Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 13:14

Rusiyanın xaricə qaz ixracı 45.5 faiz azalıb


Sibirin Gücü kəmərinin tikintisi
Sibirin Gücü kəmərinin tikintisi

Rusiyanın MDB xaricində başqa ölkələrə ixrac etdiyi qazın həcmi 2022-ci ildə 45.5 faiz azalıb.

Bunu yanvarın 2-də Rusiyanın qaz nəhəngi Gazprom bəyan edib.

Şirkətin bəyanatında deyilir ki, Rusiyanın MDB-nı çıxmaq şərtilə qaz ixracı 2022-ci ildə 2021-ci ildəki 185.1 milyard kubmetrdən 100.9 milyard kubmetrə düşüb.

Avropa bundan əvvəl Rusiyanın əsas qaz bazarı idi, lakin 2022-ci ildə Ukraynaya qarşı əsassız və səbəbsiz təcavüzə başlayandan bəri Qərb Moskva üzərinə misli görünməmiş sanksiyalar qoyub.

Şirkətinin icraçı direktoru Aleksey Miller deyib ki, Gazprom ardıcıl şəkildə Çinə qaz ixracını artırıb. Amma Miller dəqiq rəqəmlər səsləndirməyib.

O sadəcə olaraq deyib ki, “biz yanvarın 1-dən Çinə qaz nəqlinin fundamental yeni səviyyəsinə çıxmışıq”.

Prezident Vladimir Putin ötən ay Şərqi Sibirdəki Kovıtka təbii qaz yatağının açılışını edib.

Ekspertlər bildirirlər ki, bu, Rusiyaya Çinə qaz ixracını daha da artırmaq imkanı verəcək.

Millerin etirafı

Rusiyanın qazı Qərbi Sibirdən və Arktikadan kəmərlərlə Çinə nəql etmək imkanı yoxdur.

Bu ərazilərdən çəkilmiş kəmərlər müstəsna olaraq Avropa bazarına çıxırdı.

Lakin Rusiya bir onillik bundan əvvəl yeni yataqlar inkişaf etdirib və Sibirin Gücü kəmər layihəsinə başlayıb.

Sibirin Gücü qaz kəməri 2019-cu ildə istismara verilib və sürətlə genişlənən Çin bazarına qoşulub.

Hazırda Moskva Sibirin Gücü – 2 kəmərinin tikintisini planlaşdırır.

Miller ötən həftə keçirilən bir konfransda etiraf etmişdi ki, 2022 Gazprom üçün “olduqca çətin” il olub.

Miller bunu da vurğulayıb ki, Ukraynada müharibə və buna görə Qərbin sanksiyaları “enerji bazarlarında total dəyişiklik” yaradıb.

Gazprom qlobal qaz hasilatının 11 faizini verir və dünyanın ən böyük qaz yataqlarına sahibdir.

XS
SM
MD
LG