ANS fəaliyyətini bərpa etsə də, onun tezlikləri ilə bağlı keçirilən müsabiqə ləğv edilməyib. Ona görə də nəzəri olaraq bu müsabiqənin nəticələrinə görə, ANS-in fəaliyyətinin yenidən dayanması mümkündür. Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəhbəri Nuşirəvan Məhərrəmli də bildirib ki, ANS-in fəaliyyətinin bərpası ilə bağlı qərar onun lisenziya müddətinin uzadılması kimi başa düşülməməlidir: «Bilirsiniz ki, müsabiqəni udan tərəf qanunla altı ay ərzində fəaliyyət göstərməlidir. Boş tezlik qalmasın deyə və həm də xoş məram numayiş etdirərək biz bu qərarı vermişik».
ANS rəhbərliyi isə MTRŞ-ın bu qərarından sonra müsabiqədə iştirak etmək niyyətindədir. Baxmayaraq ki, onlar şirkətin fəaliyyəti dayandıqdan sonrakı günlərdə müsabiqəyə qatılmaq istəmədiklərini deyirdilər. ANS-in təsisçilərindən Seyfulla Mustafayev deyir ki, artıq vəziyyət dəyişib. Onun sözlərinə görə, ANS-in məqsədi lisenziya almaqdır. Əgər bu müsabiqə yolu ilə mümkün olursa, onlar bu yolla getməyə hazırdılar: «Biz tərəfdən çalışacağıq ki, problem olmasın. Çünki efirdə qalmaq istəyirik. Biz təcrübəli televiziyayıq. Tenderi udmaq bizə problem olmayacaq. Çalışacağıq ki, tutulan iradları da aradan qaldıraq».
ANS ətrafında hadisələrin bundan sonra necə cərəyan edəcəyi hüquqi baxımdan müsabiqədən aslıdır. Media Hüquqları İnstitutunun rəhbəri Rəşid Hacılı deyir ki, ANS nə qədər təcrübəli olsa da, onun bu müsabiqədə məğlub olması ən azı nəzəri baxımdan mümkündür: «ANS-lə peşəkarlıq baxımından indi müqayisə edilə biləcək televiziya yoxdur. Ancaq hüquqi baxımdan qərarı şura verəcək. Bu qərar necə olacaq, nə dərəcədə qanuni olacaq, biz onu indidən deyə bilmərik».
«Zerkalo» qəzetinin şərhçisi Rauf Mirqədirov isə deyir ki, əgər Milli Televiziya və Radio Şurası ANS-in fəaliyyətinin davam etdirilməsi ilə bağlı qərara gəlibsə və şirkət də müsabiqədə iştirak edirsə, onda deməli, tərəflər bu məsələ ətrafında yaranan problemi həll etmək istəyirlər. Ancaq onun sözlərinə görə, bu, ANS üçün bir tələ də ola bilər: «Bununla ən azı iki ay beynəlxalq təşkilatlar sərt reaksiyalarını dayandıracaqlar və hakimiyyət taym-aut götürəcək. Rəsmilər deyə biləcək ki, kompromis tapılıb, ANS tenderə gedir. Məsələnin bu şəkildə həlli hakimiyyətin tamamilə maraqlarına uyğundur».
Cənab Mirqədirov deyir ki, əgər sonradan ANS-in fəaliyyəti dayanarsa belə, bu, artıq hər hansı bir məmur qərarı kimi yox, tenderin nəticələri kimi izah ediləcək. Ancaq Rauf Mirqədirov bildirir ki, məsələnin başqa həlli yolları da mümkündür. Onun sözlərinə görə, nəticə müsabiqənin davam etdiyi müddətdə tərəflərin əldə edəcəkləri razılıqdan asılı olacaq. Ekspert hesab edir ki, bu danışıqlar nəticəsində müəyyən güzəştlər və ya təsisçilərin dəyişdirilməsi yolu ilə ANS-ə lisenziya verilməsi də mümkündür.
Hər halda bunlar təxminlərdir. Müsabiqəyə sənədlərin qəbulu dekabrın 5-də başlayıb. Şuradan bildirildiyinə görə, hələ heç kim müsabiqəyə rəsmi olaraq qatılmayıb. Sənədlərin qəbulu yanvarın 5-də başa çatacaq. Sonra isə bir ay ərzində sənədlərin araşdırılması davam edəcək. Hər halda yaxın iki ay ərzində ANS ətrafında yaranan məsələlərə müəyyən aydınlıq gələcək.