Keçid linkləri

2024, 19 Dekabr, Cümə axşamı, Bakı vaxtı 16:06

Suriya kəşfiyyatının 6 səhifəlik planı



6 SƏHİFƏLİK PLAN...


Amerikanın MSNBC xəbər saytının jurnalisti Michael Isikoff Suriya hökumətinin ölkədə keçirilən etiraz aksiyalarına qarşı görüləcək tədbirlər barədə yazıb.

Müəllif 6 səhifəlik sənədin martın 23-də Suriya Kəşfiyyat Mərkəzində təşkil edilən bir təhlükəsizlik toplantısından sonra hazırlandığını qeyd edir.

Michael Isikoff yazır ki, 6 səhifəlik sənədin doğru olub- olmamasını ABŞ rəsmilərindən soruşub. Bəzi ABŞ rəsmiləri sənədlə tanış olduqlarını, ancaq bu barədə şərh vermək istəmədiklərini deyiblər.

Başqa bir ABŞ rəsmisi isə sənəddə təsvir edilənlərin dəqiq olmasını «güclü ehtimal» adlandırıb: «Əgər Suriya hökuməti rəqiblərini nüfuzdan salmaq üçün çirkin yollardan istifadə edirsə, bu, təəccüblü deyil».

«FACEBOOK»DA YAYILAN SƏNƏD

İsrailin Haaretz qəzeti isə yazır ki, sənəd ilk olaraq Suriya müxalifətinin əlinə keçib. Bundan sonra sənəd «Facebook»da «The Syrian Revolution 2011» qrupunda yayımlanıb.

Planda Suriya prezidenti Bəşər Əsədin rejiminə qarşı demokratiya tələbiylə başlayan etiraz aksiyalarının yatırılması üçün lazım olan tədbirlərin bəziləri açıqlanıb.

SƏNƏDDƏN BƏZİ ÇIXARILIŞLAR:

- Xalqımızın ən əhəmiyyətli simvolu Bəşər Əsədin imicini ləkələmək istiqamətli hərəkətlərə qarşı mərhəmət göstərilməyəcək.

- Xalqın mənfəətini güdməyəcək, müxalif etirazlar barədə xəbər yayan bütün media quruluşları qadağan ediləcək.

- Etiraz aksiyalarının Suriya xalqının nifrət etdiyi ölkələr - Səudiyyə Ərəbistanı, Livan, İsrael və Amerika tərəfindən təşkil edildiyi deyiləcək.

- Etiraz aksiyalarının keçirildiyi meydanlar polis tərəfindən kordona alınacaq, nümayişçilərin içinə mülki geyimli snayperlər daxil ediləcək. Bu snayperlər, gərginliyi artırmaq üçün polis və əsgərləri də vuracaq. Baş verən cinayət isə etirazçıların üzərinə atılacaq.

- Etiraz aksiyaları keçirilən yerlərdə elektrik və internet kəsiləcək. Aksiya zamanı əhəmiyyətli müxalif liderlər tutulub, lazım olsa öldürüləcək.

- Etirazlar kəskinləşərsə, ən çox 20 adam öldürülə bilər.

- Müxaliflərin yayımladığı etiraz aksiyaları videoları texniki qruplar tərəfindən montaj ediləcək, videolarda nümayişçilərin arasına montajla boş yerlər qoyulacaq. Video görüntülər bu şəkildə dövlət televiziyasında yayımlanacaq, müxalifətçilərin sayının azlığı deyiləcək.

- Dövlət vəzifələrində işləyənlərə və təhlükəsizlik əməkdaşlarının ailələrinə Suriya bayraqları və Bəşər Əsədin posterleri paylanacaq. Bu insanların maşınlardan ibarət uzun kortej halında hökumətə dəstək nümayişləri keçirilməsi təmin ediləcək. Bu avtomobil kortejlərinə qatılanlara təcili yardım siqnallarına bənzər yüksək səs qurğuları veriləcək.

- Suriya incəsənət adamları, hökumətlə bağlı olduqlarından əmin olduğumuz şəxslər etiraz bölgələrində hökuməti qane edən çıxışlar edəcək. Daha əvvəldən nəzarətə alınan məşhurlar bu cür çıxışlar etməyə məcbur ediləcək.

- Gəncləri hərbi komissarlığa çağıraraq etiraz aksiyalarına qatılacaqları təqdirdə hərbi xidmətə aparılacaqları qorxusu yaradılacaq.

- Nəzarətdən çıxan bölgələrdə təhlükəsizlik gücləri geri çəkiləcək, ərazidə xaos yaradılması üçün xüsusi adamlar göndəriləcək.

- Məktəblərdə «Facebook» və internetdən istifadə edən gənclərə təlimatlar və xəbərdarlıqlar ediləcək.

- Ölkə müxalifətinə ölkə daxilində nüfuzlu şəxslərlə görüşlərə icazə verməmək.

AKSİYALAR BİR AYDIR DAVAM EDİR...

Suriyada prezidentin istefası tələbi ilə keçirilən aksiyalar artıq bir aydır davam edir.

Fəallar martın 15-dən bu yana təhlükəsizlik qüvvələri ilə toqquşmada 130-dan çox, rəsmilərsə 30-a yaxın adamın öldüyünü deyir.

Aprelin 11-də Suriyanın Baniyas şəhərində hökumət qüvvələri ilə prezident Bəşər Əsədin istefasını tələb edən etirazçılar arasında toqquşma olub. Etirazçılardan 13 nəfər həlak olub.

Suriya dövlət televiziyası təhlükəsizlik qüvvələrinin 9 zabitinin öldürüldüyünü bildirib.
XS
SM
MD
LG