Keçid linkləri

2024, 16 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 05:54

Tanpınar: 'Xalqımızı öz əlimizlə cahil qüvvəyə təslim etdik'


Ahmet Hamdi Tanpınar
Ahmet Hamdi Tanpınar

"Independent Türkçe" yazır ki, türk ədəbiyyatının güclü simalarından olan Ahmet Hamdi Tanpınar 1942-1946-cı illər arasında CHP-dən millət vəkili olub. Ancaq Məclisdə olduğu müddətdə az qala tərəfsiz siyasət yürütdüyü üçün partiyasının gözündən düşüb.

Ahmet Hamdi Tanpınarın roman və hekayələrində avtobioqrafik məqamlar olsa da, birbaşa öz həyatını yazdığı işi "Antalyalı Genç Kıza Mektup" adlı qısa essesidir.

Atası qazı olduğu üçün uşaqlığı Siirt, Diyarbəkir, Kərkük və Antalya kimi maraqlı yerlərdə keçmişdi. Kərkükdə anasını itirmiş, İstanbulda isə bütün estetik anlayışını dərindən sarsıdan müəllimi Yahya Kemal Beyatlı ilə tanış olmuşdu.

Şeirləri dərin təəssürat yaratsa da, Tanpınara əsl şöhrəti roman, hekayə və publisistik yazıları qazandırıb.

"Dünyəviliyimizi elan etdik, fəqət dünyəvi ola bilmədik"

Türkiyədə tanınmış ədəbiyyatşünaslar Tanpınarın romanlarına çox böyük dəyər verirlər. Ancaq yazıçının ən önəmli əsərinin "Saatleri Ayarlama Enstitüsü", yoxsa "Huzur" romanı olduğu barədə yekdil fikrə gələ bilmirlər.

Ancaq Tanpınar həyatda ikən istər oxucuları, istərsə də ədəbiyyat çevrəsindən gözlədiyi diqqəti görməyib.

1946-cı ildən sonra bir daha millət vəkili ola bilməyən Tanpınara görə, CHP-nin ən böyük səhvlərindən biri din mövzusundakı yanlış xəttidir. Yazarın bununla bağlı yazdıqlarından: "Din məsələsinə laqeyd qalmaq olmazdı. …Biz xalqımızı öz əlimizlə cahil qüvvəyə təslim etdik. Dini bir cənazə basdırma məsələsi etdik. Türkiyə müsəlmandır; bu həqiqəti unutduq. Dünyəviliyimizi elan etdik, fəqət dünyəvi ola bilmədik. …Buna görə ziyalı köksüz qaldı. Hər şeyi yerinə yenisini qoymadan zədələdik. Bu da sizə Xalq Partiyasının macərası...".

Əbəs işlər

Yazar 1960-cı il çevrilişindən sonra yazdığı "Halk Partisi'nin Kabahatleri" gündəliyi ilə içində yaşadığı siyasi atmosferi tənqid edir və CHP-ni sorğulayır: "Həqiqət budur ki, biz sadəcə əbəs işlərdə israr etdik. Kiçik hadisələri inqılab və irəliləmə sandıq. ...Dil inqılabı, arxasından ziyalı inflyasiyası və bütöv bir konformizm... Kadrsızlıq... Xaricə çox adam göndərə bilməmək...".

Tanpınar romanlarını yazarkən bütün mövcud qəlibləri dağıtması ilə tanınır. Onun hekayə və romanlarında yaratdığı personajlar yalnız özləri deyil. Onlar mütləq özlərindən başqa şeyləri də təmsil edir.

Məsələn, "Mahur Beste" romanındakı Behçet Bey personajı romanın bütün digər personajlarının zəif və pis yönlərinin toplusudur. Əsərdəki hər kəs baş qəhrəman Behçet Beyin cindən çıxardığı adamlar kimidir. Bu personajlar mütləq öz içlərində Behçet Beydən bir parça daşıyırlar.

Mərkəzdə mənfi qəhrəman

"Sahnenin Dışındakiler" romanında Sabiha personajı da bu mənada Behçet Beyi xatırladır. Behçet Bey əslində mənfi qəhrəmandır. Müsbət qəhrəman mərkəzli əsərlər oxumağa öyrəşmiş oxucu bu romanda mərkəzdə mənfi qəhrəmanı görür. Ancaq həm də Tanpınar onu elə yaradıb ki, oxucu Behçet Beyə "pis adam" deyə bilmir. Hətta müəllifin özü belə ondan şikayətçi ola-ola ona qəzəblənmir.

"Saatleri Ayarlama Enstitüsü" əsərində Tanpınar Hayri İrdal, Halit Ayarcı və Doktor Ramiz kimi kult personajlarla "dəyişərək davam edən, davam edərək dəyişən" cəmiyyətin parodiyasını yaradıb.

"Huzur" romanında isə Tanpınar son dərəcə narahat bir personaj olan Mümtazın keçirdiyi böhranlardan bəhs edir. Diqqətlə baxanda oxucu Mümtazın bir çox məsələdə Tanpınarın özünə bənzədiyini görür.

Tanpınarın dili aldadıcı və ironikdir. Üstəlik, bir sonluğa yetişmədən suallar və bitməmiş sonluqla qarşılaşır. Bəzi əsərlərdə isə oxucu özünü əsl röyanın içində tapır. Tanpınarın zəngin xəyal dünyasının qapılarını bir dəfə aça bilən oxucu o qapıdan əliboş qayıtmır.

XS
SM
MD
LG