səmərəli deyil. Rusiya Ukraynanı İrandan aldığı bu dronlarla vurur.

“Milyon dollarlıq raketlə 50 min dollarlıq dronu vurmaq səmərəli deyil”, – ehtiyatda olan Dəniz Piyadaları Korpusu polkovniki və CSIS-də aparıcı müşaviri Mark Kankian (Mark Cancian) deyir.

90 hərbçi və təlim məsələsi

Digər tərəfdən, bir “Patriot” batareyasını işlətməyə və saxlamağa 90-dək hərbçi gərəkə bilər. ABŞ aylardır bu kompleks sistemi Ukraynaya verməyə könülsüz yanaşıb, çünki buna görə qüvvə də göndərməlidir.

“Patriot”ların Rusiyanı təhrik edəcəyi, yaxud ondan atılan raketin Rusiyaya düşərək münaqişəni qızışdıracağı ehtimalı da var. Elə ötən həftə Rusiya XİN xəbərdarlıq elədi ki, ABŞ-ın planı “daha bir provokativ addımdır” və Moskvanın reaksiyasına səbəb ola bilər.

Agentlik hazırda əsas əngəlin təlim məsələsi olduğunu yazır. ABŞ əsgərləri bu sistemdən istifadə və onu saxlamaqla bağlı Ukrayna qüvvələrinə təlim keçməli olacaq. İndiyədək ABŞ Ukrayna qüvvələrinə HIMARS sistemləri ilə bağlı təlim keçib. Bir çox hallarda təlim müddəti qısaldılıb.

Bir batareyanın gücü

Bir keçmiş ordu zabiti deyib ki, “Patriot” sistemi yaxınmənzilli ballistik raketlərə qarşı effektli olacaq, ABŞ-ın dəstəyinə dair güclü mesaj verəcək, ancaq bir batareya müharibənin gedişinə təsir göstərə bilməz.

Ancaq bir “Patriot” batareyası uzaq məsafəni vura bilsə də, yalnız məhdud ərazini əhatələyə bilir. Yəni, kiçik bir hərbi bazanı effektli qoruya, amma Kiyev kimi böyük şəhəri tam qoruya bilməz, yalnız onun bir hissəsində effektli ola bilər.

“Patriot”lar adətən batalyon şəklində, yəni, dörd batareya ilə yerləşdirilir. Ukraynaya isə bir batareya veriləcəyi deyilir.

Ekspertlər ABŞ-ın Ukraynaya “Patriot” göndərməklə bağlı bəyanatının daha çox simvolizm, Ukraynaya dəstək nümayişi olduğunu deyirlər.

XS
SM
MD
LG