Keçid linkləri

2024, 14 Noyabr, Cümə axşamı, Bakı vaxtı 10:48

Rusiya Ermənistanın silahla təchizatını bərpa edib


Andranik Koçaryan
Andranik Koçaryan

Rusiya silahlarının bir dəsti artıq Ermənsitana gətirilib.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, bunu Ermənistan Milli Məclisi müdafiə komitəsinin üzvü Qagik Melkonyan deyib.

O Azatutyuna deyib ki, silahlar bu yaxınlarda çatdırılıb.

Melkonyan söhbətin hansı silahlardan getdiyini bilməsə də, deyib ki, silahlar Ermənistana bundan əvvəl Moskva və Yerevan arasında imzalanmış razılaşma çərçivəsində verilib.

Azatutyun yazır ki, 44 günlük müharibədən sonra baş nazir Nikol Paşinyan da daxil Ermənistan hakimiyyəti gileylənirdilər ki, Yerevanın strateji müttəfiqi olan Moskvaya milyonlarla dollar ödənməsinə baxmayaraq, o Ermənistanın silahla təchizatını dayandırıb.

Ermənsitan müdafiə nazirinin müavini Hraçya Sarkisyan dekabrın əvvəllərində demişdi ki, Yerevan Rusiyanın dövlət silah istehsalçılarına 400 milyon dollar ödəsə də, silahları ala bilməyib.

Sarkisyan da söhbətin hansı silahlardan getdiyini deməyib.

Silahların həcmi və növü məlum deyil

Rusiyanın Ermənistanın silahlarla təchizatını bərpa etməsini parlamentin müdafiə komitəsinin sədri Andranik Koçaryan də təsdiqləyib:

"Hə, onlar bizə nəsə verirlər, amma bu imzalanmış müqavilələr və logistika sürəti baxımından bizim gözlədiyimiz həcmlərdə deyil. Amma mən əminəm ki, bu məsələ zamanında yoluna qoyulacaq. Mən bundan əminəm”.

Azatutyun yazır ki, Milli Məclis yanvarın 16-da Müdafiə Nazirliyindən Rusiyadan kontrakt əsasında alınmış silahların həcmi və növü haqqında müfəssəl məlumat tələb edib.

Ötən ilin dekabrında Rusiyanın Ermənistandakı səfiri demişdi ki, o hazırda Yerevanla hərbi-texniki əməkdaşlığa dair yeni müqavilələri müzakirə edir.

Azatutyunun yazdığına görə nazirlik Ermənistana silah dəstinin keçmiş, yoxsa yeni müqavilə əsasında gətirildiyinə dair sorğuya cavab verməyib.

Azatutyun yazır ki, Rusiya uzun illər boyu Ermənistanın əsas silah-sursat təchizatçısı olub. Lakin Ukraynada müharibə uzandıqca Yerevanla Moskva arasında da münasibətlər gərginləşib.

Ermənistan silah təchizatı üçün başqa ölkələrə üz tutub.

Bəzi məlumatlara görə Ermənistan 2022-ci ilin sentyabrından bəri Hindistanla 400 milyon dollarlıq müdafiə müqaviləsi imzalayıb.

2023-cü ilin oktyabrında Yerevan Parislə də iki silah müqaviləsi imzalayıb.

Azərbaycan ötən ilin sonlarında bir sıra ölkələri, o cümlədən Fransanı Ermənistanı silahlandırmaqla onu revanşa sövq etməkdə günahlandırmışdı.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub. Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa etmişdi.

Azərbaycan, Rusiya və Ermənistan arasında razılaşma ilə Laçın dəhlizinə və Qarabağda təmas xəttinə Rusiya hərbçiləri yerləşdirilib.

Bu il sentyabrın 19-20-də isə Bakı Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yeravan bunu “etnik təmizlənmə” və “təcavüz” kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib.

Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG