Keçid linkləri

2025, 09 Yanvar, Cümə axşamı, Bakı vaxtı 14:33

'Dedilər ki, Oyunların keçirildiyi yerlərdə gözə görünməyim'


Aşqabad Olimpiya stadionunda rəsmi mərasim.
Aşqabad Olimpiya stadionunda rəsmi mərasim.

Sentyabrda Türkmənistanda qapalı məkanlarda döyüş sənəti üzrə Asiya oyunları baş tutacaq. Bununla bağlı Aşqabad polisi keçmişdə məhkum olunmuş sakinlərə xəbərdarlıq edib. Onlara Olimpiya şəhərciyinin və Asiya oyunlarına ayrılmış küçələrin yaxınlığında görünmək yasaqlanıb. AzadlıqRadiosunun türkmən xidmətinə bu məlumatı yerli mənbələr verib.

KEÇMİŞ MƏHKUMLARIN EVLƏRİNƏ GEDİRLƏR

Mayın əvvəlindən Aşqabaddakı keçmiş məhkumları polis idarəsinə dəvət edərək, onlara Asiya oyunları çərçivəsində tədbirlərə getməyin yasaqlandığını dair xəbərdarlıq edilib. Məlumatı yayan «Türkmənistan Xronikası» agentliyi bildirir ki, polis əməkdaşları əvvəllər məhkum olunmuş şəxslərin evinə gəlir, onların nə ilə məşğul olması, hansı vəsaitlə dolanması, asudə vaxtlarını harada və necə keçirməsi ilə maraqlanır, onların şəklini çəkirlər.

AzadlıqRadiosunun yerli mənbələri də keçmiş məhkumlarla bağlı nəzarətin gücləndirildiyini təsdiqləyirlər. Adının çəkilməsini istəməyən 52 yaşlı Aşqabad sakini bildirir ki, polis idarəsində onu sorğu-sual edəndən sonra Olimpiya şəhərciyinin və tədbirlərdən ötrü ayrılmış küçələrin yaxınlığında görünməyi qadağan ediblər.

«Məndən soruşdular ki, «nəylə dolanırsan, boş vaxtında nəylə məşğul olursan, niyə bu günə qədər işə düzəlməmisən». Sonra da dedilər ki, Asiya oyunlarının keçirildiyi yerlərdə gözə görünməyim: «sən etibarı itirmiş adamsan, əgər Olimpiya şəhərciyinin yaxınlığında cinayət törədilsə, birinci növbədə səndən haqq-hesab soruşacaqlar», –həmin mənbə AzadlıqRadiosunun türkmən xidmətinə bildirib.

Həbsxana
Həbsxana

«BİZİ ALÇALDIRLAR»

Mənbə həmçinin vurğulayıb ki, polis əvvəllər məhkum olunmuş şəxslər haqqında bilgi toplamaq üçün onların qonşuları və tanışları ilə söhbət edir.

«Qonşularımıza belə suallar verirlər: Qonşun özünü normal aparır? Səncə, o, cinayət tərkibli bir işlə məşğuldur? Evinə kim gəlir? Gecələr evində olur? Bütün bunlar bizi alçaldır. Onsuz da törətdiyimiz cinayətlərə görə özümüzü uşaqlarımızın qarşısında günahkar hiss edirik. Çox ağırdır. Onlarsa bizə belə deyirlər: «müftə yeməyə utanmırsan?». Ondansa bizi işlə təmin edərdilər», – deyə paytaxt sakini gileylənir.

Əvvəllər məhkum olunmuş şəxslərə nəzarət tədbirlərinə dair rəsmi məlumat əldə etmək mümkün deyil. Rəsmi mənbələrdə nə əvvəllər məhkum olunmuş şəxslərin, nə də hazırda həbsdə olan vətəndaşların dəqiq sayını göstərən statistika var.

Aşqabad polis idarəsinin adının çəkilməsini istəməyən əməkdaşının sözlərinə görə, Türkmənistan paytaxtında əvvəllər məhkum olunmuş şəxslər üzərində nəzarət tədbirləri bu ilin əvvəlindən gücləndirilir.

100 MİN NƏFƏRƏ 583 MƏHKUM

Beynəlxalq təşkilatların araşdırmalarına görə, Türkmənistan adambaşına məhkum sayına görə dünyada ilk yerləri tutur. ABŞ-ın «Prison Policy Initiative» qeyri-hökumət təşkilatının 2016-cı ilin iyulunda açıqladığı hesabatda Türkmənistan məhkumların sayının əhalinin ümumi sayına nisbətinə görə dünyada ikinci yerdədir. Ölkədə hər 100 min sakinə 583 məhkum düşür.

Həbsxanaların öyrənilməsi üzrə beynəlxalq mərkəzsə bildirir ki, Türkmənistanın islah müəssisələrində hazırda 25 min adam cəza çəkir. Bu isə əhalinin hər 100 min nəfərinə 500-dən artıq məhkum deməkdir.

2007-ci ildən Türkmənistanda hər il prezident Gurbanguly Berdymukhammedov-un sərəncamıyla əfv aksiyaları gerçəkləşir. Bir qayda olaraq, məhkumları milli bayramlar və əlamətdar günlər ərəfəsində həbsdən azad edirlər.

XS
SM
MD
LG