Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 12:32

Rusiya daha 400 minlik səfərbərlik etmək istəyir


Rusiyada aprelin 1-dən müqaviləli hərbçilərin orduya yeni çağırışı keçiriləcək.

Müdafiə Nazirliyi bu məqsədlə regionlara çağırışçıların sayını göstərən təlimatlar göndərib.

AzadlıqRadiosunun Rus xidməti yazır ki, bu barədə məlumat verən bir neçə Rusiya mediası ümumilikdə toplanmalı olacaq heyətin sayının 400 min nəfər olacağını bildirir.

Bu da qeyd olunur ki, yeni çağırış üzrə əsas iş regional hərbi komissarlıqların üzərinə düşəcək, amma kampaniyanın yerinə yetirilməsi üçün məsuliyyəti qubernatorlar daşıyacaq.

Müdafiə Nazirliyinin planlarına görə, məsələn Çelyabinsk və Sverdlovsk vilayətlərindən peşəkar hərbi xidmətə 10 min, Perm vilayətindən isə 9 min nəfər cəlb olunmalıdır.

Bu da xəbər verilir ki, martın 14-dən Voronej vilayətində adamlara hərbi komissarlıqlardan çağırış vərəqələri göndərilib.

Ötən ilin sentyabrında Vladimir Putin “qismən” səfərbərlik elan edəndə də bu sxemdən istifadə olunmuşdu.

Region hakimiyyətləri bu tədbirin guya “sırf hərbi qeydiyyatın qaydaya salınması” məqsədilə keçirildiyini bildirirlər.

Könüllü olmaq təklifi

Lakin Rusiyanın bəzi medialarına bildirilib ki, sənədlərin yoxlanışı zamanı vətəndaşlara könüllü olaraq Ukraynaya getmək təklif olunacaq.

Amma ekspertlər bildirirlər ki, belə təklifləri adətən çarəsiz və “heç nə itirməli olmayan” marginallar qəbul edirlər.

"Вёрстка" saytı yazır ki, hərbi komissarlıqlar Rusiya ordusunda hərbi mütəxəssislərin qıtlığını aradan qaldırmağa çalışırlar. Məsələn, hazırda orduda zirehli maşın sürücülərinin və artilleriyaçıların çatışmazlığı var.

Lakin Kremlin sözçüsü Dmitri Peskov əvvəllər olduğu kimi indi də səfərbərliyin ikinci dalğasının keçirildiyini inkar edir.

Rusiyanın Ukraynada apardığı tammiqyaslı təcavüzkar müharibədə böyük itkilər verməsi ilə bağlı ikinci səfərbərliyin keçiriləcəyinə dair söz-söhbət ötən ilin sonlarından bəri dolaşır.

Bu barədə istər bəzi Qərb ölkələrinin, istərsə də Ukraynanın kəşfiyyatları müntəzəm məlumatlar veriblər.

Kreml isə bu kimi xəbərləri bir qayda olaraq danır.

Hələ 500 min nəfər də yığa bilər

Rəsmi rəqəmlərə görə ötən ilin sentyabrından indiyədək “qismən səfərbərlik” çərçivəsində hərbi xidmətə 330 min nəfər çağırılıb.

Ötən ilin oktyabrında müdafiə naziri Sergey Şoyqu “qismən səfərbərliyin” başa çatması barədə prezidentə məruzə etmişdi.

Putin də səfərbərliyin başa çatdığını demiş, amma bu barədə heç bir rəsmi sənəd imzalamamışdı.

Bu səbəbdən Rusiyada səfərbərlik faktiki olaraq dayanmadan davam edir.

Yanvar ayında Şoyqu qarşıdan gələn üç il ərzində Rusiya ordusundakı hərbçilərin sayının 1.5 milyon nəfərə çatdırılması planlarından danışmışdı.

Bunlardan yarısını müqaviləli hərbi xidmətçilərin təşkil edəcəyi düşünülür.

Və nəhayət bu həftə Dövlət Dumasına hərbi xidmət yaşının 27-dən 30-a çatdırılmasına dair qanun layihəsi təqdim olunub.

Britaniyanın The Times qəzeti bundan əvvəl Qərb kəşfiyyatındakı mənbələrə istinadən xəbər verirdi ki, Rusiya orduya daha 500 min nəfəri cəlb etmək imkanındadır.

XS
SM
MD
LG