Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 20:25

Yerevanda etirazçılar hökumət binasını mühasirəyə almaq istəyiblər


Ermənistanda arxiyepiskop Baqrat Qalstanyanın başçılıq etdiyi etirazçılar mayın 30-da yenidən Yerevanın Respublika meydanına toplaşaraq hökumət binasını dövrəyə almağa çalışıblar.

Bu da xəbər verilir ki, həmin vaxt burda baş nazir Nikol Paşinyan növbəti hökumət müşavirəsini keçirirdi.

AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun yazır ki, etirazçılar Respublika meydanından keçən küçələri avtomobillərlə bağlayıblar. Polisin küçələri açmaq cəhdləri hələ ki, nəticə verməyib.

Etirazçılardan ibarət kütlə meydanı növbəti beş saat ərzində tərk etməyib.

Bununla belə etirazçılar polis və təhlükəsizlik qüvvələri tərəfindən güclü mühafizə olunan binanı tam mühasirəyə ala bilməyiblər.

Belə görünür ki, hökumət müşavirəsində iştirak edən rəsmilər və baş nazirin özü binanı arxa qapıdan tərk ediblər.

Paşinyan etirazlar barədə şərh verməyib

Azatutyunun yazdığına görə Paşinyan həftəlik müşavirədə etirazlar məsələsinə toxunmayıb. Müşavirədə Ermənistanın şimalındakı Tavuş və Lori rayonlarında bazar günü baş vermiş daşqınların nəticəsinin aradan qaldırılması tədbirləri müzakirə olunub.

Keşiş Qalstanyanın başçılıq etdiyi etiraz aksiyaları məhz Tavuş mərzində Azərbaycanın Qazax rayonuna aid dörd kəndin Azərbaycana qaytarılmasına görə başlanıb.

Qalstanyan əvvəlcə Ermənistan və Azərbaycan arasında demarkasiyaya etiraz edirdisə, indi faktiki olaraq bir tələblə - Paşinyanın istefası tələbi ilə çıxış edir.

Qalstanyan mayın 30-da keçirilən aksiyada baş naziri “yalançı və qorxaq” adlandırıb.

Ermənistan müxalifətinin əsas partiyaları Qalstanyanın etirazlarını dəstəklədiklərini bildiriblər.

Hökumət rəsmiləri etiraz iştirakçılarının getdikcə azaldığını bildirirlər.

Qalstanyan daha bir partiyanın lideri ilə görüşüb

Mayın 30-da bu da məlum olub ki, arxiyepiskop ötən gecə Firavan Ermənistan Partiyasının lideri, milyarder Qagik Tsarukyanla görüşüb.

Azatutyun yazır ki, Tsarukyan etirazları dəstəkləsə də, partiyasının bu hərəkata qoşulmaq istəyib-istəməməsi barədə heç nə deməyib.

Tsarukyanın sözçüsü deyib ki, görüşdə partiya liderinin daşqından zərər çəkənlərə yardımları məsələsi müzakirə olunub. Sözçü Tsarukyanın keşişin hərəkatını dəstəkləməsi barədə heç nə deməyib.

Baş nazir Nikol Paşinyan bundan əvvəl etirazların arxasında keçmiş prezident, müxalif Hayastan fraksiyasının başçısı Robert Koçaryanın olduğunu bildirmişdi.

Firavan Ermənistan Partiyası əvvəllər parlamentdə ikinci böyük fraksiya olsa da, 2021-ci il seçkisində bir mandat belə qazana bilməyib.

Tsarukyan 2020-ci ildə Paşinyanı tənqid etdikdən sonra korrupsiya ittihamları ilə həbs olunmuş, lakin qısa müddətdən sonra sərbəst buraxılmışdı.

Bundan əvvəl

Bir aya yaxındır ki, keçirdiyi etiraz aksiyaları ilə Paşinanın istefasını tələb edən keşiş Baqrat Qalstanyan dünən mayın 29-da daxili işlər nazirindən nazirliyin binasından çıxaraq onunla etirazçıların qarşısında söhbət etməsini tələb etmişdi.

Dediyinə görə o nazirlə Erməni Kilsəsinin başçısı – katolikos II Qareginə və onu müşayiət edənlərə polis tərəfindən güc tətbiq olunmasını müzakirə etmək istəyirdi.

Paşinyanın özü mayın 28-də baş vermiş insidentdə polisin hərəkətlərinə haqq qazandırmışdı.

Nazir Vahe Qazaryan isə köməkçiləri vasitəsilə keşişə çatdırmışdı ki, onunla yalnız öz kabinetində görüşə bilər. Keşiş Qalstanyan bundan imtina etmişdi.

Bunun ardınca Qalstanyan və tərəfdarları burada beş saata yaxın gözlədikdən sonra Daxili İşlər Nazirliyinin ətraflarını tərk etmişdilər.

Erməni Kilsəsinin Ali Ruhani Şurası mayın 7-də Ermənistanın sərhədyanı Tavuş mərzindən baş nazirin istefasını tələb etmək üçün Yerevana yürüş keçirən Baqrat Qalstanyanın hərəkatına rəsmən dəstək verdiyini bəyan etmişdi.

Ermənistanın əsas müxalifət partiyaları da arxiyepiskopun hərəkatına dəstək bildiriblər.

II Qaregin və Erməni Kilsəsinin başqa ruhaniləri 2020-ci il müharibəsindən dərhal sonra Nikol Paşinyan və onun hökumətinin istefasını tələb edən müxalifətə dəstək bildirmişdi.

Keçmiş prezident Robert Koçaryanın “Hayastan” fraksiyasının deputatları Nikol Paşinyana qarşı impiçment proseduruna hazırlaşdıqlarını deyiblər.

Lakin bunu etmək üçün müxalifət parlamentdə kifayət qədər mandata malik deyil.

Xatırlatma

1990-cı illərin əvvəllərində Qarabağ münaqişəsi Azərbaycan və Ermənistan arasında toqquşmalara səbəb olub.

Azərbaycanın Qarabağ bölgəsi, ətraf 7 rayonu işğal edilib.

2020-ci ildə 44 günlük müharibə nəticəsində Bakı həmin 7 rayona, Qarabağın isə bir hissəsinə nəzarətini bərpa edib. Regiona Rusiya sülhməramlı kontingenti yerləşdirilib.

Bakı bu il sentyabrın 19-20-də Qarabağda "lokal antiterror tədbirlər" elan edib. Yerevan bunu "etnik təmizlənmə" və "təcavüz" kimi dəyərləndirib.

Sentyabrın 20-də Qarabağ separatçıları Bakının şərtlərinə razılaşdıqlarını bildiriblər. Daha sonra Qarabağdan Ermənistana əhali köçü başlayıb.

Sentyabrın 28-də tanınmayan qurum fəaliyyətini dayandıracağını elan edib. Separatçı qurumun bir çox liderləri saxlanaraq Bakıya gətirilib.

XS
SM
MD
LG