Almaniya Xristian Demokratlar İttifaqının (CDU) lideri Fridrix Merts yeni koalisiya hökumətinin formalaşdırılması ilə bağlı danışıqların başa çatdığını elan edərək yeni hökumətin mayın əvvəlində fəaliyyətə başlamağı planlaşdırdığını bildirib.
Merts Rusiya prezidenti Vladimir Putinin Ukraynada davam edən işğalına və ABŞ-nin tariflərinə istinad edərək koalisiya danışıqlarının "artan beynəlxalq siyasi gərginlik" fonunda baş tutduğunu qeyd edib.
"Rusiya təcavüzkarı - Putin müharibəni bitirməyə və silahların susmasına icazə verməyə hazır olmadığını göstərir. Eyni zamanda, iqtisadi qeyri-müəyyənliklər hədsiz dərəcədə artır. Elə bu həftə ABŞ hökumətinin qərarları yeni təlatümlərə səbəb olub", - Merts deyib.
Merts maliyyə naziri olacağı gözlənilən Lars Klinqbaylın başçılıq etdiyi Sosial Demokrat Partiyası (SPD) ilə koalisiyada Almaniyanın yeni kansleri olacaq.
Ukraynaya dəstək
Yeni hökumət elan edilən kimi onun 144-səhifəlik siyasət planı dərc olunub və sənəddə Ukraynaya güclü dəstək vədi ifadə edilib.
"Biz Ukraynanın Rusiya təcavüzünə qarşı özünü effektiv şəkildə müdafiə edə bilməsi və danışıqlarda mövqeyini qoruyub saxlaması üçün hərtərəfli dəstək göstərəcəyik", - sənəddə deyilir.
Hazırkı kansler Olaf Şolts 2022-ci ildə Rusiyanın genişmiqyaslı işğalından bəri Ukraynaya hərbi və iqtisadi yardımın əsas təminatçılarından biri olub.
Müxalifət lideri olduğu dövrdə Merts hökuməti bu sahədə daha çevik və cəsarətli olmağa çağırırdı. Lakin bunun praktiki baxımdan nə ifadə edəcəyi hələ ki, aydın deyil.
Yeni hökumətin Almaniyanın müdafiə büdcəsini əhəmiyyətli dərəcədə artıracağı da gözlənilir, lakin bu artımın dəqiq miqdarı hələ açıqlanmayıb. Merts hələ vəzifəyə başlamamışdan əvvəl Almaniya parlamentindən konstitusiya islahatını keçirə bilib. Bu islahat hökumət borcuna tətbiq olunan sərt məhdudiyyətlərin artıq müdafiə xərclərinə şamil olunmamasını təmin edir.
"Hazırda təhlükəsizliyimiz Soyuq müharibənin bitməsindən bəri heç vaxt olmadığı qədər təhdid altındadır. Ən böyük və birbaşa təhlükə Rusiyadan gəlir", – yeni koalisiyanın siyasət sənədində qeyd olunur.
Trampın tarifləri
Siyasət planında ABŞ prezidentindən bəhs edilmir. Lakin Merts xarici jurnalistin ABŞ ilə münasibətlər barədə sualına cavab verərkən deyib: "Donald Trampa mesaj budur: Almaniya yenidən öz yolundadır, Almaniya müdafiə sahəsində öz öhdəliklərini yerinə yetirəcək".
ABŞ-nin tətbiq etdiyi tariflərlə bağlı suala cavabında isə Merts qeyd edib ki, Avropa bu məsələyə birgə cavab axtarmalıdır. Onun bu açıqlaması Avropa İttifaqı ölkələrinin bir sıra əks-tədbirlər — o cümlədən, 15 apreldən etibarən ABŞ-dan idxal olunan müəyyən mallara mərhələli tariflərin tətbiqinin razılaşdırılmasından bir neçə saat sonra gəlib.
Merts ömrü boyu transatlantik tərəfdarlarından biri olub və dörd il ABŞ-nin investisiya şirkəti "BlackRock"da çalışıb. Fevralda keçirilən seçkilərdə qələbə qazandıqdan sonra, Avropa ilə yeni ABŞ administrasiyası arasında münasibətlərin gərgin başladığı bir vaxtda o bildirib ki, Avropa müdafiə sahəsində Vaşinqtondan "müstəqillik" qazanmalıdır.
Bununla belə, koalisiya sazişində ABŞ ilə münasibətlərin "mütləq əhəmiyyət daşıdığı" vurğulanır: "Ticarət siyasətində biz bütövlükdə Şimali Amerika ilə sıx əməkdaşlığa can atırıq. Transatlantik iqtisadi məkan qlobal rəqabətdə uğur qazanmaq üçün ən yaxşı şərtləri təqdim edir".
İranın nüvə proqramı
Yeni hökumətin siyasət planında həmçinin Almaniyanın İranın nüvə proqramına son qoymaq üçün Vaşinqton və digər Qərb tərəfdaşları ilə işləmək öhdəliyi bir daha təsdiqlənir.
"Biz İran rejiminə qarşı beynəlxalq sanksiyaları dəstəkləyirik və İslam İnqilabı Keşikçiləri Korpusunun Aİ-nin tanıdığı terror təşkilatları siyahısına salınmasına təkan verəcəyik", - sənəddə bildirilir.
Yeni hökumətin daxili prioritetləri arasında isə iqtisadi islahatlar vasitəsilə iqtisadi artımı stimullaşdırmaq və qanunsuz miqrasiyaya qarşı sərt tədbirlər görmək vədləri yer alır.
Yeni koalisiyanın formalaşması üçün SPD və CDU-nun ali rəhbərliyi tərəfindən təsdiqlənməsi tələb olunur. Bundan sonra isə hökumət parlamentdə etimad səsverməsindən keçməlidir.