Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 16:13

Ermənistana casusluqda ittiham olunan azərbaycanlı qız: 'Onun erməni olduğunu bilməmişəm...'


Bakı Ağır Cinayətlər Məhkəməsi
Bakı Ağır Cinayətlər Məhkəməsi

Bakıda gənc qız dövlətə xəyanət ittihamı ilə məhkəmə qarşısına çıxarılıb. Fidan Əliyeva Ermənistana casusluqda, bu ölkənin xüsusi xidmət orqanının əməkdaşı vasitəsilə Azərbaycan haqda məlumatlar ötürməkdə ittiham olunur.

20-yaşlı Əliyevaya Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi ilə ittiham verilib. Bu maddənin sanksiyasında 20 ilə qədər və ya ömürlük azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub. Hərçənd, Azərbaycanda, qanuna görə, qadınlara, 65 yaşı tamam olan kişilərə ömürlük həbs cəzası verilmir.

Fidan Əliyevanı bir neçə ay öncə Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlayıb. Onun işinə hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Telegram-da tanış olduğu adamı rus zənn etdiyini deyir

AzadlıqRadiosunun əldə etdiyi məlumata görə, Laçın-Xankəndi yolunun Şuşa ərazisindən keçən hissəsində 2022-ci il dekabrın 12-dən başlanan və 138 gün davam edən etiraz aksiyasının iştirakçıları arasında Əliyeva da olub. Onun Telegram kanalı vasitəsilə tanış olduğu Ermənistan xüsusi xidmət orqanı əməkdaşına məlumatlar, video və fotoşəkillər göndərdiyi iddia edilir. Görüntülərin bir hissəsinin Bakının müxtəlif yerlərindən olduğu bildirilir.

Lakin Fidan Əliyeva özünü təqsirli bilmir. Deyir ki, Ermənistana casusluq etməsi haqda ittiham həqiqətəuyğun deyil. Çünki Telegram-da tanış olduğu adamı rus zənn edib. Onun sözlərinə görə, həmin şəxslə də məlumat ötürmək üçün yox, şəxsi məqsədlə tanış olub: "Əvvəl heç onun erməni olduğunu bilməmişəm. Məqsədim adi insan kimi tanışlıq olub. Başqa məqsədim – Azərbaycan barədə məlumat vermək niyyətim olmayıb".

Foto-video məsələsinə gəlincə, Əliyeva bildirib ki, qarşı tərəf ondan bəzən müəyyən yerlərdə görüntülərini çəkib göndərməsini istəyirdi, o da göndərirdi.

Əliyevanın işi üzrə məhkəmə araşdırmaları davam edir.

Xatırlatma

Ötən il dekabrın 12-dən Laçın-Xankəndi yoluna toplaşıb özlərini ekofəallar kimi təqdim edən Azərbaycan vətəndaşları növbəli aksiya keçirib, Qarabağdakı qızıl və mis yataqlarında monitorinq keçirilməsini tələb ediblər. Ermənistan tərəfi isə Azərbaycan hakimiyyətini bu aksiyanın arxasında durmaqda, Qarabağ ermənilərini blokadaya almaqda ittiham edirdi.

Azərbaycan aprelin 23-də Ermənistanla sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsi qurub, bunu Ermənistandan Azərbaycan ərazisinə qanunsuz silah daşınması ilə izah edib. Ermənistan bu ittihamı qəbul etmir, sərhəd-buraxılış məntəqəsinin qurulmasını üçtərəfli bəyanata zidd sayır.

Azərbaycan 2020-ci ildə müharibə nəticəsində Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. Həmin il üçtərəfli bəyanata (Azərbaycan, Ermənistan və Rusiya arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və Qarabağdakı təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Tərəflər sülh sazişi imzalamayıblar.

Azərbaycan və Ermənistan arasında Qarabağ münaqişəsi 1988-ci ildə başlayıb. 1994-cü ildə atəşkəs razılaşması imzalana qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal olunmuşdu.

XS
SM
MD
LG