AzadlıqRadiosu Tatar-Başqırd xidmətinin jurnalisti Alsu Kurmaşevaya qarşı daha bir cinayət işi qaldırılıb.
Jurnalist indi də Rusiya ordusu barədə saxta xəbərlər yaymaqda ittiham olunur.
Bu ittihama AzadlıqRadiosu Tatar-Başqırd xidmətinin ötən ilin noyabrında buraxdığı kitab əsas kimi götürülüb.
“Müharibəyə yox deyək! Ukraynaya müdaxiləyə qarşı çıxış edən 40 rusiyalının hekayəti” adlı kitabda Volqaboyu sakinlərinin əhvalatları toplanıb.
Bu hekayətlər 2022-ci ilin martından avqustunadək AzadlıqRadiosunun saytında dərc olunub.
İstintaqın versiyasına görə Alsu Kurmaşeva bu kitabın yayılması ilə bağlıdır.
AzadlıqRadiosu prezidentinin əvəzi Cefri Gedmin Rusiya hakimiyyət orqanlarının jurnalistə qarşı yeni ittihamı ilə bağlı bəyanat verib:
"Biz Rusiya hakimiyyətinin Alsuya qarşı əlavə ittiham qərarını qətiyyətlə pisləyirik. Jurnalistika cinayət deyil. Bu qəddar təqibə son qoymağın vaxtı çatıb. Alsu artıq 56 gündür ki, ədalətsiz olaraq həbsdədir və ailəsindən ayrı salınıb”.
Bu Kurmaşevaya qarşı artıq 3-cü cinayət işidir. Oktyabr ayında Kazan məhkəməsi onu ikinci vətəndaşlığını bəyan etməməkdə ittiham edərək 10 min rubl cərimə edib.
Hazırda Kurmaşeva “xarici agent” qanununu pozmasına görə açılmış cinayət işi ilə bağlı təcridxanadadır.
Dekabrın 12-də Tatarıstanın Ali Məhkəməsi Alsunun təcridxanada saxlanmasına dair qərar qəbul edib.
Jurnalistin vəkilləri onun barəsində həbs qətimkan tədbirinin həbsdən fərqli tədbirə dəyişdirilməsi üçün vəsatət vermişdilər.
Məhkəmə bu vəsatəti rədd edib və mövcud qərarı dəyişməyib.
Bundan əvvəl
Kurmaşeva təcridaxanada 2023-cü ilin oktyabrından saxlanır. İstintaq hesab edir ki, jurnalist “xarici agent” olmasını özü bəyan etməli və adının “xarici agent” siyahısına salınması üçün Ədliyyə Nazirliyinə özü müraciət etməli idi.
Bu Rusiyada xarici agent qanununun ilk dəfə praktikada tətbiqi hadisəsidir. Kurmaşeva təqsirsiz olduğunu deyir.
İnsan haqları müdafiəçiləri Rusiya hakimiyyətini jurnalistə qarşı təqiblərini dayandırmağa və onu dərhal azad etməyə çağırırlar.
Rusiyanın Memorial təşkilatı Kurmaşevanı “siyasi məhbus” elan edib.
Çexiyanın Praqa şəhərində AzadlıqRadiosunun Tatar-Başqırd xidmətində işləyən Kurmaşevanın həm ABŞ, həm də Rusiya vətəndaşlığı var. O, Rusiyaya mayda ailəsində yaranmış təcili vəziyyətə görə gedib.
Onu iyunun 2-də Kazan aeroportunda uçuşu gözləyərkən müvəqqəti saxlayaraq ABŞ və Rusiya pasportlarını müsadirə ediblər, jurnalist o vaxtdan Rusiyadan çıxa bilməyib.
Beynəlxalq reaksiyalar
Azad Avropa/Azadlıq Radiolarının jurnalisti Alsu Kurmaşevanın Rusiyada saxlanması insan haqları qrupları və siyasətçilərin tənqidinə səbəb olub. Onlar bu addımın müharibə dövrü senzurasının yeni həddi ilə bağlı siqnallar göndərdiyini deyirlər.
"Alsu Kurmaşevanın təqib olunması Rusiyada jurnalistika və ifadə azadlığı hüququna amansız hücumun nümunəsidir", – "Amnesty International" insan haqları qrupunun Şərqi Avropa və Orta Asiya üzrə direktoru Mari Struters (Marie Struthers) bildirib.
"Bu, həmçinin media peşəkarlarının qısnanmasında narahatedici eskalasiyanı göstərir, çünki ilk dəfədir bu ittihamla jurnalist peşə fəaliyyətinə görə birbaşa hədəfə alınır, ona beş illik həbs riski yaradır", – o, sözlərinə əlavə edib.
BMT-nin İnsan Haqları Ofisi, Jurnalistləri Müdafiə Komitəsi, ABŞ Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri də Kurmaşevanı dərhal buraxmağa çağırıb.
Bundan əvvəl “Sərhədsiz reportyorlar”, “Jurnalistikada qadınlar koalisiyası”, Jurnalistlərin Müdafiəsi Komitəsi və daha 12 təşkilat ABŞ dövlət katibi Antoni Blinkenə müraciət edərək onu “prosesi sürətləndirməyə”, AzadlıqRadiosu Tatar-Başqırd xidmətinin jurnalisti Alsu Kurmaşevanın “qanunsuz saxlanmış şəxs” elan edilməsinə çağırıb.
Amerika vətəndaşının “qanunsuz saxlanmış şəxs” kimi tanınması ABŞ hakimiyyətindən onun azad edilməsi üçün rəsmi tədbirlər görülməsini tələb edərdi.
Yəni bu halda ABŞ Rusiya hakimiyyətindən öz vətəndaşının azad olunmasını tələb edə bilərdi.
ABŞ, Kanada, Çexiya, Fransa, Polşa və İsveç hökumətləri, habelə Avropa İttifaqının xarici işlər komissarı, Avropa Parlamentinin rəhbərliyi, ATƏT, BMT-nin insan haqları üzrə ali komissarı Alsu Kurmaşevanın saxlanmasını pisləyiblər.