Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 07:05

ABŞ Kiyevə hərbi dəstəklə bağlı sənəd sızmasını araşdırır


Baxmut yaxınlığı
Baxmut yaxınlığı

Ukraynanın şərqi Baxmut şəhərində Rusiya qüvvələri ilə döyüşlər davam edir. Ukrayna ordusu son 24 saat ərzində Rusiyanın cəbhədə “40-dan çox” hücum gerçəkləşdirdiyini bildirir.

ABŞ hökuməti isə özünün və NATO-nun gələn həftələrdə Ukraynanın mümkün əkshücumuna hərbi yardım planının detallarının sızmasını araşdırır.

Lıman, Baxmut, Avdiyevka və Mariinka ətrafında “amansız” döyüşlər gedir, Baş qərargah aprelin 7-də gündəlik brifinqdə bildirib.

AzadAvropa/AzadlıqRadiosu bu informasiyanı müstəqil təsdiqlədə bilməyib.

“The Kyiv Post” Twitter-də Mariinkanın fotolarını paylaşıb. Rusiya ötən ilin fevralında işğala başlayanda 10 min nəfərin yaşadığı şəhərdə kütləvi dağıntılar görünür.

Azı biri “çox məxfi” sənəddir

ABŞ Müdafiə Departamentinin sözçüsü Sabrina Sinq ( Sabrina Singh) aprelin 6-da axşam deyib ki, Vaşinqtonda Ukraynaya silah təchizatının detalları olan sənədlərin sosial mediada peyda olmasını araşdırır. Sızdırılan sənədlərdə batalyon tərkibi, digər həssas informasiya yer alıb.

“Sosial media postları haqda məlumatlardan xəbərimiz var, departament bu məsələni nəzərdən keçirir”, – Sinq vurğulayıb.

Azı beş həftə tarixi olan sənədlərin azı biri “çox məxfi” kimi işarələnib, Twitter və Telegram-da rusiyayönlü mənbələr tərəfindən dövriyyəyə buraxılıb.

Hərbi təhlilçilərin dediyinə görə, sənədlərin bəzilərinə dəyişiklik edilmiş kimi görünür, Ukraynanın itkiləri artırılıb, Rusiyanın itkiləri azaldılıb.

Sənədlərdə Ukraynanın HIMARS raket sistemləri və digər müasir silahlar üçün sursatlardan istifadəsi haqda məlumat var.

“Moskva üçün böyük çevriliş”

“The New York Times” sənəd sızmasını “Moskva üçün böyük çevriliş” adlandırıb, bunun “Ukrayna və Birləşmiş Ştatlar arasında kəşfiyyat paylaşımına ziyan vuracağını” yazıb.

“The Financial Times” aprelin 6-da yazıb ki, Birləşmiş Ştatlar, Almaniya və Macarıstan iyulda Vilnüsdə NATO-nun sammitində Kiyevə blok üzvlüyü üçün “yol xəritəsi” verməklə bağlı Polşa və üç Baltikyanı ölkənin təklifinin əleyhinədir. NATO xarici işlər nazirləri bu həftə Brüsseldə sammiti planlaşdırmaq məqsədilə bir araya gəliblər.

NATO 2008-ci ildə bildirib ki, Ukrayna müəyyən məqamda üzv ola bilər, ancaq o vaxtdan bu mövqedə dəyişiklik olmayıb. O zaman Birləşmiş Ştatlar Ukrayna üçün Üzvlük Fəaliyyət Planı istəsə də, Fransa və Almaniya buna qarşı çıxıb.

XS
SM
MD
LG