Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:49

İranda vəkil etirazçıya qətlə görə kəsilmiş edam hökmünü ‘qanunsuz’ adlandırıb


Həm də Abbas Korkori kimi tanınan Mücahid Korkor
Həm də Abbas Korkori kimi tanınan Mücahid Korkor

İranda antihökumət etirazları zamanı öldürülmüş etirazçıların ailələrinin vəkili deyib ki, ötən ilin aksiyalarında saxlanmış şəxsə çıxarılmış edam hökmü qanunsuzdur.

Həm də Abbas Korkori kimi tanınan Mücahid Korkor İranın cənubundakı İze şəhərində 9 yaşlı Kian Pirfələkin və bir neçə başqalarının qətlində ittiham edilir.

Söhbət 2022-ci ilin etirazları zamanı hökumət qüvvələrinin etirazçılara atəş açması nəticəsində həlak olanlardan gedir.

Onlar 22 yaşlı Məhsa Əmininin polisdə ölməsinə etiraz olaraq aksiya keçirirdilər.

Deyilənlərə görə Əmini əxlaq polisinə hicab qaydasını pozduğuna görə gətirilmişdi.

“Qisas” tələb etməyiblər

Bir neçə qurbanın hüquqlarını müdafiə edən vəkil Xosrov Əlikordi X platformasında yazıb ki, Pirfələkin valideynləri Korkoru oğullarının qatili kimi tanımaq istəmirlər, ondan şikayətçi deyillər və “qisas” tələb etməyiblər.

Vəkilin sözlərinə görə məhz buna görə də Korkor barəsində çıxarılmış edam hökmü qanuni sayıla bilməz.

Kian Pirfələk etirazçılara divan tutulmasının rəmzinə çevrilib.

Onun atası zorakılıq zamanı ağır xəsarət almış və iki ay xəstəxanada qalmalı olmuşdu. O həftələrlə oğlunun ölümündən xəbərsiz idi.

Ailə hakimiyyətin iddiasını rədd edir

İran hakimiyyəti Korkoru hərbi tipli avtomat silahla Pirfələki və başqalarını öldürməkdə ittiham edir.

Halbuki Pirfələkin valideynləri israr edirlər ki, onların içərisində olduqları avtomobilə təhlükəsizlik qüvvələri tərəfindən atəş açılıb.

Uşağın atası – Meysam Pirfələk sağaldıqdan sonra yaydığı videoda oğlunun Korkor tərəfindən öldürülməsinə dair hakimiyyətin iddiasını rədd edib.

İranda Əmininin ölümündən sonra geniş yayılan etirazların ardınca edam hökmlərinin sayı kəskin artıb.

İran İnsan Haqları təşkilatı bildirir ki, 2023-cü ilin dekabrına olan məlumata görə bu il 700-dən çox edam edilən olub.

Amnesty International insan haqları təşkilatı bildirir ki, İran Çini çıxmaq şərtilə dünyada ən çox edam edən ölkədir.

XS
SM
MD
LG