Keçid linkləri

2025, 18 Aprel, Cümə, Bakı vaxtı 03:12

ABŞ mediasında işləyən xarici jurnalistlər repressiv ölkələrinə göndərilə biləcəklərindən qorxurlar


Azad Asiya Radiosu, AzadlıqRadiosu maliyyəsinin bərpa olunmasına çalışır.
Azad Asiya Radiosu, AzadlıqRadiosu maliyyəsinin bərpa olunmasına çalışır.

Yeddi il Tailandda gizlənən iki kambocalı jurnalist ötən il işçi viza ilə Birləşmiş Ştatlara gediblər. Onlar Azad Asiya Radiosunda obyektiv, faktlara əsaslanan xəbərlər verməklə məşğul idilər.

"The Associated Press" yazır ki, Vusi TaHor Hom indi ABŞ-də işlərinin, hüquqi statuslarının risk altında olduğunu deyirlər. Prezident Donald Tramp martın 14-də ABŞ Qlobal Media Agentliyində (USAGM) ixtisarlarla bağlı fərman imzalayıb. Azad Asiya Radiosu, Azad Avropa/Azadlıq Radioları, daha bir neçə media orqanı bu agentlik vasitəsilə maliyyələşir. Onlar dünyanın avtoritar idarəçilik altında olan, azad mətbuatın olmadığı yerlərinə senzurasız informasiya çatdırırlar.

İki azyaşlı övladını tək böyüdən Vusi deyir ki, Tramp administrasiyasının qərarı onun həyatını alt-üst edə bilər.

"Çox təəssüflənirəm ki, izləyicilərimiz daha doğru xəbər ala bilməyəcəklər", – bunu isə Hor söyləyib.

Tərcüməçi vasitəsilə danışan jurnalistlər təkpartiyalı, müstəqil mediaya düşmən kəsilmiş Kambocaya qayıtmağın mümkün olmadığını vurğulayıblar.

Administrasiya federal agentliklərin həcmini kiçildir, on minlərlə işçi işdən çıxarılıb, yaxud məzuniyyətə göndərilib.

Avtoritar jurnalistlərə meydan oxuyan jurnalistlər üçün isə bu qərar deportasiya, ölkələrində təqib deməkdir, - agentlik yazır.

Hazırda ABŞ-nin maliyyələşdirdiyi media orqanları ilə işləmiş 11 jurnalist müxtəlif ölkələrdə həbsdədir. Azad Asiya Radiosundan Şin Deve Myanmada terrorçuluğa dəstək ittihamı ilə 15 illik həbs cəzası çəkir.

Azad Asiya Radiosunun Vaşinqtondakı ofisi.
Azad Asiya Radiosunun Vaşinqtondakı ofisi.

84 jurnalist deportasiya ilə üzləşə bilər

USAGM-in ABŞ-də işçi vizası ilə çalışan azı 84 jurnalisti deportasiya ilə üzləşə bilər. Onlardan azı 23-ü "ölkəsinə çatarkən dərhal saxlanaraq həbs olunma kimi ciddi risklə üz-üzədir". Bunu Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) və 36 insan haqları təşkilatından ibarət koalisiya bildirib.

"Həyatlarını riskə ataraq öz ölkələrində repressiyanın miqyasını ifşa edən bu jurnalistləri tamamilə tərk etmək qəzəb doğurur", – RSF-in baş direktoru Tibo Brütten deyib.

"ABŞ Konqresi bu jurnalistin, eləcə də Konqresin özünün USAGM vasitəsilə maliyyələşdirdiyi media orqanları üçün məsuliyyəti üzərinə götürməlidir", – o, sözlərinə əlavə edib.

Agentlik konqresdən, eləcə də Ağ evdən şərh ala bilməyib.

Dövlət Departamenti bildirib ki, həbsdə olan jurnalistlərlə bağlı USAGM ilə işləyir, ifadə azadlığına görə jurnalistlərin haqsız həbsini pisləyir.

Azad Asiya Radiosu, AzadlıqRadiosu maliyyəsinin bərpa olunmasına çalışır.

Ötən il ABŞ AzadlıqRadiosunun Rusiyada həbs olunmuş jurnalisti Alsu Kurmaşevanın, "The Wall Street Journal"ın reportyoru Evan Qerşkoviçin azadlığa çıxmasına nail olub. Fevralda isə Tramp administrasiyası AzadlıqRadiosunun Belarus xidmətinin jurnalisti Andrey Kuzneçikin azad olunduğunu bəyan edib.

Hazırda AzadlıqRadiosunun Azərbaycan, Belarus, Rusiya və Rusiyanın işğalı altında olan Krımda, hərəsində biri olmaqla, həbsdə olan dörd jurnalisti var.

AzadlıqRadiosunun jurnalisti Fərid Mehralızadə "Abzas Media"ya qarşı cinayət işi üzrə təqsirləndirilsə də, özü və bu media orqanının jurnalistləri onların arasında əməkdaşlıq olmadığını deyirlər. F.Mehralızadə son 16 ayda həbs olunmuş jurnalistlər və fəallar kimi qaçaqmalçılıq və digər maddələrlə ittiham olunur. Onların hamısı həbslərini peşə fəaliyyətləri ilə əlaqələndirirlər.

XS
SM
MD
LG