Keçid linkləri

2025, 18 Aprel, Cümə, Bakı vaxtı 01:07

Ticarət müharibəsi qızışır, Pekin ABŞ mallarına 84 faiz rüsum elan edir


Donald Tramp və Si Cinpin
Donald Tramp və Si Cinpin

Çinin Xarici İşlər Nazirliyi ABŞ-nin artıq tammiqyaslı ticarət müharibəsinə çevrilməkdə olan son tədbirlərinə reaksiya verərək bu ölkədən idxal olunan mallara 84 faiz rüsum tətbiq olunduğunu elan edib.

Pekin bu addımı Vaşinqtonun Çin mallarının idxalına tətbiq etdiyi 104 faizlik tarifin qüvvəyə mindiyi gün elan edib. Çinin yeni tarif qərarı aprelin 10-da qüvvəyə minəcək.

Dünyanın iki ən böyük iqtisadiyyatı arasında yüksələn tariflər ABŞ prezidenti Donald Trampın aprelin 2-də, demək olar ki, bütün dünyaya əlavə rüsumlar tətbiq etməsindən sonra nəzarətdən çıxmağa başlayıb.

"Əgər ABŞ iqtisadi və ticarət məhdudiyyətlərini daha da sərtləşdirməkdə israr edərsə, Çin bunun qarşısını almaq və sona qədər mübarizə aparmaq üçün qəti iradəyə və yetərli imkanlara malikdir", –Çin Ticarət Nazirliyi bəyanatında bildirib.

Pekin gərginliyi azaltmaq və Vaşinqtonla danışıqlara başlamaq üçün ilk addımı atmaq niyyətində olmadığını göstərdiyi üçün iki ölkə arasındakı ticarət müharibəsinin daha da böyüyəcəyi görünür.

Tariflərin iqtisadi təsirləri ilə bağlı narahatlıqlar artıq dünyanın bir çox fond bazarlarında düşüşlərə səbəb olub. 2020-ci ildəki COVID-19 pandemiyasından bəri ən pis birgünlük düşüşlər yaşanıb.

Uolt Stritin əsas göstəricisi olan "S&P 500" indeksi cəmi üç gün ərzində dəyərinin 10 faizindən çoxunu itirib və Asiya bazarlarında da kəskin düşüşlər müşahidə olunub.

Bu satış dalğası Çinin 9 aprel tarixli açıqlamasının ardınca da davam edib. Londonun "FTSE 100" indeksi və Frankfurtun DAX indeksi də əhəmiyyətli itkilərlə üzləşib.

İnvestorlar hətta ənənəvi olaraq "təhlükəsiz liman" hesab edilən ABŞ xəzinə istiqrazlarını belə satmağa başlayıblar.

Donald Tramp
Donald Tramp

"Arxamdan öpürlər"

Tramp bazarlardakı çaxnaşmaya baxmayaraq mövqeyində dəyişiklik etməyib. O, tarif siyasətini "dərman" adlandıraraq geri çəkilməyəcəyini bildirib. Aprelin 8-də Tramp deyib ki, ticarət tədbirləri nəticəsində tərəfdaş ölkələr yeni ticarət sazişləri üzrə danışıqlar üçün "ölürlər".

"Bu ölkələr bizə zəng edir, arxamdan öpürlər", – o, Respublikaçılar Partiyasının rəsmi ziyafətində çıxışı zamanı bildirib.

Aprelin 9-da isə ABŞ maliyyə naziri Skott Bessent Çinin son addımını kəskin şəkildə tənqid edib. "Çinlilərin əslində gəlib danışıqlar aparmaq istəməməsi təəssüf doğurur, çünki beynəlxalq ticarət sistemində ən pis günahkarlar onlardır", - Bessent "Fox Business Network"a müsahibəsində deyib.

Avropa İttifaqının tədbirləri

Sonuncu gərginlik Avropa İttifaqı (Aİ) ölkələrinin Brüsseldə toplaşaraq tariflərə qarşı blokun tədbirlərini müzakirə etdiyi bir vaxtda baş verib. ABŞ Aİ-yə 20 faiz rüsumlar tətbiq edib.

Aİ-nin AzadlıqRadiosu tərəfindən əldə edilən təklif layihələrində aprelin 15-dən başlayaraq konkret sektorlar üzrə genişmiqyaslı sanksiyalar üçün mərhələli tədbirlər yer alıb. Bu tədbirlər arasında ABŞ-dən idxal olunan polad, geyim və ərzaq kimi mallara 25 faiz rüsum tətbiq etmək yer alır, amma bu, burbon və digər alkoqollu içkilərə şamil edilmir. Bu istisna Aİ-nin ritorikanı yumşaltmaq və danışıqları bərpa etməyə yönəlmiş cəhdləri ilə əlaqələndirilir.

Aprelin 7-də Aİ-nin ticarət və iqtisadi təhlükəsizlik üzrə komissarı Maroş Şefçoviç ABŞ ilə işləməyin həm vaxt, həm də səy tələb edəcəyini bildirərək "gec və ya tez biz danışıqlar masasına oturacağıq" deyib.

Yazı AzadlıqRadiosunun aparıcı beynəlxalq müxbiri Rey Förlonq tərəfindən hazırlanıb.

XS
SM
MD
LG