Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 14:22

‘Bədənin hər yerinə naqil qoşurdular. Çarxı çevirərək 'de görüm' deyirdilər’


"Kadırovçular" Ukraynanın Mariupol şəhərində, 2022-ci il
"Kadırovçular" Ukraynanın Mariupol şəhərində, 2022-ci il

2017-ci ildə Muslimin (ad şərtidir) dostu Çeçenistanda terrorizm və ekstremizm ittihamı ilə həbs edilib. O zaman 25 yaşı olan Muslim buna susmamaq qərarına gəlib və “Instagram”da post paylaşıb. Ancaq o, postu paylaşarkən buna görə başına nə gələcəyini bilmirdi. Beləliklə, onun üçün Çeçenistan həbsxanasında işgəncə, döyülmələrlə keçən qaranlıq beş ay başlayıb.

"Həyatımı həmişəlik dəyişən şərhi yazanadək həyatım bir çox Rusiya vətəndaşından fərqli deyildi”, – Muslim AzadlıqRadiosunun “Kavkaz.Realii” xidmətinə müsahibəsində deyir.

Muslim Ramzan Kadırov Çeçenistanında zorakılıq, işgəncə və təhqirlə üzləşən saysız-hesabsız insandan biridir.

2007-ci ildən bəri Çeçenistana rəhbərlik edən Kadırov bu Şimali Qafqaz respublikasını öz şəxsi xanlığına döndərib. Kremlin büdcəsindən gələn maliyyə və neft-qaz gəlirləri onun hakimiyyətini daha da möhkəmləndirir. O, şəxsi ordusunu, “kadırovçular” kimi tanınan silahlı qrupu, işgəncə, məhkəməsiz qətllər, zorakı yoxa çıxmalar və kollektiv cəzalandırmaya arxalanan bir cəzasızlıq sistemi yaradıb.

Kadırovun nəzarəti altında dissidentlər, müxalifət fəalları, Avropaya mühacirət etmiş Çeçenistan müharibəsi veteranları da hədəfə alınaraq qətlə yetirilir.

Hazırda 30 yaşı olan Muslim Avropa ölkələrindən birində sığınacaq istəyir.

“Onun fikirləri radikal deyildi”

AzadlıqRadiosu Muslimin həbsi ilə bağlı məhkəmə sənədlərinin bəzilərini, habelə onun sosial media səhifələrini nəzərdən keçirə bilib. AzadlıqRadiosu eyni zamanda onunla birlikdə həbs edilən digər insanlardan, o cümlədən insan haqları fəalı Oyub Titiyevdən bir çox detalları dəqiqləşdirib.

Muslim 2017-ci ildə həyat yoldaşı və uşaqları ilə birlikdə Çeçenistandan kənarda, Rusiyanın cənubunda yerləşən bir şəhərdə yaşadığını, hökumət qurumunda işlədiyini deyir. O, yaşadığı şəhərin və çalışdığı qurumun adlarının çəkilməsini istəmir.

“Instagram”da dostu haqda xəbəri görəndə şərh yazmağı özünə borc bilib.

"O, qohumum deyil, ancaq düşüncələrinə bələdəm. Onun fikirləri radikal deyildi. “Instagram”dakı xəbərin altında şərh yazaraq bildirdim ki, bu adamı tanıyıram və o qətiyyən terrorçu deyil”, – Muslim danışır.

Dostunun ölümündən sonra...

Təqribən bir ay keçmiş Muslim dostunun təcridxanada güllələnərək öldürüldüyünü öyrənir və bu haqda öz sosial media səhifələrində, o cümlədən VK səhifəsində yazır. Bir neçə gün sonra ona çeçen ləhcəsiylə danışan adamlardan təhdid zəngləri gəlməyə başlayır.

Çox keçməmiş polis onun evində reyd keçirir və onu rüşvət istəməkdə ittiham edir. Onu nəzarətə götürürlər və qarşısına seçim qoyurlar: Muslim ya zorlamaya cəhd, ya da rüşvətxorluq ittihamını qəbul etməli idi. O, rüşvətxorluğu seçir.

Ona şərti cəza verilir və iki il ərzində müəyyən vəzifələr tutmasına qadağa qoyulur və cərimə cəzası kəsilir. Bundan sonra onu buraxırlar.

Bir neçə ay sonra ona yenidən zəng gəlir və ictimai yerdə görüşmək təklif edilir. Burada onun qarşısına çıxan kişilər Kadırovun bir qohumu tərəfindən göndərildiklərini deyirlər.

"Məndən soruşdular ki, niyə öz işimlə məşğul olmuram və niyə mənə aid olmayan şeylər haqda şərhlər yazıram”, – o deyir.

Qroznıya aparılması

Onlar Muslimi hədələyərək deyiblər ki, onlarla yerli polis bölməsinə getməsə, evinə gedib həyat yoldaşı və uşaqlarını sorğu-sual edəcəklər. Polis bölməsində onu bir neçə gün saxlayıblar. Bu proses qarşıdakı həftə yenidən təkrarlanıb.

2017-ci il avqustun 1-də Muslim evinə gələrkən üzərində Kadırovun inisialları olan nömrəsiz maşını görür. Binanın zəngini basarkən bir neçə kişi onu tutub döyür, maşına basaraq bir neçə saat aralıdakı Qroznıya aparır.

Burada onu gecə polis şöbəsində saxladıqdan sonra kabinetdə sorğu-sual ediblər və orada əsasən rusca danışdığını deyir. Sonra bir kişi onu çeçen dilində “şeytan” deyəndə o da çeçen dilində “yox” cavabını verib və dərhal da buna peşman olub.

Onu polis binasının zirzəmisinə aparıblar. Burada ağzına qədər insanlarla dolu bir neçə kamera var imiş. Döşəmə boş, ayaqyolu və adyal yox imiş.

“Hər səhər bizi döyürdülər”

"Məni elə döymüşdülər ki, ayağa qalxa bilmirdim. Quru yerdə yatdıq. Əslində, bir-birimizin üstündə yatdıq. Hər səhər də bizi döyürdülər.

“Kadırovçular” hər səhər aşağı enərək bizə səhər yeməyi əvəzinə elektroşok işgəncəsi verirdilər. Onlar bədənin hər yerinə naqil qoşurdular. Çarxı çevirərək “de görüm” deyirdilər. Ancaq nə deməli olduğumu demirdilər”, – Muslim söyləyir.

Muslim təcridxanada olarkən tanınmış insan haqları fəalı Oyub Titiyevin də orada saxlandığını öyrənib. Onun sözlərinə görə, digər məhbuslar ona hörmətlə yanaşır, ondan öyrənirdilər. Ən əsası isə keşikçilər onu döymürdülər və işgəncə vermirdilər.

"Hətta barmaqlıqlar arxasında belə Oyub çoxumuza məsləhət verir, kömək edirdi. O, məhkəməöncəsi təcridxananın ümidi və …əfsanəsi idi. Çoxları ən azı onun səsini eşitmək istəyirdi”, – Muslim deyir.

2019-cu ildə həmin həbsxanadan buraxılan Titiyev Muslimin işi ilə bağlı bir çox detalı təsdiqləyib. Ancaq əlavə şərhlər vermək istəməyib.

Altı həftə sonra daha yaxşı həbsxanaya aparıblar

Muslim deyir ki, saxlanılmasından altı həftə sonra onu şəraiti daha yaxşı həbsxanaya aparıblar. Ona çay və su veriblər. Burada o ayaqyolundan istifadə edə və yuyuna bilirmiş.

İki həbsxana işçisi onun yanına gələrək etiraf sənədini imzalamasını tələb ediblər. Ona deyiblər ki, “yoxsa səni elə döyərik ki, özünü asmaq istəyərsən”.

2018-ci ilin yanvarında Muslimi zaminə buraxıblar.

Rəsmilər həyat yoldaşını ondan boşanmağa məcbur ediblər. Bu, Çeçenistanda geniş yayılmış praktikadır. Ona uşaqları ilə ünsiyyətdə olmağı qadağan ediblər.

Muslim 2022-ci ilin sonlarında Rusiyanı tərk etdiyini deyir. O indi, Rusiyadan kənarda olduğu üçün insanların diqqətini Çeçenistandakı həbsxana şərtlərinə cəlb etmək üçün danışdığını deyir.

XS
SM
MD
LG