Keçid linkləri

2024, 16 Noyabr, şənbə, Bakı vaxtı 11:40

Astarada kredit borcu olan ailənin şikayəti


Xalid Məmmədov
Xalid Məmmədov

Astara rayonu Ərçivan qəsəbə sakini Xalid Məmmədov deyir ki, atası Vaqif Məmmədov bu ilin aprelində 65 yaşında vəfat edib, amma ona iş yerindən çatası pulu ala bilmirlər.

Onun əlavə etməsinə görə, atası cəmi iki ay pensiya ala bilib və o da müalicəsinə xərclənib: "Müalicəsi böyük pul istəyirdi. Bankdan kredit götürdü. Müalicə düz getmədi. rəhmətə getdi. Atam Astara Uşaq-Gənclər Yaradıcılıq Mərkəzində müəllim işləyib, mədəniyyət sahəsində çalışıb, rayon icra hakimiyyəti başçısının birinci müavini olub. 20 ilə yaxın idi ki, müəllim işləyirdi. Dəfn pulunu - 500 manatı aldıq. İş yerindən veriləcək pulunu isə ala bilmirik".

"Hara lazımdır şifahi və yazılı müraciət etmişəm"

X.Məmmədov xatırladır ki, qanunvericiliyə əsasən, ölən adamın keçmiş iş yerindən əməkhaqqının üç misli ailəsinə verilməlidir: "Hara lazımdır şifahi və yazılı müraciət etmişəm. Astara-Lənkəran regional təhsil şöbəsinə, prezidentə, Elm və Təhsil Nazirliyinə məktub yazmışam. Cavab yoxdur. Get-gələ salırlar. İnanın ki, yorulmuşam. Desələr, gözləyin, gözləyərəm. Heç nə demirlər".

Onun sözlərinə görə, kredit alınan bankda da olub: "Bank dedi ki, krediti ödəməlisiniz, ödəməsəniz, məhkəməyə verərik, sizin üçün ağır keçər. Əlimə pul gələndə hər dəfə 50-60 manat ödəyirəm. Belə başa düşdüm ki, qanunlar işləmir".

V.Məmmədovun qardaşı Fəxrəddin Məmmədov isə hesab edir ki, bank borcları pensiya sığortasından ödənilsə, yaxşı olar: "Qardaşım xəstə yatdı. Belində yırtıq var idi. Onu əməliyyat edəndən sonra dünyasını dəyişdi. Yanvarda 65 yaşı tamam oldu, pensiyaya çıxdı".

"Dedilər ki, belə bir mexanizm yoxdur"

F.Məmmədovun deməsinə görə, qardaşı işdən çıxmamışdı: "Cəmi iki ay pensiya ala bildi. Qardaşımın pensiya sığortası yığılıb qalıb. Dedik ki, heç olmasa, bu pulla bankın borcunu ödəyək. Dedilər ki, belə bir mexanizm yoxdur. İndi oğlu onun bank borcunu ödəyir. Heç olmasa, sığorta pulunun bir hissəsini ailəsinə verin, öz problemlərini həll etsinlər. Dedilər ki, azyaşlı uşağı olsaydı, verilərdi".

X.Məmmədov deyir ki, belə bir vəziyyətdə məhkəməyə müraciət də məsrəf tələb edir: "Pulu haradan gətirim?! İnanmıram ki, məhkəmə çəkişməsi müsbət nəticə versin. Ümid edirəm ki, şikayətimi eşidəcəklər".

Rəsmi cavab...

Astara-Lənkəran təhsil şöbəsinin Astara sektorundan bildiriblər ki, sənədlər Maliyyə Nazirliyinə göndərilib: "Dünyasını dəyişmiş daha bir müəllimin ailəsinə pul ödənməlidir, o da qalıb. Maliyyə Nazirliyi haçan vəsait ayırsa, biz ödəyəcəyik".

Məsələ ilə bağlı Maliyyə Nazirliyi ilə danışmaq mümkün olmayıb.

XS
SM
MD
LG